2 aprel məhbuslarının müraciətinə baxılmadı

Bakıdakı 16 saylı Cəzaçəkmə Müəssisəsində 2011-ci il aprelin 2-də İctimai Palatanın paytaxtda keçirdiyi etiraz aksiyasına görə həbs olunan müsavatçılar Arif Hacılı, Ülvi Quliyev və AXCP üzvü Zülfüqar Eyvazlının cəzasının daha yüngül cəza ilə əvəzlənməsi üçün Suraxanı Rayon Məhkəməsinə etdiyi müraciətə baxılacağı xəbəri doğru çıxmayıb.

“Məhkəmə Arif Hacılının və digər vicdan məhbuslarının müraciətinə baxmadı”. Aprelin 17-də “Media forum” saytına açıqlamasında Arif Hacılının qardaşı Mustafa Hacıbəyli belə deyib.

Mustafa Hacıbəyli bildirib ki, fevral ayından başlayaraq Penitensiar Xidmət Arif Hacılının və digər vicdan məhbuslarının cəzalarının dəyişdirilməsi ilə bağlı müraciətlərini məhkəməyə təqdim etmir: “Bu gün Bakının 16 saylı Cəzaçəkmə Müəssisəsində məhkəmə oldu. Bəzi məhbusların müraciətlərinə baxıldı. Amma təəssüf ki, Arif Hacılının və digər vicdan məhbuslarının müraciətlərinə baxılacağı gözləntiləri doğrulmadı. Məlum oldu ki, Penitensiar Xidmət heç bir izahat vermədən bu müraciətləri məhkəməyə təqdim etməyib. Bu, ölkədə qanunsuzluğun hökm sürməsinin növbəti bariz nümunəsidir. Belə görünür ki, Azərbaycanda hətta müraciətin məhkəməyə çıxarlılması belə müşküldür”.

Arif Hacılı 2 il 6 ay, Ülvi Quliyev 3 il, Zülfüqar Eyvazlı 1 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.