Keçmiş YAP-çıdan YAP-a sərt ittihamlar

«Millət dövlətin onunla neftin qoxusunu yox, neft gəlirlərini paylaşmağı istəyir»

Yeganə Əmiraslanova: «Icra başçılarının ən böyük islahatı köhnə başçının tikdiyini söküb, yerində yeni «abidələr» qurmaqdır»

Ictimai Palatanın aprelin 8-də keçirdiyi aksiyası  Azərbaycanla yanaşı, ölkədən xaricdə də böyük rezonansa səbəb olub. Belə ki, bu günlərdə Ukraynadan səfərdən qayıdan IP üzvü Yeganə Əmiraslanova bildirir ki, bu dövlətdə Azərbaycandakı proseslər diqqətlə izlənilir:

– Ukrayna bu gün Azərbaycanda gedən proseslərə ən yaxın olan  dövlətlərdən biridir. Təbii ki, ölkəmizə və xalqımıza olan marağın tarixi kökləri var. Əsas məqam isə ondan ibarətdir ki, bu ölkənin hakimiyyəti mətbuatın müstəqil fəaliyyətinə maneə törətmir. Ukraynadakı bütün demokratik qüvvələr aprelin 8-dəki aksiyanı diqqətlə izləyirdilər. Mənim Ukraynaya səfər etməyimin də sırf məqsədi o idi ki, Ictimai Palatanın aprelin 8-dəki aksiyası ilə bağlı Ukrayna cəmiyyətini daha da yaxından məlumatlandıraq. Ilk tədbirimiz aprelin 6-da Ukraynanın qərbində, Avropanın rəsmi coğrafi mərkəzi sayılan məkanda aksiya keçirmək oldu. Həmin ərazidən Avropaya böyük bir magistral yol keçir. Dörd çağırış yerli sovetə deputat seçilən Miroslav Yakovin də bizə qoşulmaqla həmin magistralı bir neçə dəqiqəliyə bağladıq. Əllərimizdə Ukrayna və Azərbaycanın milli dövlət bayraqları olmaqla şüarlarımızı səsləndirdik. Eyni zamanda yol boyu divarlara Azərbaycandakı siyasi durumu əks etdirən plakatlar da yapışdırmışdıq. Iqtidar dünya ictimaiyyətində belə fikir formalaşdırmağa çalışır ki, guya müxalifətin məqsədi Azərbaycanda Avroviziya yarışmasının keçirilməsinə mane olmaqdır. Ictimai Palata olaraq ona görə belə bir şüarla çıxış etdik ki, “Azərbaycanın demokrtik qüvvələri ”Eurovision”un yox, diktaturanın əlehinədir”.
Deputat Miroslav Yakovin yerli telekanala verdiyi müsahibəsində avtoritar rejimdə yaşayan və ağır şərtlərlə siyasi mübarizə aparmaq məcburiyyətinə olan bir xanımın pozulmuş hüquqlarını dünyaya eşitdirmək üçün minlərlə  km yol qət etməsinə təəssüf etdiyini dedi.

