Bu da sizə köhnəlik üzərində qələbənin düsturu!

Bəli, bu pərtliyin yaşanacağı gözlənilən idi. Sırtını həqiqətə dayamayanlar, gücünü yenilikdən, çağdaşlıqdan almayanlar, ən müqəddəs dəyərləri belə, asanlıqla alver predmetinə çevirməyi bacaranlar həmişə sonda rüsvay olurlar. Necə ki, oldular. Ağzını açanda tərbiyədən, əxlaqdan, mentalitetdən, milli mənəvi dəyərlərdən danışan xalqsız xalq yazıçısı Anar Rzayevin nəvəsi yaşda gənclərin ünvanına söyüşün, təhqirin biri bir qəpik olan məlum cızma-qarasından ona sitayiş edənlərin yaşadığı xəyal qırıqlığı göz önündədir. Internet sitələrindəki, sosial şəbəkələrdəki müzakirələrə baxıram: Anarın həvariləri pərtlik içindədirlər, çaş-baş qalıblar, kəkələyirlər, “Bunu Anardan gözləmirdik”, “Çox təəssüf, biz Anarı belə bilmirdik” janrındakı şərhlərin, statusların biri bir qəpikdir.
Niyə gözləmirdiniz? Niyə belə bilmirdiniz? “Xruşşovka nəsli”nin nümayəndəsindən başqa nə gözləyirdiniz? 24 ildir bir postu tutub buraxmaq istəməyən, bioqrafiyası ictimai maraqları şəxsi mənafeyə qurban verməyin parlaq nümunəsi olan, bütün həyatını güclüdən, əzəndən yana quran, əvvəl özünə babat gün ağlayıb indi də irticaya xidmətləri müqabilində “Azərtac”ın xüsusi müxbiri olan oğlunu səfir göndərməyi, sadə vətəndaşın üç birəsi olmadığı halda, qızına dövlət büdcəsi hesabına üç jurnalı birdən açan adama ümid bəsləyəndə, güvənəndə sonunun təəssüflə, peşmançılıqla, pərtliklə, xəyal qırıqlığı ilə bitəcəyini bilmirdinizmi?

