Cəbhəçi xanımlar qadınları ictimai-siyasi həyatda fəal olmağa səslədi
Dünən Azərbaycan Xalq Cəbhəsi Partiyası Gənclər Komitəsinin Qadınlar şöbəsi VHP-nin akt zalında qadınların hüquqları və ictimai-siyasi proseslərdə iştirakına həsr olunmuş “Zərif Gələcək” adlı tədbir keçirdi. Tədbirin aparıcısı Bəyim Həsənli qadınların siyasi proseslərdə iştirakının vacibliyini önə çəkdi. Komitənin Qadınlar şəbəsinin rəhbəri Kama Sergeyevna qadınların problemləri ilə bağlı məruzə etdi. Xanım Sergeyevna qonaqları salamlayaraq bildirdi: “Tədbirin məqsədi hüquqlarımız, həmcinslərimizin həyatı haqda düşünməkdir. Biz bu ölkədə az deyilik. Xalqımızın 50,4 faizi (4 milyon 661,7 min nəfər) bizik, qadınlardır. Bu, yarıdan çox deməkdir. Bunun qarşılığında Azərbaycan qadını xoşbəxtdirmi? Bizim zərifliyimizə hörmət olunurmu? Sözdə deyildiyi kimi, biz önə çıxa bilirikmi? Ya biz öz haqlarımızı tələb edə, hüquqlarımızı qoruya bilirikmi? Bizim durumumuz çox ağırdır. Hər yerdə tapdalanırıq. Baxın, qadın-kişi bərabərsizliyində Azərbaycan 135 ölkə arasında 91-ci yerdədir. 2011-ci ildə Dünya Iqtisadi Forumu qadın bərabərsizliyini müəyyən etmək üçün 4 sahə üzrə göstəricilər əsasında hesabat hazırlayıb: iqtisadiyyatda və siyasətdə iştirak və imkanlar, təhsilə çıxış, sağlamlıq. Qanunvericilər, rəsmi vəzifəlilər arasında da qadınlar azdır. Azərbaycan 117-ci yerdədir. Ümumiyyətlə, dövlət qulluğunda çalışanlar arasında qadınların çəkisi 28,3 faiz, sahibkarlar arasında isə 16,2 faizdir. Milli Məclisdə qadın deputatların xüsusi çəkisi 16 faizdir. Qadınların ibtidai təhsilə çıxış imkanlarına görə isə Azərbaycan 101-ci yerdədir. Bu sadaladıqlarım Dünya Iqtisadi Forumunun 2011-ci il hesabatındandır.
Ölkəmizdə qadınlarla bağlı üç əsas problem, fikrimcə, bütün problemlərin başlanğıcı deməkdir. Bunlar qadınların hakimiyyətdə, dövlət strukturlarında təmsilçiliyinin mümkünsüzlüyü, ictimai nüfuzda mövcudluq və mülkiyyətə sahibliyin zəifliyidir. Qadınların siyasi sosiallaşması üçün dövlətin proqramı yoxdur. Azərbaycan qadınının cəmiyyətdə, ölkənin siyasi həyatında fəal iştirakına əngəllərdən biri ifadə azadlığının olmaması, siyasi hakimiyyətin cəmiyyətdə yaratdığı qorxu və demokratik seçki problemidir. Siyasi proseslərə qoşulan xanımlar ya valideynləri, ya təhsil aldıqları müəssisələrin, ya iş yerlərinin rəhbərləri tərəfindən ciddi təzyiqlərlə üzləşir. Seçkilərin demokratik keçiriləcəyinə inam olmadığı üçün əksər qadınlar prosesdən kənarda qalır”.
AXCP Rəyasət Heyətinin üzvü Səadət Cahangir çıxışında bildirdi ki, Azərbaycan qadınının ictimai-siyasi həyatda rolu böyük olub. “Sovet rejimi dövründə bizim qadınlar repressiyaya məruz qaldı. Peşəkar musiqiçi Xədicə Qayıbova, Naxçıvanda, Qərbi Azərbaycanda qız məktəblərinin açılmasında mühüm rolu olan Nazlı xanım sərt repressiyaların qurbanı olublar. Milli Azadlıq Hərəkatı dövründə böyük sayda azərbaycanlı gənc xanımlar hərakata qoşulmuşdular, tankın qarşısında dayanırdılar və sonda kişilərlə birgə biz qadınlar ölkəmizin azadlığına nail olduq. O zaman mübarizə aparmaq indikindən asan idi. Biz indi görürük ki, mübarizə kişiyana aparılmır. Xədicə Ismayıla qarşı olanlar buna sübutdur”.
