ilham-eliyev3212

Əliyevdən komanda təlaşına qarşı blef

Ölkə başçısı nəyə görə hücum taktikası seçdi?

Ilham Əliyevin Nazirlər Kabinetində keçirdiyi iclasda dünyanın nüfuzlu media quruluşlarında Azərbaycan hakimiyyəti barədə ifşaedici materiallara sərt şəkildə münasibət bildirməsi iqtidar daxilində ciddi narahatçılığın yaşanmasından irəli gəlir. Bu barədə məlumat hakimiyyətdaxili mənbələrdən sızıb. Oxucuların diqqətinə çatdıraq ki, hələ bir neçə gün əvvəl “Azadlıq” hakimiyyətin Qərb mətbuatında Azərbaycanla barədə gedən materiallardan ciddi narahat olduğu barədə məlumat vermişdi. Həmin məlumatda bildirilirdi ki, iqtidarın qənaətinə görə indiki vəziyyətdə Qərb mətbuatının Əliyevlərlə bağlı ifşaedici materiallarının arxasında ərəb inqilablarının Azərbaycana transfer olunması dayanır. Bu baxımdan hakimiyyət qabaqlayıcı tədbirlər görməyə başlayıb. Ilk növbədə Qərb mətbuatında dərc edilən yazıların qarşısının alınması planlaşdırılır.
Ilham Əliyevin iclasdakı çıxışından da aydın sezilirdi ki, yaydığımız məlumat əsassız deyil. Digər tərəfdən iqtidardakı mənbələr israrla bildirir ki, hakimiyyət narahatlıq içindədir. Ölkə başçısının bu çıxışı isə həmin narahatlığın aradan qaldırılmasına hesablanıb. Yeri gəlmişkən, Ilham Əliyev həmin çıxışında Azərbaycanla bağlı yazıların təsadüfi olmadığına işarə vurub: “Elə ölkələr var ki, orada nəinki hər həftə, hər gün Azərbaycan ilə bağlı çirkin, böhtan xarakterli yazılar gedir. Təbii ki, bu, əlaqələndirilmiş şəkildə aparılan bir siyasətdir. Ancaq bu siyasətin heç bir nəticəsi yoxdur və olmayacaqdır. Çünki bizim siyasətimizə təsir edə biləcək qüvvə yoxdur və nə qədər ki, mən bu kürsüdəyəm heç vaxt olmayacaqdır. Biz öz yolumuzla gedəcəyik”.
Əliyev daha çox Azərbaycanın qonşu dövlətlərlə normal münasibətlərdən danışır. Və xüsusilə Irana qarşı heç bir planda iştirak etməyəcəyinə eyham vurur: “Elə qüvvələr vardır ki, Azərbaycanı öz qonşuları ilə üz-üzə qoymaq istəyirlər. Burada da informasiya təxribatlarından istifadə edilir. Başqa necə istifadə edə bilərlər?! Mümkün deyildir. Çünki qonşularımızla əlaqələrimiz tarixi köklərə söykənir. Biz bütün qonşularla, – Ermənistan təbii ki, istisna olmaqla, – normal, yaxşı dostluq münasibətləri yaratmışıq və bu dostluq münasibətlərini gücləndiririk, gücləndirəcəyik. Heç bir qonşumuzla problemimiz yoxdur.
Biz heç vaxt imkan verə bilmərik ki, ərazimizdən qonşulara qarşı hansısa mənfi planlarda istifadə edilsin və bunu hamı bilir. Belə olan halda yenə gəlir informasiya təxribatı məsələləri. Mötəbər, dünya səviyyəli mətbu orqanlarda çirkin yalanlar dərc edilir. Sonra bu yalanları təsir altında olan digər mətbu orqanlar yayır. Beləliklə, rəy formalaşır. Yaxud da ki, formalaşdırmağa çalışırlar ki, Azərbaycan bölgədə hansısa başqa planlara malikdir”.
Əliyev bu çıxışı ilə komandasını və Iranı sakitləşdirməyə çalışsa da, öz narahatlığını gizlədə bilməməsi bəyanatlarının effektini azaldıb. Və hətta komanda daxilində onun söylədiklərinin sadəcə blef olması barədə rəyin yaranmasına səbəb olub.

Hikmət