Obamanın maaşı

Bir həftə əvvəl ABŞ prezidenti Barak Obama 2011-ci ilin gəlir bəyannaməsini elan edib. Məlum olub ki, ötən il üçün Barak Obama və həyat yoldaşı Mişel Obamanın gəlirləri birlikdə 789 min 674 dollar təşkil edib. O da məlum olub ki, məlum vəsaitin yarısını onun prezident maaşı təşkil etsə də, qalan hissəsi yazdığı kitablardan əldə edilən qonarar hesabına formalaşıb.
Bəyannamə Obamanın bu pulları hara sərf etməsinə də ayna tutur. Bəlli olub ki, il ərzində 790 min dollara yaxın gəlir əldə edən ABŞ prezidenti bu puldan 166 min dollar civarında vergi ödəyib. Bundan baqşa, prezident və xanımı ümumilikdə öz qazanclarının 22%-ni xeyriyyə məqsədləri ilə müxtəlif fondlara köçürüb. Belə ki, onlar 39 müxtəlif xeyriyyə cəmiyyətinə toplam 179 min dollar pul veriblər. Prezident və xanımı xeyriyyə məqsədilə sərf etdikləri vəsaitin böyük bir qismini isə müharibə zamanı şikəst olan veteranlara yardım fonduna yatırıb.
Dünyanın 1 saylı dövlətinin başında dayanan şəxsin var-dövlətini Azərbaycan prezidentinin, bəzi nazirlərin və komitə sədrlərinin sahib olduqları sərvətlə müqayisə etmək gülüncdür. Prezident və yaxınları bir yana, bizdə nazirlər var ki, yalnız bir obyektindən gələn gəlir Barak Obamanın illik qazancından bəlkə də 10 dəfə artıqdır.
Barak Obama və həyat yoldaşı Mişel Obamanın birlikdə qazandığı 789 min 674 dolları Bakının istənilən rayonunun icra başçısı vəzifə biznesinin bir qolundan, deyək ki, 1-ci mərtəbələrdəki evlərin qapısının küçəyə açılmasına və ya balkon artırılmasına icazə verməklə əldə edir.
789 min 674 dollar Qubanın əski icra başçısının evindən çıxan bahalı spirtli içkilərin və digər əşyaların dəyərindən də bəlkə azdır.
Ucqar rayonların icra başçıları belə Barak Obamadan qat-qat çox qazanır. Inanmırsınızsa, hesablaya bilərsiniz. Götürün, deyək ki, 40 kəndi olan kiçik bir rayonu. O rayonda fəaliyyəti yalnız başçının bığının altından keçəndən sonra nizamlanan 40 icra nümayəndəliyi, 40 məktəb, 40 səhiyyə müəssisəsi, 40 çayxana, 40 yeməkxana, 40 dükan, 40 dəlləkxana, 40 fermer təsərrüfatı varsa, rayonun cümlə rəhbər kadrları başçının sərəncamı ilə təyin olunursa və bu təyinatın da əsasında rüşvət dayanırsa, üstəgəl, kimsə rayon mərkəzində ev, restoran, şadlıq evi, market tikmək, yanacaqdoldurma məntəqəsi, bank, notarius açmaq istəyirsə, başçının kabinetinə yol tapmalıdır. Ondan əlavə başçının nəzarətində rayonun illik büdcəsi var və o büdcə də ilk növbədə başçının rifahına xidmət etməlidir. Indi belə bir resursları olan icra başçısı Barak Obamadan çox qazanmasın, neyləsin?
Yeganə şərt yuxarılara ödəniləcək verginin vaxtında çatdırılmasıdır ki, bunu da bizim icra başçıları çox məharətlə həyata keçirirlər. Indiyə qədər rüşvətlə milyonlar qazanmış bir icra başçısının belə cinayət məsuliyyətinə cəlb edilməməsi və bir rayonu bərbad qoyan, xalqa zülm edən başçının digər rayona rəhbər təyin olunmasının adət halına keçməsi icra başçılarının Bakıdakı patronlara ödəməli olacaqları vergidən yayınmadıqlarını sübut edir.
ABŞ kimi fövqəlgücə və qüdrətə sahib bir dövlətin başında dayanan Barak Obamanı var-dövlət məsələsində cibində gəzdirən yüzlərlə, minlərlə vəzifə sahibi var Azərbaycanda. Və o zatlar Barak Obamadan fərqli olaraq, qazandıqları milyonlardan dövlətə vergi-filan ödəmirlər.
Onlar yalnız patronlarına vergi ödəyirlər. Patronlar isə  o vergilərdən lap yuxarıdakılara pay göndərirlər…
Dövləti idarəetmə sistemi belə qurulub Azərbaycanda. Və gələn ilin yaında bu sistemin 20 yaşı olacaq. Hazırlaşın.