Aprelin 16-da Nemət Pənahlı həbsxanada anası Sara Pənahlı ilə görüşüb. Bunu “Media forum” saytına Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı deyib.
O bildirib ki, Sara Pənahlı 17 saylı Cəzaçəkmə Müəssisəsinə nəvələrinin yardımı ilə aparılıb: “Sara xanım nəvələrinin qucağında ora aparıldı. Görüş 10 dəqiqə çəkdi. Qayınanam xəstə olduğundan çox otura bilmədi. Danışanda insan haqları deyirlər. Amma elementar bir haqqı bu dərəcədə tapdayırlar. İki aydır xəstə anası ilə görüşmək üçün Nemətə yarım saatlıq icazə vermirlər. Axırda məcbur qaldıq yaşlı, xəstə qadını o vəziyyətdə görüşə aparaq”.
Həcər Pənahlı deyib ki, Nemət Pənahlının səhhəti həmişəki kimidir: “Hər hansı dərman lazım olanda alıb göndərməsək, dərman tapmayacaq. Orda tibb xidmətinin səviyyəsi çox aşağıdır”.
Nemət Pənahlı 1962-ci ildə Naxçıvanda doğulub. 1988-ci ildə başlanan milli azadlıq hərəkatının öncül simalarından, Azərbaycan Xalq Cəbhəsinin qurucularından olub.
2011-ci il yanvarın 8-də tutulub, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham edilib və 6 il müddətinə azadlıqdan məhrum olunub.
2012-ci ilin yanvar ayında Nemət Pənahlının atası Əhəd Pənahlı vəfat edib. Ailənin Nemət Pənahlının müvəqqəti azadlığa buraxılması üçün dövlət qurumlarına müraciəti nəticə verməyib. Nemət Pənahlının anasını yoluxmasına imkan verilməsi üçün edilən müraciətlər də nəticəsiz qalıb.