Robot hökumət

Hər şey uğurla davam edir, dövlətimiz və millətimiz varlanmaqdadır! Mən bu qənaətə I.Əliyevin hökumətin növbəti hesabatına həsr olunmuş çıxışına bir azca qulaq asandan sonra gəldim. Ona görə “bir azca” deyirəm ki, bu çıxış dinləyicidən böyük səbr və dözüm tələb edir, inanmıram ki, kimsə onu axıra qədər dinləmiş olsun. Hər üç aydan sonra bu “çıxışlar” təkrarlanır. Bəlli olur ki, bütün işlərimiz qaydasındadır, bircə problemimiz var ki, o da erməni separatçılarıdır. Onların da məsələsini həll edə bilərik, sadəcə özümüz bunu istəmirik! Bəli, istəmirik, istəsək bircə günə bu problemin də axırına çıxmaq üçün bütün resusrlarımız var. Olsun! Bunu təkrar-təkrar eşitmək xoşdur. O qaranlıq qalır ki, bəs niyə istəmirik? Yəqin hökumətin rüblük hesabatlarının birində prezident, nəhayət, buna da aydınlıq gətirəcək. Bu çıxışdan mənə bir detal da maraqlı göründü. O da elektron hökumətə keçidin sürətləndirilməsi idi. Lap xəyala qapıldım. Təsəvvür edin, bütün məmurlar, nazirlər hamısı bir nəfər kimi robotlarla əvəz olunur! Hər yerdə robotlar qoyulur. Bunlar indi bir qədər qeyri-adi görünür. Lakin bir vaxt fantastlar belə şeylər yazırdılar. Bir məsələ ağlıma gəldi ki, korrupsiyanın kökünün kəsilməsinin yeganə yolu o robotlardadır. Yoxsa canlı insan həmişə yaşıl əskinaslar görəndə özünü bir az itirəcək. Robota nə var ki? O dəmirdəndir, kağız qarşısında əyilməz. Özü də robotlar tək bizə lazım deyil, onları bütün MDB-də yerləşdirmək lazımdı və bu, çox xeyirli iş olar. Inanın, mən D.Medvedevin, V.Putinin sərvəti haqda oxuyanda az qaldı ki, ağlayım… yazıq insanlar, bunlar hələ də “QAZ-21″ və ”NIVA” sürürlər. Həm də Xodorkovskiyə yazığım gəldi. O kişi nədən həbsə atılmışdı? Putinin bəlkə də bir milyard dollar pulu var. Amma gör özünü öz xalqına necə təqdim edir! Adam bilmir, Putinin halına acısın, yoxsa rusların!
Bundan sonra gəl şəffaflıqdan, açıq iqtisadiyyatdan danış! Ona görə robotla bağlı “fikirlərimi” davam etdirmək istəyirəm. Mənə elə gəlir ki, tək məmurlar və nazirlər deyil, elə hamımız robotla əvəz olunmalıyıq. Açıq danışaq. Biz nə səbəbdən torpaqlarmızı azad edə bilmirik, nə səbəbdən bu ermənilərə yaxşı bir dərs vermirik? Min bəhanə var. Lakin səbəb birdir. Ona görə ki, hamımız bir nəfər kimi canımızı çox istəyirik! Ona görə də yubadırıq, bəhanələr, daha nə bilim nələr, uydururuq! Səbəb isə birdir: canımızı çox istəyirik, heç kim  ölmək istəmir! Robot isə ölümün üstünə də elə robot kimi gedir. Məhz elə o səbəbdən elektronlaşmanı, robotlaşmanı sürətləndirmək lazımdır. Onlar nə problem var həll edəcək, çünki məntiqləri də özləri kimi dəmirdir. Qoy, bunu etsinlər, bütün problemləri həll etsinlər, sonra biz də onların problemini həll edərik. Bundan heç narahat olmayın. Dəmir robot üçün bizdən fərqli olaraq ölümlə olumun elə bir fərqi yoxdur. Bu, bizim üçün böyük əhəmiyyət, məna kəsb edir.
Düz eşitməmişəmmi?
Bu günlərdə eşitdim ki, müxalifət geniş formatda daha bir görüş keçirib. Bu xəbər mənə azacıq da olsa ruh verdi. Ona görə “ruh verdi” deyirəm ki, hər dəfə qəzet alanda üçüncü səhifədə siyasi məhbusların şəklini görəndə utanıram. Onları azad etmək lazımdır. Ölkədə gündə bir aylıq keçirilir, bir də görürsən ki, deyirlər ki, bəs, bu ay filan aydır! Gəlin biz də may ayını siyasi məhbus ayı elan edək! Niyə də yox? Mən demirəm ki, hansısa qeyri-dinc və zorakı əməllərə əl ataq! Əsla! Sadəcə, dinc üsullarla, sivil bir qaydada buna diqqəti artıraq. Burada qeyri-qanuni və qeyri-milli heç nə yoxdur. Güman edirəm ki, azadlığın dəyərini bilən hər bir kəs bunu etməlidir. Mən bilmirəm, o geniş formatlı görüşdə müxalifət hansı problemləri müzakirə edib. Güman edirəm və buna ümidliyəm ki, onlar bu problemi diqqətdə saxlayırlar. Bəzən bir qədər diqqətsiz oluruq və bir problem bizi həmişə təqib edir… məsələlərin prioritetini müəyyən edə və onları vaciblik dərəcəsinə görə sıralaya bilmirik. Indi əsas problem nədir? Diqqət nəyin üzərində cəmləşməlidir? Mənə belə gəlir ki, bu, siyasi məhbus problemi olmalıdır. Bəli, siyasi məhbus problemi!