Fəxrəddin Mehdiyev: «Qanuna görə, bu cür ağır xəstəliyi olan şəxslərin təcridxanada saxlanılması məqsədəuyğun deyil»
“Texnikabank”ın Yasamal filialının müdir müavini Elnur Seyidov istintaq orqanına barəsində olan həbs-qətimkan tədbirinin ləğv olunması haqqında vəsatətlə müraciət edib.
Bu barədə E.Seyidovun vəkili Fəxrəddin Mehdiyev məlumat verib. F.Mehdiyev E.Seyidovun ağır sinir xəstəliyindən əziyyət çəkdiyini bildirib:”Qanuna görə, bu cür ağır xəstəliyi olan şəxslərin təcridxanada saxlanılması məqsədəuyğun deyil. Bunun üçün də biz onun barəsində olan həbs-qətimkan tədbirinin ləğv olunması haqqında vəsatəti istintaqa təqdim etdik”. F.Mehdiyev müdafiə etdiyi şəxsin tibbi ekspertizadan keçiriləcəyini, bundan sonra vəsatətə rəsmi cavab veriləcəyini bildirib.
Qeyd edək ki, E.Seyidov martın 27-də saxlanılıb. Martın 29-da isə onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin qərardan apellyasiya şikayəti verilib. Şikayətdə E.Seyidovun səhhətindəki problemlərin onun həbsdə olmasına imkan vermədiyi qeyd olunub və azadlığa buraxılması istənilib. Lakin məhkəmə şikayəti təmin etməyib. Onu da qeyd edək ki, E.Seyidov AXCP sədri Əli Kərimlinin qaynıdır.