“Jurnalistə hücum Əliyevin bəyanatından bir gün sonra baş verdi”

“Sərhədsiz reportyorlar” təşkilatı aprelin 18-də Sulutəpə qəsəbəsində ARDNŞ işçilərinin evləri sökməsini lentə alarkən jurnalist İdrak Abbasova qarşı törədilmiş zorakılığı pisləyib.
“Bu amansız hücum bizi sarsıtdı. Hakimiyyət aylardır bu jurnalistin və ailəsinin daim təqib olunması faktlarını araşdırsaydı, bu faciə baş verməyə də bilərdi”, – deyə bəyanatda qeyd edilir.
Bəyanatda deyilir ki, hakimiyyət bu hücumun təqsirkarlarını müəyyən etməli və cəzalandırmalıdır. Baş verənlər həmçinin hakimiyyətin paytaxtda və onun ətrafında əmlak hüquqları probleminin həlli məsələsində məsuliyyətsizliyini göstərir.
“İdrak Abbasov və ailəsi bir neçə aydır təqiblərə məruz qalır. “Senzura indeksi” ifadə azadlığını müdafiə təşkilatı bu yaxınlarda onu aylardır Sulutəpə qəsəbəsindəki hadisələrin işıqlandırılmasında göstərdiyi mətanətə görə mükafatlandırıb.
İdrak Abbasova qarşı hücum prezident İlham Əliyevin beynəlxalq təşkilatların Azərbaycana qarşı tənqidlərini pisləməsindən bir gün sonra baş verib.
“Bizdə demokratiya, söz azadlığı, vicdan azadlığı və sərbəst toplaşmaq azadlığı var”, deyə o, bu ölkədə sistematik insan hüquqları pozuntuları ilə əlaqədar çoxalan tənqidlərə cavab verib.
“2012-ci ilin mayında Eurovision müsabiqəsinin Bakıda keçirilməsi hər kəsin diqqətini bu ölkədə insan hüquqları müdafiəçilərinin və müstəqil jurnalistlərin ağır vəziyyətinə çəkməlidir”, – deyə “Sərhədsiz reportyorlar”ın bəyanatında qeyd edilir (“Turan”).