«Iki polis serjantı ofisə gəlib və işçiləri hədələyib»
Sülh və Demokratiya Institutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunusun Nizami küçəsi 53 ünvanda yerləşən ofisinə polislər gələrək, özlərini təqdim etmədən işçilərdən sənədlərini və telefon nömrələrini tələb ediblər, eyni zamanda onlara hədə-qorxu gəliblər. Bu barədə “Azadlıq”a məlumat verən Leyla Yunus bildirib ki, hadisə dünən saat 14-də baş verib: “Mən özüm ofisdə olmamışam. Işçilər mənə məlumat verib ki, iki polis serjantı ofisə gəlib və onları hədələyiblər. Bildiriblər ki, sizin burada hansı işlər gördüyünüz bizə yaxşı məlumdur. Sizin barənizdə məlumatlar toplandıqdan sonra tədbirlər görüləcək”.
DIN mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə “Azadlıq” radiosuna deyib ki, sahə rəislərinin və inspektorlarının əsas vəzifələrindən biri xidməti ərazidə pasport rejimini və qeydiyyat qaydalarını yoxlamaqdan ibarətdir. Orxan Mansurzadə həmçinin qeyd edir ki, sahə rəisinin göstərişinə əsasən 2 polis əməkdaşı Nizami küçəsi 53 ünvanına getmiş, polislərdən biri giriş qapsındaca texniki işçilərin birindən, həmin ünvanda kimlərin fəaliyyət göstərməsi ilə maraqlanıblar: “Sonra içəridən bir xanım gələrək bu ünvanda Leyla Yunusa məxsus ofisin yerləşdiyini, onun icazəsi olmadan əlavə heç bir məlumat verə bilməyəcəyini deyib. Polislər də bu cavabla kifayətlənərək ərazini tərk ediblər. Yəni Leyla Yunusun dediyinin əksinə olaraq polis əməkdaşları ofisinin içərisinə belə daxil olmadığından, onların ofis işçilərinə qarşı hər hansı təzyiq və təhdid etməsi ilə bağlı iddialar tamamilə gülüncdür. Belə iddiaların heç bir əsası yoxdur və polis əməkdaşlarına qarşı onun növbəti böhtan, qarayaxma kampaniyasından başqa bir şey deyil. Ümumiyyətlə Leyla Yuns hər zaman polis mövzusu ətrafında əsassız və süni şəkildə şou düzəldərək bundan özünün siyasi məqsədləri üçün yararlanmaqda, əlavə dividentlər qazanmaqda çox mahirdir”.
Leyla Yunus Orxan Mansurzadənin fikirlərini qəbul etmir.
Hüquq müdafiəçisi aprelin 2-də də ofisinin qapılarının naməlum adamlar tərəfindən sındırılmasını xatırladaraq əlavə edib ki, bütün bunlar müxtəlif tədbirlərdə və beynəlxalq mediada Azərbaycan hökumətini tənqid edən çıxışları ilə bağlıdır: “Polisin ixtiyarı yoxdur ki, mənim şəxsi evimə gəlib, heç bir sənəd təqdim etmədən oradakı adamların sənədlərini və telefon nömrələrini tələb etsin. Bu qanunsuzdur. Bura mənim şəxsi evimdir. Bu ev mənim adımadır və bunu da sahə rəisləri bilməlidir. DIN-in nümayəndəsi deyir ki, mən bu cür hallardan siyasi məqsədlərdən istifadə edirəm. Bu cür qanunsuz addımlar atmasınlar mən də istifadə etməyim. Otursunlar qanunu öyrənsinlər”.
Hikmət