Əliyev Xəzəri duzsuzlaşdırmaq istəyir

Dövlət başçısı neft ehtiyatından su ehtiyatı yaradır

Xəzər dənizinin duzsuzlaşdırılması layihəsi başlayır. Bunu Nazirlər Kabinetinin müşavirəsində çıxış edən prezident Ilham Əliyev deyib. Dövlət başçısının sözlərinə görə, Azərbaycanın əsas su mənbələri ölkənin hüdudlarından kənarda formalaşır:
“Belə olan halda Xəzər dənizinin suyundan istifadə etmək təbiidir. Baxmayaraq ki, bizim qonşu ölkələrlə əldə etdiyimiz razılaşmalar maraqlarımızı tam təmin edir və su qıtlığı heç vaxt olmayacaq. Yeni rezervuarlar tikilir. Taxtakörpü su anbarı bu istiqamətdə atılan çox böyük addımdır. Şəmkirçay su anbarı həm meliorasiya, həm də içməli su məsələlərini təmin edəcək”.
Prezident Xəzər dənizinin suyundan da istifadə edilməsinin lazımlılığını vurğulayıb:”Mən pilot layihənin icrasını gözləyirəm. Hesab edirəm ki, pilot layihədən dərhal sonra genişmiqyaslı işlər aparılmalıdır. Ilk növbədə suvarma üçün, ondan sonra lazım olarsa, içməli su məsələlərinin həlli üçün də biz bundan istifadə etməliyik”.