Hər iki qurumun proqramlarında əsas yer tutan məsələlər birgə müzakirə olunacaq
Ziyalılar Forumu ilə Ictimai Palata rəhbərliyi arasında görüşlə bağlı müzakirələr aparılıb. IP Koordinasiya Şurasının üzvü Zəfər Quliyevin qəzetimizə verdiyi açıqlamaya görə, yaxın bir neçə gündən sonra Ictimai Palata ilə Ziyalılar Forumu arasında görüş baş tutacaq. Görüşü təşkil etmək IP tərəfindən məhz Z.Quliyevə həvalə olunub. Buna səbəb isə onun hər iki qurumda təmsil olunmasıdır. Ziyalılar Forumunun nümayəndələri ilə bir neçə gün aparılan danışıqlardan sonra yaxın günlərdə Ziyalılar Forumu ilə Ictimai Palatanın Koordinasiya Şurası arasında görüşün təşkil olunmasına dair razılıq əldə edilib.
Z.Quliyevin sözlərinə görə, hərtərəfli razılaşdırılmış əsasda hər iki tərəfdən bir neçə nəfərin iştirak edəcəyi görüşdə hansısa mövzu çərçivəsində yox, bütün məsələlər ətrafında müzakirələr aparılacaq: “Ictimai Palata ilə Ziyalılar Forumu arasında əvvəllər də heç bir problem yox idi. Əməkdaşlıq bundan əvvəl də var idi, görüşlər keçirilirdi. Indiki mərhələdə hesab etdik ki, yeni bir görüşə ehtiyac var. Bütün respublikanı maraqlandıran, həm Ictimai Palatanın, həm də Ziyalılar Forumunun proqramlarında əsas yer tutan məsələlər birgə müzakirə oluna bilər. Bu müzakirənin nəticəsində də bir çox məsələlərdə konsensusa gəlmək olar”.
Z.Quliyev görüş baş tutandan sonra mətbuata geniş açıqlama veriləcəyini bildirdi.
Öz növbəsində Ziyalılar Forumunun üzvü Eldar Namazov da mətbuata verdiyi açıqlamasında Zəfər Quliyevin görüş zamanı IP Koordinasiya Şurasının fikirlərini, təkliflərini çatdırdığını qeyd edib. E.Namazov Ziyalılar Forumunun üzvləri ilə görüşdə bu məsələləri müzakirə edəcəklərini bildirib. Iki qurum arasında saziş olmasa da, həmişə bir-birilərinə dəstək verdiklərini deyən E.Namazov münasibətlərin qaydasında olduğunu vurğulayıb.
Fizzə