Füzuli Ələkbərovun Kosova fiaskosu

Nazir bu ölkədən cüdoçu almağa böyük pullar təklif edib, amma «yox» cavabı alıb

Əcnəbi idmançılara Azərbaycan pasportu verilib onların milliləşdirilməsi ilk hal deyil. Ölkə başçısının 2012-ci ili “Idman ili” elan etməsi və olimpiya ilində əksər federasiyaların rəhəbərləri olan oliqarxların qarşısında Londondan medal gətirilməsi kimi vəzifə qoyulması o həddə çatıb ki, Azərbaycanda güləş kimi ənənəvi idman növlərində belə əcnəbilərin “özəlləşdirilməsi”ndən istifadə edilir. Sərbəst və klassik güləş, ağır atletika, Efiopiyadan gətirilib “azərbaycanlılaşdırılmış” yüngül atletlər, Ukraynadan dəvət olunmuş Azərbaycan pasportu daşıyan qayıqçılar və digərlərini buna misal gətirmək mümkündür. Indi oliqarx-federasiya rəhbərləri çalışırlar ki, onların rəhbərlik etdiyi qurumları olimpiadada təmsil edən idmançılar Londondan üzüağ qayıtsınlar.
Deyəsən Cüdo Federasiyasına başçılıq edən əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov da bu fikrə düşüb.
“Euronews”un yaydığı məlumata görə, bir qədər əvvəl kosovalı cüdoçu Mecilinda Kelmandiniyə elçi düşən Füzuli Ələkbərovun istəyi baş tutmayıb. Bu cüdoçuya Azərbaycan pasportu verib onu olimpiadaya aparmaq üçün külli-miqdarda para təklifini Kelmandini geri çevirib. Bəzi internet resursları bu məbləğin yarım milyon dollara yaxın olduğunu bildirirlər. Kosova hələ Beynəlxalq Olimpiya Komitəsinin üzvü olmadığından onun xidmətindən yararlanmaq üçün Azərbaycan tərəfinin etdiyi təklif barədə idmançı özü də danışıb: “Mən bir çox ölkələrdən təklif almışdım. Amma Azərbaycan tərəfinin təklifi daha uğrlu idi. Onlar mənə külli-miqdarda pul təklif edirdilər”. Kelmendini daha sonra bildirib ki, o, 4 il də gözləməyə hazırdır və Kosovadan başqa heç bir dövləti təmsil etmək istəmir.
Belə analoji vəziyyət bir qədər əvvəl bir türk idmançısı ilə də yaşanmışdı. O da Azərbaycan tərəfinin etdiyi təklifdən boyun qaçırmış, Türkiyə bayrağı altında yarışmağı üstün tutmuşdu.
Maraqlısı həm də odur ki, xaricdən gətirilən idmançıların şəxsiyyət vəsiqəsi, pasport alması, onların soyadlarının dəyişdirilməsi yalançı nikahla həyata keçirilir. Və bu, vətəndaşlıq əldə etməyə əsas vermir. Onların əksəriyyəti saxta sənədlər alıblar. Onların heç birinin Azərbaycan Respublikasının vətəndaşı olması haqqında prezident sərəncamı yoxdur. Halbuki Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə görə, vətəndaşlıq məsələlərini ölkə prezidenti həll edir.

Informasiya şöbəsi