Azərbaycanda aldadılan fransız sirk ustası «Azadlıq»a danışdı
Qələbə meydanının lap yaxınlığı, konkret yazsaq, “Məhsul” stadionu. Bu ərazidə vaxtilə müxalifətin çoxminli mitinqləri olub, ətrafdakı insanlar etirazçıların şir, pələng kimi “Azadlıq”, “Istefa” nərələrinə qulaq kəsiliblər. Indi müxalifəti o meydanlara buraxmırlar, amma sakinlər düz iki aydır əsl şir və pələng nəriltilərinə şahidlik edirlər. Bəli, iki aydır “Məhsul” stadionunun qəribə qonaqları var.
Şirlər meydançası
Bir fransız Frederik Rosel, 16 şir, 1 pələng, 3 it və iki pişik – əslində bunları stadionda qonaq saymaq olmaz, onlar sadəcə bura sığınıblar. Niyəsini indi öyrənəcəksiniz.
Insanlarımız şirin gözünü çıxarmaq istəyir
Stadionun bir kənarında 3 qırmızı iri yük maşını dayanıb, onların arasında isə bir minik maşını, bir dənə isə səyyar ev. Onların hamısı isə iplə əhatələnib. Ətrafı pis qoxu bürüyüb. Buna rəğmən adamlar burdan əksik deyil. Uşaqlar, yaşlılar, gənclər hamı maraqla yük maşınlarının qapılarının aralanmasını gözləyir ki, orda nərə çəkən şirləri görsünlər. Frederik Rosel insanların marağından təngə gəlib, güclə əzbərlədiyi “olmaz-olmaz” sözü ilə uşaqları qova da bilmir. Başqa vaxt bu maraqdan məmnun olardı, amma indi vəziyyət yaxşı deyil, o, heyvanlarının pulsuz sərgilənməsini istəmir. Üstəlik, bizimkilər də dinc bəndə deyillər, az qalırlar ki, qəfəs arxasındakı şirin gözünə barmaqlarını soxsunlar.
Frederik Rosel və onun heyvanlarını xüsusi ayrılmış Post-Patrul Xidməti mühafizə edir. O etiraf edir ki, polisin köməyindən yararlanmasaydı burda onun üçün çox çətin olardı.
75 min dollarımı vermirlər
Indi isə bu qərib fransızı dinləyək. Onun başına gələnlər nədir?
Deməsinə görə, keçən il Ukraynada çıxış edərkən Ruslan və Mirzə Abbasovlar ona rəhbərlik etdikləri “Fantaziya sirk” adından əməkdaşlıq təklif edir və 3 aylıq müqavilə ilə Bakıya gətirirlər. “Bakıya oktyabrda gəldim, növbəti aydan artıq problemimiz yarandı. Onlar hər ay müxtəlif bəhanələrlə pulumu verməkdən imtina etdilər. Son haqq-hesaba görə mənə 60 günün haqqını verməlidilər, bu da hardasa 75 min dollar edir”.
Onu bərk qorxudublar, ya da…
Frederik Rosel onu Odlar Yurduna gətirib başını bəlaya salan Abbasov qardaşları barəsində çox qəzəblidir. Bunu onun mimikasından duymaq lap asan idi, həmin şəxslərdən danışanda o, dodaqlarını az qalırdı çeynəyib qoparsın. Ancaq hiss olunurdu ki, şikayətlənməmək barədə ya onu möhkəm qorxudublar, ya da allah bilir, nə ediblər. Frederik ancaq bu sözləri təkrarlayırdı: “Daha heç kimdən şikayətim yoxdur. Azərbaycandan razıyam, amma o cür dürüst olmayan insanlar fikirləşməlidirlər ki, belə hərəkətlərlə ölkənin imicini korlayırlar”. O, “qorxudularaq susdurulubsuzmu” sualıma da “yox” cavabını verdi.
Analoqsuz ölkə
Fransız deyir ki, 26 illik fəaliyyəti dövründə hələ bir dəfə də indiki kimi fırıldaqla qarşılaşmayıb. Ölkəmizdə yaşadığı xoşagəlməz duruma baxmayaraq o bizdən üz döndərməyib: “Ciddi adamlar dəvət etsə, bir də bura gələrəm. Niyə də gəlməyim…”.
“250 kq toyuq yeyirlər”
Həmsöhbətimiz bildirir ki, 2 aydır heç bir tamaşa olmadan heyvanları stadionda yerləşdirib. Gündəlik xərclərini qarşılamaq üçün burda da arabir səhnə göstərib. Ilk vaxtlarda Azərbaycan hökuməti ona maddi dayaq durub, sonra isə hökumət deyib: “Qardaş, çarənə özün bax”. Bundan sonra o, Fransa səfirliyinə üz tutur. Hələ ki, heyvanları ilə Frederik Rosel öz dövlətinin iltifatından bəhrələnir: “Doğrudur, heyvanlarıma tam qulluq edə bilmirəm. Axı bunlara duş-filan lazımdır. Ancaq yeməklərini, suyunu normal verə bilirəm. Bunların hamısını gündə bir dəfə yemləyirəm. 2 günə təxminən 250 kq toyuq əti verirəm bunlara”.
Azərbaycanda şirlər doğulub
Ölkəmizdə olduğu müddətdə Federikin şirlərindən biri 4 bala doğub. Onun ən nəhəng şirinin adı “Islam”dır.
Ara yerdə zooparkımız qazanıb
Sirk ustası indi Bakıda tənha qalır. Deyir ki, Fransadan sürücülərinin gəlməsini və sənədlərinin qaydaya düşməsini gözləyir.
O ümid edir ki, yaxın günlərdə bizə əlvida deyə biləcək. Federik getməzdən dörd ponisini bizim zooparka hədiyyə edib. Amma bunu könüllü hədiyyə adlandırmaq olmaz: “Sizin ölkəniz ”Brüssel konvensiyasına” qoşulmadığından poniləri burdan çıxara bilmərəm”.
Natiq Güləhmədoğlu