Şahin Həsənlinin ailəsindən reportaj
“Atamdan hədiyyə istəyirəm, bir də ona demək istəyirəm ki, məktəbə gedəcəm”. Bu, atası 1 ildən çoxdur həbsdə saxlanılan vicdan məhbusu Şahin Həsənlinin 5 yaşlı oğlu Fəridin sözləridir. Fərid atası ilə sonuncu dəfə həbsxanada Norvuz bayramında görüşüb. Bu balaca uşaq hələ atasının başına gətirilənlərdən xəbərsizdir, onun harada, niyə saxlanıldığını da bilmir. Bunun üçün də o, atasını görər-görməz Səməd Vurğunun “Azərbaycan” şeirini deyib və hədiyyəsini tələb edib. Bunları isə Fəridin anası Zülfiyyə xanımdan öyrənirik.
“Bombarabatay”
AXCP Rəyasət Heyətinin üzvü Şahin Həsənli keçən il Ictimai Palatanın mitinq qərarından sonra həbsə atılan ilk şəxslərdəndir. Martın 31-də onu Şəmkirdə dostunun evində yatdığı yerdə həbs edərək üstündən güllə “tapmışdılar”. Bu “tapıntıya” görə Ş.Həsənliyə 2 il yarım “iş” kəsilib.
Həbs gözlənilirdi
Ailə üzvlərinin sözlərinə görə, Şahin bəyin həbsi onlar üçün gözlənilməz olmayıb. Zülfiyyə xanım danışır: “Birinci belə hadisə deyil ki… 20 ildir Şahin aktiv mübarizə aparır. Həmişə öndə olub. Dəfələrlə tutulub. 2005-ci ildə AXCP-nin qərargahı qabağında hökumətin keçirdiyi piketlərdə də onu şərləmişdilər. Onda iki il şərti iş vermişdilər. Şahin ”Cəbhə”nin əsas təşkilatçılarından idi. Ona görə də onun tutulmasını gözləyirdik”.
Əqidəli olmaq cinayətdirmi?
Həbsdən xeyli əvvəl Şahin Həsənli müxtəlif formada izlənilib. Polis bir dəfə onların evinə “siyahıyaalma” adı ilə baş çəkib. Konkert tədhid mesajları çatdıranlar da olub. Başında qara buludların dolaşdığını bilsə də Şahin Həsənli işindən qalmayıb, təşkilatla əlaqələrini kəsməyi xəyalına belə gətirməyib.
“Bu onun əqidəsidir. Əgər siyasi fəaliyyət qadağandırsa, bunu desinlər, hamı bilsin. Şahinin əməllərində heç bir cinayət yoxdur. Onu getdiyi yola görə həbs ediblər”- deyə Zülfiyyə xanım etirazını bildirir.
Onu bu cür tanıyın
Mən soruşuram, Şahin bəyi “Azadlıq”ın heç tanımayan oxucularına onu ən yaxşı tanıyan insan kimi necə xarakterizə edərdiniz?
“Şahin qayğıkeş, ürəyiyumşaq, aqressiyadan uzaq, barışmağı bacaran, kin saxlamayan, pislikləri tez unudan bir insandır”- cavabını alıram Zülfiyyə xanımdan.
“Bəs bu cür humanist insan necə olur cibində güllə saxlayıb” sualını verirəm və hamımız gülürük. Zülfiyyə xanım əlavə edir ki, bu “güllə şərləməsini” zatən ciddiyə alan kimsə yoxdur.
“Bu hadisəni eşidən-bilən bir nəfər yoxdur ki, ona inansın. Hökumət bu hərəkətlə özünə pislik etdi. Şahin böyük bir nəslin təmsilçisidir. Əvvəllər tək o müxalifətçilik edirdisə, indi bizim çevrəmizdə nə qədər adamın bu həbsə görə hökumətə aqressiyası yaranıb”.
Tutaq ki, o, günahkardır, bəs?..
Ş.Həsənlinin həbsindən sonra onun yaxınlarına qarşı təqib və təzyiqlər güclənib. Qohumlarından dövlət orqanında çalışanları ciddi əsas gətirilmədən, qanunsuz işdən çıxarıblar. Daha doğrusu, onlara “əsaslar” açıqlanıb: “Yaxınlarımıza açıq şəkildə deyiblər ki, bəs siz işə girəndə niyə deməmisiniz ki, qohumunuz kimdir, nə işlə məşğul olur. Sanki Şahin faşizmlə məşğul olub. Bu işdənçıxarılmalar da göstərdi ki, həbs siyasidir. Tutaq ki, Şahində günah var, bəs onun qohumları nə edib?”.
