Əsgər hərbçi yoldaşlarını güllələdi; Iki nəfər öldü, iki nəfər isə yaralandı
Şəmkir korpusunun Toğana kəndindi yerləşən N saylı hərbi hissəsində silahlı insident baş verib. “Azadlıq”a daxil olan məlumatlara görə, əsgərlərdən biri yoldaşlarına avtomatdan atəş açıb. Nəticədə 2 əsgər ölüb, xeyli hərbiçi isə yaralanıb. Məlumatlarda bildirilir ki, olaya səbəb hərbi hissədə “dedovşina”nın hökm sürməsidir.
APA-nın əldə etdiyi məlumata görə, hadisəni törədən əsgər Vüqar Məmmədovdur. O, avtomat silahdan atəş açaraq Pünhan Nağızadə (Imişli Rayon Hərbi Komissarlığı) və Müseyib Hüseynovu (Sumqayıt şəhər Hərbi Komissarlığı) öldürüb, Elçin Rəhimov (Suraxanı Rayon Hərbi Komissarlığı) və Məlik Məlikovu (Sabirabad Rayon Hərbi Komissarlığı) yaralayıb.
Müdafiə Nazirliyi olayı təsdiqləyib. Nazirliyin yaydığı məlumatda bildirilir ki, dünən Şəmkir hərbi birləşməsinin N saylı hərbi hissəsində ölümlə nəticələnən ağır cinayət hadisəsi baş verib.
Əsgər Məmmədov Vüqar Intiqam oğlunun tabeliyində olan avtomat silahından açılan atəş nəticəsində əsgərlər Nağızadə Pünhan Kamran oğlu və Hüseynov Müseyib Azad oğlu dünyasını dəyişib, digər ikisi isə yaralanıb.
Əsgər Məmmədov həbs edilərək fakt üzrə cinayət işi başlanılıb.
Hazırda Müdafiə Nazirliyinin yüksək zabit heyətindən ibarət komissiyası Hərbi Prokurorluqla birlikdə hadisənin səbəblərini araşdırır.