Əliyevlər Heydər Əliyevlə vidalaşıb

Geniş səma altında kimin bəxtinə 3-4 kitab oxumaq düşübsə, bu adamları heydərzim adlı ideologiyanın saxtalığına inandırmaq su içmək qədər asandır.
Heydər Əliyevə 9 milyon heykəl qoyulsa da, bir o qədər də bu adda mərkəz açılsa da, heydərizm sabahı olmayan bir hadisədir.
Heydərizm uzaqbaşı “bitkisəl həyat” keçirən varlıqdır. Ona süni həyatı hakimiyyət verir. Hakimiyyətin olmadığı birinci dəqiqədəcə heydərizm Odlar Yurdundan səssiz-küysüz yox olacaqdır.
Ümummilli lider, ölməz günəş, az qala xalqımızın atası kimi təbliğ edilsə də Heydər Əliyevin Azərbaycan tarixində heç bir möhür sayılacaq hadisəsi yoxdur. Bunu Natiq yazdığı üçün “xroniki müxalifətçilik xəstəliyinə düçar olan bir müəllif belə də düşünməlidir” deyə bilərsiniz. Deyin, ancaq bir az ehtiyatlı.
Hakim ailənin ölkədən kənarda, mötəbər məclislərdə çıxışlarını, müsahibələrini çox oxumuşam. Bu günlərdə Heydər Əliyev Fondunun vetse-prezidenti Leyla Əliyevanın müsahibəsini də oxuyanda bu müsahibələrdə ortaq bir məqamın altından qırmızı xətt çəkdim.
Hakim ailə o mötəbər yerlərdə, müsahibələrdə Heydər Əliyev faktorunun gücsüzlüyü ilə özləri də razılaşır, hesablaşır.
Konkret fakta müraciət edək. 12 apreldə hakimiyyət mətbuatında yayılan müsahibədə ABŞ jurnalisti Leyla Əliyevadan ölkəmizi hansısa cəhətləri ilə xaricdə tanıtmaq üçün fikir soruşur.
Əlbəttə ki, Leyla xanım ötən əsrin 70-ci illərində Heydər Əliyevin rəhbərliyi altında ölkəmizin miylonlarla ton pambıq, üzüm tədarük etdiyini, 2 dəfə keçici qırmızı bayraq aldığını, “xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qaydışını”, kondisioner zavodu, Gülüstan sarayı tikməsini, Çoban Xanışla apardığı mükalimələri, OMON-çuları gülləbaran etdiyini və s. sadalamayıb. Düz də edib. Dünya üçün belə şeylər mənasızdır, sıradan bir hadisədir.
Bəs Leyla xanım ölkəmizin dünyada fəxr doğurası hansı cəhətlərini demiş?
Bir: Azərbaycan müsəlman şərqində ilk demokratik dövləti qurub.
Iki: Azərbaycan ABŞ, Ingiltərə və Isveçdən əvvəl 1918-ci ildə qadınlara səsvermə hüququ verib.
Üç: Şərqdə ilk orepa və balet Azərbaycanda yaranıb.
Dörd: Ölkəmizdə ilk dünyəvi qızlar məktəbi 1901-ci ildə açılıb.
Təkrarda bir fayda görürəm, bu sadalananları hakim ailə mötəbər tribunadan daim səsləndirib.
Heydərzimin bənnaları səviyyəsində şahid oluruq ki, bu “binanın” dayaqları necə zəif və kövrəkdir. Indi, lütfən kim “yox canım, Heydər Əliyevin tariximizdə misilsiz, analoqsuz rolu var” iddiasındadırsa, mübahisəsini, polemikasını Əliyevlər ailəsi ilə aparsın, bizim vaxtımızı almasın.
Azərbaycanın başını ucaldan dəyərləri, hadisələri sadaladığına görə gəlin hakim ailənin bütün üzvlərinə təşəkkür edək. Ancaq, vurun məni öldürün, bu hadisəni qədirbilənlik kimi qiymətləndirə bilmirəm.
Azərbaycanda demokratik cumhuriyyəti quran, qadınlara seçki hüquq verən M.Ə.Rəsulzadə və onun əqidədaşları deyildimi? Onlar idi. Bəs Rəsulzadə və yoldaşlarının dəyərini niyə vermirlər?
Azərbaycan hökuməti qotur eşşəyə-ata verməyə pul tapır, amma Cümhuriyyət qurucularının xatirəsini əbədiləşdirməyə gələndə canlarına azar dolur.
Qızlar məktəbini açan Hacı Zeynalabdin Tağıyev barədə isə hökumət zümrələrinin dilindən bir kəlmə belə eşitməmişik. Sanki xeyriyyəçiliyin banisi o yox, Heydər Əliyev Fondudur.
Opera və baletin yaradıcısı Üzeyir Hacıbəylinin adını konservatoriyadan mənim atam yox, Ilham Əliyevin atası ləğv etmişdi.
Beləliklə biz, balaca bir çıxışla Azərbaycan hakimiyyətinin xarakterini və mahiyyətini cıza bilirik. Cizginin konturları belədir: Biz bu xalqa, bu dövlətə heç nə uğur, öyüləcək şey verməmişik, amma gəlib-keçən bütün öyüləcək işlərin müəllifliyinə iddialıyıq. Bir sözlə, ağanəzərik, belə gəzərik.