Bu gün Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinə start verilir. Apasport.az saytının məlumatına görə, turnirin favoritləri olan İspaniya nəhəngləri – “Real” və “Barselona” ilk görüşlərini səfərdə keçirəcəklər.
İlk oyun günündə “Real” “Bavariya” ilə çətin sınağa çıxacaq. ÇL-də inamlı təsir bağışlayan Münhen təmsilçisi final matçı öz meydanında – “Alyans Arena”da keçiriləcəyindən, ora vəsiqə qazanmağa iddialıdır. Bu mənada “Bavariya”ya evdəki yarımfinal matçında qalib gəlib, üstünlük qazanmaq vacibdir. Çünki “Real”ı Madriddə yenmək çox çətindir.
Turnirin son qalibi “Barselona” isə İngiltərədə sınağa çıxacaq. Katalonlar indiyədək ÇL-də bir neçə dəfə görüşdüyü, daha çox üstələdiyi “Çelsi”nin qonağı olacaq. London klubunun cari mövsümdə qeyri-sabit çıxışı inamlı təsir bağışlayan “Barsa”nı cütün favoriti edir. İspanlar səfərdən münasib nəticə ilə qayıdarsa, finala çıxmaq şansını artıracaq.
17 aprel
23:45. “Bavariya” (Almaniya) – “Real” (İspaniya)
18 aprel
23:45. “Çelsi” (İngiltərə) – “Barselona” (İspaniya)