Müsavat başqanının müşaviri Yeganə Hacıyeva bildirdi ki, azad qadın olmayan ölkədə inkişaf da olmayacaq: “Əgər normal təhsil ala bilmiriksə, yaşaya bilmiriksə, buna susmamalıyıq. Əgər bu gün bizə cəmiyyətdə qadağalar varsa, bizim seçim hüququmuz yoxdursa, biz buna qarşı qadının liderliyini ortaya qoymalıyıq”.
AXCP Gənclər Komitəsinin üzvü Xanım Mustafayeva: “1976-ci ildə Argentinada Videla hakimiyyəti çevriliş yolu ilə ələ keçirmiş 9-cu generala qarşı on dörd qadın birləşərək ölkədəki haqsızlığa, övladlarının, ərlərinin yoxa çıxmasına etiraz bildirdi və onlara yüzlərlə qadın qoşuldu. Hakimiyyətin süqutuna gətirib çıxaran bu hərəkat ”Ağ çalmalı analar hərəkatı” adlanırdı. Düşünürəm ki, bəs niyə bizdə bu baş verməsin? Bizim qadınlarımız hansı keyfiyyətinə görə argentinalı analardan əksikdir? Təbii ki, burda bir problem var ki, birləşib proseslərə qoşulmaq lazımdır. Inanıram ki, gənc xanımlar bu prosesə start verərsə, nəticəsi bizim gözlədiyimiz kimi olacaq”.
Regional Qadın Təşəbbüsləri Ictimai Birliyinin sədri Mehriban Əliyeva: “Regionlarda qadınlara bir sıra qadağalar qoyulur ki, bunun nəticəsində onlar kafelərə gedə, taksiyə otura və hətta küçədə normal gülə bilmir. Mən Şəki şəhərində qadınların ictimai həyatda fəallaşması üçün bir sıra tədbirlər həyata keçirməyə çalışdım. Şəkinin mərkəzində qadınlar üçün kafe açdım, ancaq burda da bir sıra maneələr yarandı. Istədiyimiz hər şeyə nail ola bilərik, ancaq gərək fərdin özü nəyəsə çalışsın. Indi qadınlarla bağlı ölkədəki bütün problemləri həll etmək olar. Təki onlar özləri buna səy göstərsinlər”.
Cəbhəçi xanım Zərifə Isgandərli xanımların fəal olmamasından danışdı: “Təəssüf ki, ictimai-siyasi tədbirlərdə xanımlar fəal iştirak etmir. 20 ildir ki, mentalitet deyilən bir şey Azərbaycan qadınını zəncirdə saxlayır. Hətta Azərbaycan qadınının vəziyyəti Afrika ölkələrindəki qadınların vəziyyətindən də ağırdır. Dini rejimin olduğu Iranda qadınlar artıq ”qara”dan qurtulublar. Aksiyalara və digər kütləvi tədbirlərə rəngarəng geyimlərdə qatılırlar. Azərbaycan qadını da rəngarəngliyə və ən yaxşılara layiqdir”.
Tədbirdə AXCP Qadınlar şurasının üzvü Nüşabə Atakişiyeva “20 Yanvar” hadisələrində iştirakından danışaraq ovaxtkı fədakarlığını iştirakçıların diqqətinə çatdırdı.
Digər cəbhəçi xanım Kəmalə Azər azərbaycanlı qadınların məhrumiyyətlərinin və hüquqsuzluğunun başlıca səbəbinin Əliyev hakimiyyətində olduğunu bildirdi.
Sonra AXCP Gənclər Komitəsinin üzvü Türkel Quliyeva ölkə qadınlarına komitənin çağırışını səsləndirdi: “Biz AXCP Gənclər Komitəsi olaraqÿAzərbaycan qadınını öz övladının xoşbəxt gələcəyinə və ailəsinin möhkəm təməl uğrunda qurulmasına dəstək verməyə çağırırq.ÿBiz Azərbaycan qadınını öz taleyinə biganə qalmamağa, laqeyd olmamağa çağırırıq.ÿBiz Azərbaycan qadınını istismar edilən əməyinin, qiymətləndirilməyən zəhmətinin hesabını sormağa çağırırıq.ÿBiz Azərbaycan qadınını şou proqramları, teleserialları, boykot edib, faciəmizin birgə həllinə dəstək verməyə çağırırıq.
Biz qadın müəllimləri, həkimləri, öz qiymətlərini, həqiqi qiymətlərini əldə etmək üçün mübarizəyə səsləyirik.ÿBu gün dünyanın harasında demokratiya, azadlıq, hüquq, sosial bərabərlik bərqərar olubsa, bu, kişilərlə bərabər qadınların da mübarizə aparması nəticəsində mümkün olub. Biz inanırıq ki, Azərbaycan qadınları bizim zəruri və haqlı çağırışımızı düzgün qiymətləndirəcək. Öz sabahına biganə qalmayacaq”.