“Mənə “azəri professor”’ deyilməsi xoşuma gəlmir”

“Hürriyet” Giresun Universitetinin Azərbaycandan olan rektoru haqda geniş məqalə yazdı

Türkiyənin nüfuzlu “Hürriyet” qəzeti azərbaycanlı alim, bu yaxınlarda Giresun Universitetinin rektoru təyin edilən professor Aygün Attarın həyatı və elmi fəaliyyətindən bəhs edən geniş məqalə dərc edib.

Modern.az saytı xəbər verir ki, A.Attarın Türkiyədəki 165 universitetin 8 qadın rektorundan biri olduğunu xüsusi vurğulayan qəzet azərbaycanlı alimi qardaş ölkədə giresunluların “Çotanak rektor” (“çotanak” iç Anadolu bölgəsində təzə yetişmiş, tam, bütöv anlamındakı sözdür) adlandırdığını yazıb.
“Hürriyet”in ”En çotanak rektor” adlı məqaləsində Aygün Attarın həyatından ətraflı məlumat verən müəllif Faruk Bildirici alimin yaşamının müxtəlif dövrlərini onun öz dilindən təqdim edib.

Bakıda doğulduğunu, uşaqlıq və gəncliyinin, tələbəliyinin kommunist ideologiyasının hakim olduğu mühitdə keçdiyini qeyd edən Aygün xanım Bəxtiyar Vahabzadə, Mahmud İsmayılov və digər ziyalılarımızın sayəsində milli kimliyini dərk etdiyini bildirib.

A.Attar milli-azadlıq hərəkatının ilk günlərindən mübarizəyə qoşulduğunu deyərək, 20 Yanvar hadisələri və Xocalı soyqırımı haqqında da ətraflı məlumat verib. Məqalədə Aygün xanım daha sonra özü haqda bunları danışıb:

Türkiyənin “qısıq səsi”

– Sovetlər Birliyi dövründə Bakıda doğuldum. Təhsilin, səhiyyənin pulsuz olduğu, insanların idman üçün təşviq edildiyi, radio və TV-lərin hər gün Sovet ideologiyasına dair yayımı və dəmir pərdə deyilən bir dünya. O pərdənin xaricində dünyalar olduğunu universitetə başladığım 1980-ci ildə öyrəndim. Sovetlər, perestroyka (yenidənqurma) dövrünə gedirdi. Siyasi sahədə təhsil alan biz gənclər, dünyada fərqli şeylər olduğunu fərq etmişdik. Onsuz da daha əvvəl də müəllimlərimiz, sətir aralarında azərbaycanlı deyə bir millətin olmadığına dair mesajlar verirdi. İnsanların nəsildən-nəsilə köçürdüyü bir Türkiyə sevdası vardı. Rəhmətlik anam və atam da bizə Türk millətindən olduğumuzu, eyni dili danışdığımız böyük bir dövlətin olduğunu izah edərdi. Gecənin gec saatlarında səsini qısaraq, “Türkiyənin Səsi” və “Amerikanın Səsi” radiolarını dinləyirdilər. Bizim üçün çox şey ifadə edərdi o radio.

“Rus tanklarının qarşısında dayandım”

– Bəxtiyar Vahabzadə və rəhmətlik Əbülfəz Elçibəy təsirli oldu Türk dünyasıyla inteqrasiya olunmamızda. Nə xoşbəxt mənə ki, 1960-cı illərdə Türk olduğumuzu yazdığı üçün mühakimə olunan professor Mahmud İsmayıl müəllimim idi. “Perestroyka” dövrüylə birlikdə özümü meydanlarda kütlənin içində “Türkiyə-Azərbaycan, bir ürək bir can” deyə qışqırarkən tapdım. Həmişə ön sıralardaydım. Xalq Cəbhəsində aktiv bir vəzifəm yox idi. Amma 20 Yanvar 1990-cı ildə rus tankları Bakıda mərhəmətsiz bir qırğın törədəndə gözümə heç nə görünmədi. Səhərə qədər insanlarla tankların önündəydim. Rus əsgərləri “Kalaşnikov” avtomatıyla sinəmə vuraraq geri itələdi, “Niyə  bu qədər nifrətlə baxırsan?” deyə də soruşdular.

“Polis ‘Tayyib” sözünü görüncə ayağa qalxdı”

– Pasportumuzda milliyyətimiz azərbaycanlı yazılardı. İndi də Türkiyədə mənə “azəri professor”’ deyilməsi xoşuma gəlmir. Ən doğrusu, “Azərbaycan Türkü” deyilməlidir. Mən də Türkəm çünki. Araya zorakı bir sovet müddəti girdi, Anadolu Türkü ilə Azərbaycan Türkü arasında fərqliləşmə oldu. Son illərdə mədəni yaxınlaşma yenidən doğulur. Türkiyəyə ilk gəldiyimdə yaşadıqlarımı heç unuda bilmirəm. 1989-cu il idi. Pasportum oraq çəkicli idi. Moskva üzərindən təyyarəylə İstanbula endiyimizdə bir Türk polisi yanındakına “Kommunistlərin təyyarəsi endimi?” deyə soruşdu. Sonra təhlükəsizlik xidmətinə getdim qeydiyyat üçün. Oradakı polis pasportda atamın adının Tayyib, anamın adının Zümrüd olduğunu görüncə ilan sancmış kimi yerindən tullandı. Gözlərini açaraq mənə baxdı. Yan masadakı yoldaşına “Yahu bu Türk” deyə qışqırdı. Əsir Türklərlə əlaqədar bir fəryad idi bu. Onların xaricdə yaşayan Türklərlə əlaqədar yetərli məlumatları yox idi.