Həbsxana həyatı
Həyat yoldaşı bildirir ki, Şahin Həsənlinin həbsxanada xüsusi hörməti var. O, optimizmini qoruyur, azadlığa çıxmağa haqq etdiyini hər görüşdə desə də, ailəsinə illüziyalara qapılmamağı da tövsiyə edir: “Şahin bizdə gözlənti yaratmır ki, bu gün, ya sabah çıxacaq. Martda mən gözlədim ki, bəlkə buraxdılar, amma o da olmadı. O, türmədə gününü idman eləməklə, kitab oxumaqla keçirir. Əsasən ingilis dilini öyrənir, bir də ixtisasına aid kitablar oxuyur”.
Qırmızı diplomlu atanın əlaçı balaları
Şahin bəyin ailəsində üç məktəbli böyüyür, biz onların biri ilə artıq tanış olduq. Ailənin böyük övladı Ibrahim rayonların birində lisey təhsili alır. Ortancıl Nərmin isə 6-da oxuyur. Şahin bəy övladlarının təhsilinə xüsusi önəm verir. Bunu həm uşaqları sorğu-sual edərkən bildik, həm də anaları təsdiqlədi. Bütün qiymətlərinin “əla” olduğunu söyləyən Nərmin bizi əmin edir ki, atası kimi savadlı olacaq. Xatırladım ki, Şahin Həsənli Iqtisad Universitetini Qırmızı diplomla bitirib.
Nərmin də atasını sonuncu dəfə Novruzda görüb. Mən atasının nəyə görə həbs edildiyini, dostlarının bu həbsdən xəbərdar olub-olmadığını soruşuram. Qızcığac atasının niyə tutulduğunu deməyə çətinlik çəkir, amma o, atasının günahsız olduğunu inamla deyir. Şagird dostlarına isə bu haqda heç bir söz deməyib: “Çünki onlar məndən nəsə soruşmayıblar”.
Atam arqılayıb
Atanı gördün, dəyişibmi?- bu sualı da Nərminə verirəm. “Bir az arıqlayıb” deyir və mən ondan atası ilə nələri danışdığını da xəbər alıram. “Dərslərimi oxumağı, interneti yaxşı öyrənməyi tapşırdı”. Zülfiyyə xanım yenidən söhbətə qoşulur, deyir ki, təhsil Şahinin həssas yeridir. O, evə zəng edəndə, görüşlərdə hər dəfə ilk olaraq uşaqların dərsi ilə maraqlanır.
Bu həbsin cəzasını tək Şahin Həsənli çəkmir
Şahin bəy öz uşaqları ilə yanaşı qardaşının da uşaqlarının yükünü çəkən insandır. Öyrənirik ki, onun həbsi o ailədə də sıxıntı yaradıb. Bundan başqa, 13 aylıq həbsin çətinliklərinə dözməyən Şahin Həsənlinin anası Ramizənin də səhhəti ağırlaşıb. Onun hərəkətində və görməsində qüsurlar yaranıb.
O, əqidəsini həmişə üstün tutub
Ancaq bu problemlər Həsənli ailəsinin qürurunu yenmək gücündə deyil: “Insanları əzməklə, onlara işgəncə verməklə yolundan döndərmək namərdlikdir. Bunun sonu var. Bu uşaqlar böyüyəndə dövlət haqqında nə fikirləşəcəklər. Bir neçə ildən sonra Şahinin oğlu vətən üçün əsgər gedəcək. Bunları hesablamaq, əqidə adamlarına hörmət etmək lazımdır, onlar sadə insanlar deyil. Şahinə dəfələrlə yaxşı maaşlı iş təklif ediblər, ”çəkil bu yoldan” deyiblər. Tutulanda da ondan əqidəsindən imtina etməsi təklif olunub, rədd edib bunları. Ancaq o həmişə əqidəsini, şəxsiyyətini üstün tutub. Düz də edib”.
Ədalət qalib gələcək
Söhbətimizi Zülfiyyə xanımın siyasi məhbusların yaxınlarına xitabı ilə bitiririk: “Mən o insanlara dözüm arzulayıram, səbrli olsunlar. Əqidəsinə görə tutulan insanlara görə fəxr etmək lazımdır. Inanıram ki, onların hamısı tezliklə azadlığa çıxacaq, ədalət tezliklə yerini alacaq”.
Natiq Güləhmədoğlu