Nazir ona qarşı hansısa planların olduğunu düşünür
Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov təşviş içindədir. Buna səbəb son vaxtlar daha çox onun rəhbərliyi etdiyi qurumla bağlı şikayətlərin, neqativ halların ictimailəşməsidir.
Məlumat üçün deyək ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin quruma daxil olan şikayətlərlə bağlı açıqlamalarında daha çox Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adı çəkilir. Bundan başqa hökumətin korrupsiya şousu zamanı bu həbslərin böyük əksəriyyəti bu nazirliyin əməkdaşlarına qarşı həyata keçirilib. Bütün bunlar isə Füzuli Ələkbərovu narahat etməyə başlayıb. Nazirin yaxın ətrafına daxil olan şəxslər bildirir ki, Füzuli Ələkbərov baş verənlərin arxasında xüsusi məqsədlərin dayandığı qənaətindədir: “Doğrudur, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nöqsanlar, rüşvət və korrupsiya halları var. Nə nazir, nə də biz bunu danmırıq. Lakin bu hallar hansı dövlət qurumunda yoxdur ki? Məgər Dövlət Gömrük Komitəsi, Nəqliyyat Nazirliyi və digər dövlət qurumlarında hər şey qaydasındadır? Bu qurumlar da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən geri qalmırlar. Lakin nədənsə onların adı çox hallanmır”. Məlumat üçün deyək ki, Füzuli Ələkbərov Ilham Əliyevin kadrı hesab olunur. Nazir son vaxtalara qədər elə bu baxımdan arxayın olub. Lakin adının daha çox hallanması və bu prosesin davam etməsi onu əndişələnməyə məcbur edib.
Hikmət