Bakının Binəqədi və Gədəbəy rayonlarının icra başçılarının işdən çıxarılacağı xəbəri təsdiqini tapdı.
Ölkə başçısı İlham Əliyev aprelin 18-də imzaladığı sərəncamlarla Alı İbrahim oğlu Qocayevi Binəqədinin icra başçısı vəzifəsindən azad edərək Samux rayonu İcra hakimiyyətinin başçısı təyin edib. Digər sərəncamlar isə Kamran Qədimalı oğlu Rzazadənin Gədəbəy rayonunun icra başçısı vəzifəsindən azad edilməsi və onun yerinə Ramiz Qəni oğlu Yediyarovun təyin olunması haqdadır.
Məlumatları AzərTAc yayıb.
***
Bakının Binəqədi və Gədəbəyin icra başçılarının vəzifədən azad olunduğu barədə bəzi yerli saytlarda məlumatlar yayılıb. “Publika.az” etibarlı mənbəyə istinadla yazıb ki, bu barədə artıq presidentin müvafiq sərəncamları hazırdır və yaxın saatlarda yayılacağı gözlənilir.
Məlumatlara görə, işdən çıxarılanlar Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev və Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Kamran Rzazadədir.
Milli Məclisin sədri Oqtay Əsədovun qudası olan Alı Qocayevin
Samux rayonuna icra başçısı təyin olunduğu,
Kamran Rzazadənin isə başqa vəzifəyə təyinat aldığı bildirilir.