Ukraynadan 22 aprel aksiyasına dəstək

– Ictimai Palatanın bir çox ölkədə regional şöbələri fəaliyyət göstərir. Ukraynada necə, Ictimai Palatanın regional şöbəsi varmı?
– Bəli, Ukraynada da Ictimai Palatanın regional şöbəsi qurulub və bir müddətdir ki, fəaliyyət göstərir. Ümumiyyətlə, burdakı soydaşlarımız Azərbaycanda gedən ictimai-siyasi prosseslərə kifayət qədər fəal münasibət göstərirlər. Yeri gəlmişkən, aksiyanın və rəsmi görüşlərin təşkilində GUAM Ölkələri Jurnalistlərinin Araşdırma Mərkəzinin direktoru, 19 ildən bəri Ukraynada yaşayan soydaşımız Elxan Nuriyev çox böyük dəstək göstərdi. Keçirdiyimiz görüşlərdə Ukrayna Xalq Partiyası (UNP), Xalq Hərəkatı Partiyası (NRU), Ümumdünya Ukraynalıları Kordinasiya Şurası (UVKR), Ukrayna Milliyətçilər Konqresi (KUN) və onlarla ictimai qurumlar Ictimai Palata ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirdilər. Azərbaycanı demokratik dünyanın bir parçası kimi görmək arzusunda olduğunu deyən UVKR-ın sədri Mixayel Ratuşnıy IP olaraq dünya azərbaycanlılarına Ukrayna diasporuna hər zaman güvənə biləcəklərini çatdırmamızı xahiş etdi.
Ukrayna Milliyətçilər Konqresinin rəhbəri Stepan Bratyunla da görüş kifayət qədər səmərəli keçdi. Cənab Stepan təklif etdi ki, onlar ölkələrində Ictimai Palatanın daha aktiv  fəaliyyət göstərməsi üçün imkanlar yaratmağa hazırdırlar. Cənab Bratyun Ictimai Palataya rəsmi məktub da ünvanlayıb. Məktubda Azərbaycanda gedən siyasi prosseslərdə müxalifət qüvvələrinin bir arada mübarizəsi təqdir olunur:”Biz təəssüf edirik ki, Azərbaycanın aydın fikirli, demokratiya uğrunda mübariz insanları cəmiyyətdə hörmət və ehtiram sahibi olmaq əvəzinə həbs edilirlər”. UMK-nin Ictimai Palataya ünvanlanan müraciətində aprelin 22-də keçiriləcək aksiyanın daha möhtəşəm olacağına ümid də ifadə olunur. Məktubu təqdim edən cənab Stepan Bratyun dəvət ediləcəkləri halda Ukraynadan böyük demokratik heyətlə 22 aprel mitinqinə qonaq qismində qatılmağa hazır olduğlarını da dedi.
Qeyd edim ki, Azərbaycandakı parlament seçkilərinin saxta nəticələrindən də Ukraynanın bütün siyasi elitası, demokratik qurumlar, siyasi partiyalar tam məlumatlıdırlar.

Onlar doğrudanmı bu millətdəndi?

– 8 apreldən sonra hakimiyyət mitinqə aşağlayıcı münasibət bəsləməyə başladı. Telekanallardan biri aksiyaya gələn insanlara sayına görə deyil, çəkisinə görə qiymət verdi.
– Bu cür aşağılayıcı yanaşma Azərbaycan iqtidarının öz vətəndaşına olan münasibət formatını aşkarca ortaya qoyur. Həmin telekanalda belə bir fikir də səsləndi ki, guya qızlar aksiyaya ona görə cəlb olunublar ki, onlar da oğlanları cəlb eləsinlər. Televiziya işindən az-çox bələd olan bir jurnalist kimi bildirirəm ki, mitinqdən hazırlanmış o süjetdə məqsəd tamaşaçını “qırx qıfıllı”, “qırx düyünlü” və “analoqu” olmayan tapmaca oyununa çəkmək idi. Amma bu insanlar anlamalıdır ki, artıq millətin başını belə səviyyəsiz, kökündə millətə təhqir olan tapmacalarla qatmğın vaxtı keçib. Müasir milli, demokratik və siyasi düşüncə tərzi indi başqa dəyərləri tələb edir. Hər halda bu tapmaca deyil, MILLƏTIN QÜRURUDUR! Bu dəyəri “gülüş” obyektinə çevirməyə kimsənin haqqı yoxdu və Azərbaycanın demokratik qüvvələri buna imkan verməyəcək! Azərbaycanın demokratik gələcəyi üçün mübarizə aparan, kütləvi etiraz aksiyalarında, mitinqlərdə iştirak edən qızlarımız millətimizin namus simvollarıdır! Çünki onlar özlərinin xoş, qayğısız günləri xatirinə mənsəb sahiblərinin könüllərini “xoş” eləməklə  rahat, təmtəraqlı həyatı yox, öz milli kimliklərinə sahib çıxdıqlarını sübut etmək üçün meydanlardadırlar!
Eşq olsun millətimizin gələcək analarına!
Onu da deyim ki, hakimiyyətə yarınmaq məqsədilə milləti “tərəziyə çəkən” Lider TV-nin teleməkanda “lider” olması üçün çəkisi kifayət qədər azdı…. Bu çəki ilə liderlik iddiasında olmaq özü qeyri-peşəkarlıqdır. Hətta qeyri-peşəkarın öz millətini bu şəkildə aşağılaması başqa suallar da doğurur… Məsələn, əcaba, cənab “qeyri-peşəkarlar” doğrudanmı bu millətdəndi? Sizcə də məntiq bunu demirmi? Bir gerçək var ki, bu günkü “qeyri-peşəkarlıqlarını” peşəkar və müdrik insanlar onlara bağışlamayacaq. Elə tarix də!