İlk demokratik Türk Cümhuriyyəti

– Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun imtahanında yüksək bal topladım və o həyəcanlı duyğularım səbəbiylə Türkiyəni seçdim. Azərbaycan tarix elmində ilk dəfə Azərbaycan milli hökumətinin Türkiyədəki fəaliyyət tarixini doktorluq mövzusu seçdim. Türkiyə təbii bir laboratoriya idi mənim üçün. O hökumətin üzvlərini Ankarada tapdım. O ruhu itirməmiş insanlarla görüşmək həyata baxışımı dəyişdirdi. Araşdırmalarımı bitirdikdən sonra müdafiə işini də Türkiyədə etməm üçün mesajlar gəldi. Lakin doktorluq diplomunun Rusiya Elmlər Akademiyasından alınması əhəmiyyətli idi. Rəyasət Heyətindəki müəllimlər kitablarında Azərbaycan milli hökumətini vətənə xəyanət edən bir respublika olaraq yazmışdılar. Mən də o hökumətin “Milli və ilk demokratik Türk Respublikası” olduğu tezisi müdafiə edirdim. İşin maraqlı tərəfi doktorluq işimin elmi rəhbəri olan müəllimimin gözyaşları içində “Bu gün Azərbaycan tarixinin ağlanıldığı gün. Bizim edə bilmədiyimizi bu kiçik qız etdi. Bu cəsur qızımıza vicdanınızın səsini dinləyərək səs verin” deməsi idi. Səsvermədə lehimə səs verdilər. Sevinc qışqırıqları ataraq, “artıq Sovetlər Birliyi bitdi. Bu da onun çöküşünün sənədi” demişdim. Bir il sonra dosent oldum.

Ermənistandan tələbə qəbul edəcəyik

– Baş nazirlik Atatürk Araşdırma Mərkəzi, valilik və universitet Giresunda Cümhuriyət həftəsi səbəbiylə 2007-ci ildə bir orqanizasyon yapmıştı. Bu anda Tunceli qubernatoru olan Mustafa Taşkesen də “bizim universitetimizdə heç kadrolu professor yox. Burada vəzifə yerinə yetirərsinizmi?” dedi. Qaradəniz də coğrafi olaraq böyüdüyüm bölgəyə çox yaxındı. Qəbul etdim. 2010-cu ilin iyun ayında 6 namizəd seçkiyə girdik. YÖK məni 1-ci siyahıya yerləşdirdi. Namizədlərdən biri tək səs almışdı, qəzetlərdə xəbər oldu. Amma siyahıdakı şəxs istefa verincə müddət tıxandı. Başqa bir nəfər da məhkəməyə müraciət etdi. Hüquqi müddət tamamlanınca siyahıya bir ad əlavə olundu.
Bir müddət öncə Cümhurbaşqanı da məni rektor təyin etdi. Azərbaycanda həm iqtidar, həm də müxalifət qəzetləri bir həftə boyunca “Qardaş Türkiyədə ilk dəfə bir Azərbaycan Türkü və qadın rektor oldu” deyə yazdı.
İctimai elmlərdə önə çıxan fərqli bir universitet qurmaq istəyirəm. Giresun Universitetini cazibədar hala gətirilmənin yolu xaricdən tələbələrin alınmasıdır. Ukrayna, Gürcüstan hətta Ermənistandan tələbə alına bilər. Hədəflərimdən biri budur. Bir başqa əhəmiyyətli proyektim Xəzər Qaradəniz Araşdırmaları İnstitutu qurmaqdır. Qısa adı da HAKAREN olacaq. Çox cəsur bir şəkildə dörd il üst-üstə Beynəlxalq Qaradəniz Simpoziumu keçirdik. İnanıram bu ilki beşinci simpoziuma Ermənistan da qatılacaq. İngiliscənin yanında rusca və farsca bilməm üstünlük təmin edir. Azərbaycanda dərs kitabı olan kitablarım var: “Osmanlı dövləti ilə Səfəvi dövləti arasındakı münasibətlər”’. Bir məzhəb dövlətinin qurulmasında tətbiq olunmuş siyasət var orada. Yavuz Sultan, ya da Şah İsmayıl nöqteyi-nəzərindən hadisələrə baxsanız, Türkiyə-İran münasibətləri çox daha fərqli nöqtəyə gedər.