Əkrəm Əylisli od püskürdü

«Bir icra başçısı evində 4 milyon pul gizlədibsə demək, bu adam soyğunçudur. Buna qarşı etiraz, istər kütləvi qiyam, ya üsyan şəklində olmalı idi, vacib idi»

«Əgər Azərbaycan siyasətində, Azərbaycan ideologiyasında ciddi dəyişikliklər olmasa, hər şey baş verə bilər»

Yazıçı Əkrəm Əylisli “Yeni Müsavat” qəzetinə müsahibəsində martın 1-də Qubada baş verən xalq üsyanına da toxunub. Əkrəm Əylisli bu olay barədə deyib: “Açığı, mənim Qubadakı proseslərə münasibətim mürəkkəb idi. Kim hazırlayıb, bəlkə burda bir mafioz qüvvə bir iş görüb və sair. Amma Milli Məclisin deputatı Vahid Əhmədovun bir müsahibəsini oxuyandan sonra mənim məsələyə münasibətim kökündən dəyişdi.
Vahid Əhmədov dedi ki, Qubanın keçmiş icra başçısının evindən 4 milyon nağd pul çıxıb və bunun təxminən 10 milyonluq da mülkiyyətinin olduğu aşkarlanıb. Mən Vahid Əhmədovu kifayət qədər ciddi adam hesab edirəm, qəti şəkildə yalan danışan deyil. Bunu eşidəndən sonra mənim bu hadisələrə münasibətim kökündən dəyişdi. Məndə belə bir fikir yarandı ki, bu, sadəcə olaraq təsadüfən ələ keçmiş və təsadüfən adı mətbuatda hallanmış və təsadüfən üsyana səbəb olandan sonra varidatı üzə çıxan bir adamdır. Mən bu yerdə istər-istəməz fikirləşdim ki, əgər bir icra başçısı evində 4 milyon pul gizlədib – hələ məlum deyil ki, onun nə qədər pulu var – demək, bu adam soyğunçudur. Buna qarşı hər hansı formada etiraz, istər kütləvi qiyam, ya üsyan şəklində olmalı idi, vacib idi. Bu olmasaydı, cəmiyyətin ölü, mənasız bir varlıq olduğunu daha aşkar göstərərdi. Yəni mən bu üsyana o zaman haqq qazandırdım. Başa düşdüm ki, bu üsyan havadan yaranmayıb. Rayonlara ardıcıl olaraq vəsait ayrılır. Ancaq bu pullar hara gedir, bilinmir. Əgər bir icra başçısı 15 milyona malikdirsə, mənim ixtiyarım var fikirləşim ki, o biri icra başçısı 30, başqası 50 milyon yığıb. Haradan yığıb? Xalqın cibinə girib. Deməli, bu pullar həm də prezidentin bölgələrə ayırdığı pullardır. Xalq cibinə girənləri ifşa edirsə, deməli bu, xalqın varlığına dəlalət edir”.
Yazıçı bildirib ki, Rauf Həbibovu ifşa edənlərin cəzalandırılması doğru addım deyil: “Məncə, Qubadakı bu biabırçılığı ifşa edənlərin ən fəallarını nəinki cəzalandırmaq, hətta mükafatlandırmaq lazım idi. Hakimiyyət deməli idi ki, biz sizi başa düşürük, bəlkə siz orda bir az artıq dərəcədə lazım olmayan hərəkətlər etmisiniz, amma sizin başladığınız bu mübarizənin məğzi bizə aydındır, biz bu mübarizənin tərəfindəyik deməli idi. Özünə hörmət eləyən dövlət bu şəkildə münasibət göstərməli idi. Amma keçmiş ”KQB” üsulunda tuthatut kampaniyası başlayırsa, bu, əlbəttə, hakimiyyətə şöhrət gətirə bilməz. Hakimiyyət nəyin qarşısını aldığını bilməlidir. Bunlar bu halda ədalətsizliyə qarşı çıxanların qarşısını almış olur. Bu gün bir dəstənin, sabah başqasının qarşısını zorla alırsan, birisi gün hamısı bir yerdə olacaq, ədalətsizliyə qarşı birgə mübarizə aparacaq və bir qüvvə olaraq meydana çıxacaq. Onda nə edəcəksən bunlarla?”
Daha sonra Əkrəm Əylisli bildirib ki, ölkədə vəziyyət bu cür davam edəcəksə, ərəb inqilabları Azərbaycanda təkrarlana bilər: “Əgər Azərbaycan siyasətində, Azərbaycan ideologiyasında ciddi dəyişikliklər olmasa, hər şey baş verə bilər. Hansı avam fikirləşə bilər ki, ərəb dünyasındakı hadisələr yalnız xarici təsirlərin hesabına mümkün oldu. Yox, daxil var idi. Ziyalılar, müəllimlər, xaricdə təhsil alan şəxslər, gəlib ölkənin nə vəziyyətdə olduğunu görənlər var idi. Dünyanı dərk edən insanlar qayıdıb görmüşdülər ki, ölkələrində hər şey mafiozların əlindədir, bunların yaşamağına yer yoxdur, övladlarının perspektivi yoxdur. Onda bunlar qalxdılar, yəni təkcə xarici amillər olmadı. Bunun Azərbaycanda da təkrar olunması mümkündür”.