Əli Əhmədov neçə partiya dəyişib?

– Əli Əhmədov “maraqlı” açıqlama ilə çıxış edərək, müxalifət liderlərini köhnəlmiş adlandırıb. Onun fikrincə, 10-20 il bir partiyaya rəhbərlik etmək böyük müddətdir?
– Bu gün müxalifətin liderləri sayılan nə Əli Kərimlinin, nə də Isa Qəmbərin 70-80 yaşı yoxdur. Əli bəyin yaşı 50-yə çatmayıb, Isa bəyin isə 55 yaşını bir müddət əvvəl qeyd etdik. Amma Heydər Əliyev 70 yaşında təkrar hakimiyyətə qayıtdı. Əli Əhmədov eyni zamanda öz yaşını da desin, görək  neçədi?  Neçə partiya dəyişib və neçə ildir bir postdadır? Hakimiyyət başqa arqument tapa bilmir. Əli Əhmədov görür ki, Azərbaycan xalqını pafoslu, “fəlsəfi” fikirlərlə ofsunlamaq dövrü başa çatıb. Cəmiyyət ilanı Seyid Əhməd əliylə tutanları da artıq tanıyır. Millət artıq yaxşı bilir  səmimi, gerçəkçi siyasi düşüncə və güc sahibləri kimlərdi? Çünki millət artıq ona neftin kəsif qoxusundan başqa bir şey çatmadığının fərqindədi. Millət dövlətin onunla neftin qoxusunu deyil, neftdən gələn gəliri paylaşmasını istəyir və tələb edir! Millət artıq onun da fərqindədir ki,   Azərbaycan müxalifəti heç zaman xalqı mal-qara yerinə qoymayıb. Digər tərəfdən, millətimizin kifayyət qədər ağılı və təfəkkürlü gəncləri var. Hazırda həbsdə yatan gənclərimiz Elnur Məcidli, Məhəmməd Məcidli, Bəxtiyar Hacıyev, Əhəd Məmmədli, Tural Abbaslı, Ülvü Quliyevlə  Əli Əhmədov qarşı-qarşıya durub siyasi debata girməyə risk eləməz. Bu gənclər Azərbaycanın demokratlarıdır.  Bizim miillətin içərisində gerçəyi seçən insanlar kifayət qədərdir. Onlar bu gün meydandadırlar və layiq olduqları yerlərini tutmaq üçün isə məsafə çox qısadır…

YAP heç zaman islahata getməyəcək

– Ölkə boyu narazılıqlar geniş vüsət alıb. Quba hadisələri əslində bu olayların başlanğıcı da sayıla bilər. Baş verənlər nəyin görsənişidir. Zülm artıq ərşə dirənib, yoxsa Azərbaycan da dünyadkı demokratikləşmə dalğasına qapılır?
– Azərbaycanda zülm çoxdan ərşə dirənib. Bunun nəticəsidir ki, ölkənin müxtəlif rayonlarında xalq zülmə üsyan edir.  Məmləkətimizdə  zülm o zaman ərşə dirəndi ki, Gədəbəydə bütöv bir ailə haqsızlığa etiraz edərək, özünü yandırdı. Sabirabad camaatı Kürün daşqınlarından sonra dəyən ziyana görə kompensasiya ala bilmir. Heç bir dövlətdə belə bir praktika yoxdur ki, dövlət vətəndaşına yardım ayırır və sonra da başqa “vətəndaşın”, yəni məmurunun əliylə yardımdan “yararlanır”. Bu qanunsuzluğu ifşa edən şəxsi, Oqtay Gülalıyevi isə “ünvansız söyüş söydüyünə görə” azadlıqdan məhrum edirlər… Gəncədə Azərbaycan xalqının tarixi məbədi olan Cavad xanın kitabxanası sökülür. Axı narazılıq necə son həddə çatmaya bilər ki, vətəndaşı şəxsi mülkindən çölə atırlar və sonra da bəyan edirlər ki, sənin bu torpağa haqqın yoxdur. Bunlar çox çirkin və millətimiz adına utancverən məsələlərdir. Elə Ukraynadakı tədbirlərdə də bütün bu eybəcərliklərə etiraz səsimi ucaltdım.

