İctimai Palata Əliyevi ittiham etdi

«Iqtidar maskalanmaq imkanını birdəfəlik itirib»

İctimai Palata dövlət başçısı İlham Əliyevin Nazirlər Kabinetinin bu günlərdəki iclasında 8 aprel mitinqilə bağlı fikirlərinə etiraz bəyanatı yayıb.

Sənəddə Əliyevlərin iqtidarı dövründə sərbəst toplaşma azadlığının kobud şəkildə pozulduğu bildirilir. Buna görə müxalif qüvvələrlə yanaşı beynəlxalq qurumların da iqtidardan sərbəst toplaşmaq azadlığının təmin olunmasını tələb etdiyi vurğulanır. Mövcud iqtidar hakimiyyətə qanunsuz gəlmək, seçkiləri saxtalaşdırmaq, korrupsiya və rüşvətxorluğu dövlət siyasətinə çevirmək, hüquq-mühafizə və güc strukturlarını rəqiblərinə qarşı cəza paratı kimi istifadə etrmək, vətəndaşı məmur özbaşınalığının qurbanına çevirmək  ittihamlarına məruz qalır. “Hakim rejim cəmiyyətin ona nifrət və hiddətini yaxşı başa düşdüyündən insanlara meydan verməkdən çəkinir”-deyə müəlliflər sərbəst toplaşma qazadlığını təmin edilməməsi səbəbinə toxunurlar.

İctimai Palata 8 aprel mitinqinin 20-ci sahədə keçirilməsinə baxmayaraq bunu sərbəst  toplaşmaq azadlığının təmin olunması saymadığını qeyd edir. Bu yerin kütləvi aksiyalar üçün məqbul ərazi olmadığı nəzərə çatdırılır.

Sənəddə müxalifət üçün 20-ci sahənin ayrılmasının mahiyyətini İ.Əliyevin öz dili ilə açması hakimiyyəti ifşa və biabır etməsi adlandırlır. Nazirlər Kabinetinin iclasında ölkə başçısı İlham Əliyevin “Mən hesab edirəm ki, şəhər meriyası çox müdrik addımlar atıbdır və nümayişlər, mitinqlər üçün ən məqbul, yəni, o insanlar üçün ən məqbul və onlara yaraşan yeri seçibdir. O yerdə istənilən tədbiri keçirmək mümkündür. Bu tədbirlər məhz o yerdə keçirilməlidir” ifadəsi vətəndaşların sosial statuslarına fərqli münasibət, 20-ci sahədə yaşayan sadə əhalinin diskriminasiyası kimi dəyərləndirlir. Bu münasibət yalnız İctimai Palataya, müxalifətə münasibət kimi yox, sadə, yoxsul, amma tamhüquqlu  vətəndaşa maddi imkanına, evinə, yaşadığı yerə görə verilən qiymət kimi dəyərləndirlıir. Bu deyim hakimiyyətin 20-ci sahədə yaşayanları II sort vətəndaş hesab etdiyi, onları adam yerinə qoymaması sayılır.

İctimai Palata ölkə başçısının bu ifadəsini sosial və siyasi bölücülüyün təkzibedilməz faktı sayraq bu məsələdə iqtidarın maskalanmaq imkanını birdəfəlik  itirdiyini bəyan edir.