Sabirabadın etirazçı kəndində həbslər başladı
Ötən həftə Sabirabadda etirazların qalxma nöqtəsinə çevirilən Minbaşı kənd icra nümayəndəliyində “sabitliyi” bərpa etmək üçün hökumət dairələri əks addım atmağa başlayıb.
Belə ki, bazar günü nümayəndəlik ərazisində 3 nəfər qəflətən həbs olunub. Onlardan biri Gülverdi Mahmudov əxlaqsızlıq yuvası saxlamaqda, Mənsur Yolçiyev və Cavid Hacıyev isə narkotik istifadəsində ittiham olunur. Həbsi Bakıdan gələn “qara maskalı” xüsusi dəstə gerçəkləşdirib.
Kənddəki mənbələr həbsin motivlərini qurama sayır. Onlar bu hadisəni camaatda xof yaratma planı kimi dəyərləndirirlər. Mənbələr bildirir ki, “qara maskalı”lar əməliyyatdan sonra gündüz saatlarında da kənd içində gəzməklə insanlara psixoloji təsir göstərirlər.
Həbs olunanların şəxsiyyətinə gəlincə, bildirilir ki, Gülverdi Mahmudov kəndin kənarında xırda, uçuq yeməkxana sahibdir.
Onun cəzalandırılmasına əsas səbəb aksiyaların təşkilatçılığında tutduğu fəal mövqedir. Həbs olunan o biriləri isə keçən həftə icra hakimiyyəti ünvanına kəskin şüarlar səsləndirmələri ilə yadda qalıb.
Novruz