Aprelin 12-də yüzüncü ildönümü anılan “Titanik” faciəsi, sən demə, baş vermiş qəzadan öncə qələmə alınıbmış. Sözügedən əsər 1898-ci ildə yazılıb, “Titanik” faciəsi isə 1912-ci ildə baş verib.
“Titanik”in taleyi amerikalı yazıçı Morqan Robertsonun “Puçluq” povestindəki “Titan” gəmisinin faciəsini xatırladır. Əsər ədəbi tarixdə o qədər böyük rol oynamayıb, ancaq 14 ildən sonra faciəni araşdıran adamlar povestə mifoloji status veriblər. Tənqidçilər Robertsonun əsərini dəyərləndirməsələr də, müəllif ekstrasens reputasiyasını qazanıb. Belə ki, Robertsonun əsərindəki “Titan” gəmisində baş vermiş olay bütün detallarıyla “Titanik”dən fərqlənmir. Əsərdəki “Titan” dövrünə görə nəhəng gəmi kimi xarakterizə edilib. Real “Titanik” isə ondan 25 metr hündür olub. Gəminin maksimal sürətinin 20 mil olması, faciə zamanı işə salınan xilasedici qayıqların azlığı, sərnişinlərin sayına uyğun gəlməməsi baxımından da hər iki gəmi arasında oxşarlıq var. “Titanik” üçün “batmaz” diaqnozu qoyulsa da, aprelin ortalarında aysberqlə toqquşaraq sulara qərq olması baxımından da əsərdəki gəmi ilə eynilik təşkil edir. Hər iki gəmi arasındakı bənzərliyə görə əsər Robertsona gələcəyi görən adam adını qazandırıb. Ancaq alimlər bu təsadüfə başqa yöndən yanaşıblar. Belə ki, Robertson təcrübəli matros olub. Uilfrid Universitetinin professoru Lore Pol Qeyr bu öncəgörənliyi onun bioqrafiyasıyla əlaqələndirib. Yəni təcrübəli dənizçi kimi Robertson üçün böyük aysberqlə nəhəng gəminin toqquşması səhnəsini canlandırmaq elə də çətin olmayıb.
Xatırladaq ki, “Titanik” 1911-ci ildə inşa edilib. 269 metrlik gəmi dövrünə görə dünyanın ən nəhəng gəmisi sayılıb. 1912-ci il aprelin 10-da Sautqemptondan (Ingiltərə limanından) Nyu-Yorka yola düşüb. Dörd gündən sonra Şimali Atlantikdə qəzaya düşən gəmidə 2224 sərnişin və gəmi heyətindən 1.5 min nəfər faciənin qurbanı olub. Gəminin qalıqları okeanın 3.8 km. dərinliyində yatır.
«Titanik»in taleyi çoxdan yazılıbmış…
•
•