Dünyanın üçüncü ən varlı adamı xərçəngdir

Uorren Baffet prostat xərçənginə tutulduğunu açıqlayıb

Amerikalı milyarder, “Berkshire Hathaway” investisiya holdinqinin rəhbəri, 81 yaşlı Uorren Baffet prostat xərçənginə tutulduğunu açıqlayıb. Dünyanın üçüncü ən varlı adamı şirkətin səhmdarları üçün xüsusi bəyanatında bildirib ki, xəstəlik başlanğıc mərhələsindədir:“Yaxşı xəbər budur ki, həkimlər xəstəliyin həyatım üçün təhlükəli olmadığını deyor. Keçirilən tibbi analizlər göstərdi ki, xərçəng bədənimin başqa hissələrinə yayılmayıb”.

Uorren Baffetin sözlərinə görə, iyulun ortalarında iki aylıq radioterapiya kursuna başlayacaq. Milyarder tibbi müayinənin gündəlik həyat tərzini dəyişdirməyəcəyini söyləyib. Baffet deyib ki, özünü əla hiss edir və enerjisi azalmayıb. Əlavə edək ki, Uorren Baffet 1930-cu ildə ABŞ-da anadan olub. O, 1965-ci ildən “Berkshire Hathaway” investisiya holdinqinə rəhbərlik edir, müxtəlif illərdə isə “Vaşinqton Post”, “Koka-Kola” və başqa şirkətlərin direktorlar şurasında təmsil olunub.

2008-ci ildə Uorren Baffet “Forbs” jurnalının versiyası üzrə dünyanın ən varlı adamlarının siyahısına başçılıq edib. Bu il sərvəti 44 milyard dollar kimi dəyərləndirilən iş adamı reytinq cədvəlində üçüncü yeri tutur.

azadliq.info