***

Əvvəla, Anar “həcv”i ilə öz istedadsızlığını ortaya qoydu. Sübut etdi ki, o, sovet təbliğat maşınının əsla layiq olmadığı şəkildə şar kimi üfürərək şişirtdiyi, insanların gözündə böyütdüyü, bir növ yazıçılığa təyin etdiyi adamdır. Məlum oldu ki, onun ayıbını sovet senzurası örtürmüş, senzuradakı əjdahalar yazdıqlarının böyür-başını düzəldib, adam arasına çıxarılası şəklə salırmışlar. Ona görə də müstəqillik dövründə bir dənə də ortabab cümləsi yoxdur, çünki artıq öz “qab”ının ümidinə qalıb, “həcv”indən göründüyü kimi isə, həmin qab tamamilə boşdur. Məlum oldu ki, öz istedadının ümidinə qalanda bir çayxana aşığı ondan daha yaxşı yaza bilər. Şəxsən Anarın “həcv”indən sonra mən Namiq Qaraçuxurlunun meyxanalarının qədrini bilməyə başlamışam.
Ikincisi, Anar və onun yaşıdları – “altmışıncılar”, daha dəqiq desək, “Xruşşovka nəsli” ilə mübarizəmizin mahiyyətini əslində illərdir heç müxalif düşərgədəki çoxluğa anlada bilmirdik. Heç kimə izah edə bilmirdik ki, bu, köhnəliklə yeniliyin, aqrar düşüncə ilə çağdaşlığın, köləliklə azadlığın, gödəniyyətlə mədəniyyətin savaşıdır. 10 ildə bu mübarizədə hər kəs bizə qarşı oldu. Sıralarında olduğumuz müxalif cəbhə belə, Anar, “altmışıncılar” söhbətlərində bizə qarşı dayandı. Sırtımızdan vurulduq. Qəzetdən qəzetə qovulduq. Təhqirlər eşitdik. Aşağılandıq. Xor görüldük. Amma hamısını sinəyə çəkdik. Prinsiplərimizdən geri addım atmadıq. Bütün məşəqqətləri göz önünə aldıq.
Beş-on nəfərlik bir dəstə ilə əllərində hər cür imtiyazlar, səlahiyyətlər cəmləşmiş, ictimai rəy və KIV üzərində hegemon olan güruhun üzərinə qorxmadan, çəkinmədən yürüdük. Azərbaycanda monarxiyaya nəfəs verən, irtica rejimini ayaqda tutan, onun nüvəsini təşkil edən tabuları yıxdıq, kompleksləri dağıtdıq, divarları uçurduq, maskaları yırtdıq, vintləri, vintcikləri boşaltdıq. Həqiqəti söyləmək yeddi arxa dönənimizin söyülməsi, aşağılanması hesabına başa gəlsə də, vecimizə olmadı, doğru bildiyimiz yolda hər gün daha mətin, daha cəsur addımladıq.   
Və bu da son! Bu da xoşbəxt son!
Biz qalib gəldik. Bəli, Anarın “həcv” adlandırdığı söyüş mətnciyi bizim qələbəmizdir. Yeniliyin köhnəlik, gələcəyin keçmiş, çağdaşlığın aqrar düşüncə, azadlığın köləlik, mədəniyyətin gödəniyyət üzərində qələbəsinin rəsmiləşməsi, təsdiqidir. Bizim illərdir kiçik bir təbəqə istisna olmaqla, heç kimə başa sala bilmədiyimiz həqiqəti sağ olsun, xalqsız xalq yazıçısı özü anlatdı. Özü özünü ifşa etdi, özü özünü ələ verdi. Bu, Azərbaycanda köhnəliyin ləğvi adına ilk və böyük qələbədir.
Biz işimizi gördük. Mənim üçün artıq Anar bitmiş mövzudur. Mən bu mövzunu özüm üçün bir daha açılmamaq üzrə qapayıram. Istədiyimizə nail olduq. Kimlərsə bu həngamədən sonra ona köləlik etməkdə davam edəcəksə, mənim belələrinə daha sözüm olmayacaq. Görünür, qələmin düzəldə bilmədii qozbelləri doğurdan da, qəbirə həvalə etmək lazımdır.
Bundan sonra illərdir apardığımız savaşın sonundakı qələbənin dadını çıxarmaqla məşğul olacam. Həqiqətən böyük uğurdur. Mübarizənin nəticəsiz qalmaması adama böyük zövq verir. Illərin canımdakı yorğunluğunun çıxdığını hiss edirəm. Xoşbəxtəm.

***

Və sonda:
Bu qələbədən hər kəs dərsini almalıdır. Başda da siyasətçilərimiz! Ədəbi, mədəni müxalifətin uğuru siyasi müxalifət üçün mayaka çevrilməlidir. Yolgöstərən olmalıdır.
Biz öz qələbəmizlə siyasi müxalifətə köhnəlik üzərində qələbənin ilk baxışda sadə, əslində isə çox çətin, amma real reseptini təqdim edirik: prinsiplərə sadiqlik. Ardıcıllıq. Qərarlılıq. Hədəfə qarşı amansız və aramsız mübarizə.  Komplekssizlik. Bəlli oyun qaydalarına tabe olmaq əvəzinə öz oyun qaydalarını yaratmaq və onu diqtə etmək. Hazır qəliblərə sığmamaq. Dar düşüncəyə yenilməmək və geniş açılmaq.  
Buyursunlar, onlar həqiqətən də Azərbaycanın keçmişin, köhnəliyin, köləliyin, irticanın buxovlarından azad edilməsini istəyirlərsə, bu resepti öyrənsinlər və tətbiq etsinlər. Ki, qələbələrimizin ardı gəlsin. Köhnəlik bütün sahələrdə acı məğlubiyyətini dadsın.
Sonda hamınızı köhnəlik üzərində ilk və möhtəşəm qələbə münasibəti ilə təbrik edirəm.
Gələcək bizimdir!!!