– Siz bir müddət hakim partiyanın üzvü olmusunuz, ona görə bunların siyasətinə yaxşı bələdsiniz. Sizcə, bu hakimiyyətin islahatlara getmək iradəsi varmı?
– Mən cəmi bir neçə ay hakim partiyada formal üzv olmuşam. Bu müddət ərzində nə maddi (üzvlük haqqı keçirməmişəm), nə də mənəvi qatqım olmayıb partiyaya. Onların sırasına “zarafatla” keçdiyimin fərqindəydilər əslində yekə yap-çılar…Belə olmasaydı Parlament seçkilərində ən azından iki dəfə gədəbəylilərin etimad göstərdiyi “partiyadaşlarına”, yəni mənə vahid namizəd siyahısında etibar edərdilər.
Oysa onlar elə özlərinə layiq, gerçək yapçını “yapdılar” Gədəbəyə…  Bu hakimiyyətin ideoloji rəhbərlərindən biri Əli Əhmədovdur. Bu partiyanın ideloqlarından biri Əli Insanov idi. Hansı ki, həbs olunandan sonra bütün səhvlərini etiraf etdi və müxalifət liderlərindən üzr istədi. Bir partiyanın siyasətini təyin edən şəxs ki, haqqını tələb edən insanları yas mərasiminə toplaşanlarla müqayisə edir, bunlardan nə islahat gözləmək olar?
Aprelin 8-dəki aksiyaya “yüksək, analitik” yanaşmayla YAP islahat eşqindən çox uzaq olduqlarını ortaya qoydu.

Məmurlar məqsədyönlü şəkildə cinayətə sürüklənir

– Azərbaycan bir çox beynəlxalq hesabatlarda mənfi yer tutur. Bəzən bu halların geniş vüsət alması məmurlarla əlaqələndirilir. Amma o da bəllidir ki, məmurlar dəyişilsə də, hakimiyyətin siyasəti dəyişmir.
– Əslində bu dövlətin oturmuş hakimiyyət vertikalının idaretmə sistemidir. Məmurlar məqsədyönlü şəkildə cinayətə sürüklənir və çoxları sonradan acımasızcasına cinayət məsuliyyətinə cəlb olunur, həbs edilirlər. Məmur təkbaşına heç nə edə bilməz. Bu dövlətin yanlış və xalqa söykənməyən siyasətidir. Ona görə də məmurun dəyişilməsi bu siyasəti dəyişmir.

– Bu yaxınlarda bir sıra rayonların icra başçıları dəyişdirildi. Amma maraqlı məqam odur ki, bir rayonda narazılıq yaradan icra başçısı başqa rayona gətirilir. Bu cür idarəçilik nə dərəcədə məntiqlidir?
– Bu çox gülünc yanaşmadır və burada heç bir məqsəd yoxdur. Sadəcə olaraq bununla hakimiyyət özü üçün vaxt udur. Tutalım Lerikin icra başçısı Samuxa və ya Gədəbəyə təyin edilir. Məntiqlə Samux və ya Gədəbəy camatı da rayonla “tanışlıq” üçün bu insana fürsət verməlidir ki, özünü göstərsin.  Bu da iqtidarın özünəməxsus siyasətidir ki, Prezident Aparatına şikayət gələndə əllərində tutarlı fakt olsun ərizəçiyə deməyə ki, icra başçısı təzə təyin olunub, bir müddət vaxt vermək lazımdır… “Bir müddət sonra” özünü göstərə bilməyən başçıya isə ən yaxın və ya ən uzaq (şərtlərə bağlı) rayonun yolu göstərilir. Bu qədər bəsit! Icra başçılarının da başlatdığı ən böyük islahat köhnə başçının tikdiyini söküb, yerində yeni “abidələr” qurmaqdır.

-Bayaq dediniz ki, layiq olanların layiq olduqları yerə çatmaları üçün məsafə qısalıb. Sizcə qısa məsafəni qət etmək üçün gün, ay, yoxsa il lazımdır?
-…AN LAZIMDIR! VƏ BU AN YETIŞIB! Mən inanıram ki, millətimiz o tarixi anın astanasındadır.

Xəyal