baki

Hakimiyyət daxilində “tikinti davası”

Şəhərsalma və Tikinti Məcəlləsi məmur-oliqarxları üz-üzə qoyub

Şəhərsalma və Tikinti Məcəlləsi layihəsi hakimiyyət daxilində yeni ziddiyyətlərin əsasını qoyub. Xüsusilə məcəlləyə nəzərdə tutulan yeniliklərdən biri –  tikintiyə icazənin verilməsi ilə bağlı “vahid pəncərə” prinsipinin tətbiq olunması iki qurumu – Fövqəladə Hallar Nazirliyi ilə icra hakimiyyətlərini üz-üzə qoyub.
Məlumat üçün deyək ki, “vahid pəncərə” prinsipi tikinti aparmaq istəyən şəxslərin vahid quruma müraciət etməsini, bütün sənədləri də həmin quruma təqdim etməsini nəzərdə tutur. Yəni, faktiki olaraq bu məsələ bir qurumun əlində cəmləşəcək. Lakin bunun hansı qurum olacağı hələ bəlli deyil. Yeniliklərlə bağlı uzun müzakirələrə baxmayaraq hələ vahid qurum müəyyənləşdirilməyib.
Məlumatlara görə, Bakı, Sumqayıt, Gəncə, Lənkəran və digər iri şəhər və rayonların icra başçıları bu səlahiyyətin onlara verilməsinə çalışır. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov isə FHN-inin vahid quruma çevrilməsini istəyir. Çünki bu milyonlarla manat vəsaiti ələ keçirməkdir.     
Məlumatlarda deyilir ki, hazırda bu məsələ ilə bağlı ilə hakimiyyətdaxili qruplar arasında amansız mübarizə gedir. Sirr deyil ki, icra başçıların əhəmiyyətli hissəsi iri çəkili məmur-oliqarxların nəzarətindədir. Bu isə həm də icra başçılarının rəhbərlik etdikləri rayonların oliqarxların nəzarətində olması deməkdir. Azərbaycanın bu sayaq xanlıqlara bölünməsi də təsadüfi deyil. Hər bir məmur-oliqarx nəzarətində olan rayona gəlir mənbəyi kimi baxır. Tikinti ilə bağlı “vahid pəncərə” sistemi də yeni gəlir mənbəyidir və oliqarxlar bu mənbəni əldən buraxmaq istəmirlər. Ona görə də Kəmaləddin Heydərovun planlarına qarşı ciddi dirəniş var. Bu isə vahid qurumun müəyyənləşdirilməsini uzanmasına səbəb olub.