İcra başçıları, yoxsa bazarkomlar?

Sayını dəqiq bilmirəm, təxminən 70-80 olar, bəlkə də bir az çoxdur, bu, o qədər də önəmli deyil. Önəmli olan prezident Ilham Əliyevin sərəncamı ilə vəzifə kreslosuna oturan icra başçılarının özlərini bazarkom kimi aparmalarıdır.
Azərbaycanın elə bir rayonu yoxdur ki, o rayonda icra başçısı özünü bazarkom kimi aparmasın. Bir rayon tapa bilməzsən ki, orada icra başçısı haqqında xoş sözlər söyləyirlər. Bu zatların hamısı elə bil eyni mərkəzdən xalqa zülm etmək və sərvət toplamaq üçün xüsusi təlimat alıb. Qanun-filan tanımır bu adamlar, istədiklərini edirlər. Hər birinin özünəməxsus bazarı var. Qısa zaman kəsimində milyonlar qazanırlar, mal-mülk sahibi olurlar. Hərəsinin də bir “krışası” var Bakıda. Bakının da Ağ evində yekə məmurlar arasında rayonların, bölgələrin ələ keçirilməsi üçün rəqabət getdiyini az qala hər gün qəzetlər yazır. Qəzet oxumayanlara da sual etsən ki, filan rayon hansı vəzifəlinin nəzarətindədir, yüzdə-yüz düzgün cavab alacaqsan.
Bura Azərbaycandır, əl boyda Azərbaycan. Nə Rusiyadır, nə də Amerika Birləşmiş Ştatlarıdır. Ki, ucu-bucağı bilinməsin. Azərbaycanın cənubunda baş verənlərdən şimalın, qərbində cərəyan edənlərdən şərqin xəbər tutması üçün çox-çox az zamana ehtiyac var.
Bu ölkədə başında, dərketməsində problemi olmayanların hər biri bilir ki, icra başçıları özlərini rayonun ağası kimi aparır. Hər kəs bilir ki, icra başçıları fironlar kimi yaşayır. Hər kəs onu da bilir ki, hansı icra başçısının Bakıdakı patronu kimdir.
Qubada baş verən olaylar məgər indi oxuduqlarınızı isbat etmədimi?
Aylıq maaşı 1000 manat olan icra başçısının kabinetindən 3-4 milyon manatın çıxması, özü bir yana, qayınanasının adına “oformit” etdirdiyi milyonlarla manat dəyərindəki villaların aşkar olunması adamın qanun çərçivəsində fəaliyyət göstərdiyinin sübutu idi, yoxsa?
Nəqliyyat nazirinin saqqalını Bakıda isladıb, Qubada qırxdırması, camaatdan üzr istəməsi nədən baş verdi?
Sabah başqa bir rayonda da qəzəblənmiş xalq icra başçısının kabinetinə və mülklərinə hücum çəksə, bəlkə düşünürsünüz ki, Qubada baş verənlərdən fərqli mənzərə ortaya çıxacaq? Bütün icra başçıları sadə camaatın dili ilə desək, milyonerdir.
Bazarkom milyoner olmalıdır da. Obyekt, ev inşası üçün icazəyə görə, vəzifə tutmaqdan yana, bir dükan işlətməkdən, küçəyə qapı açdırmaqdan ötrü icra başçısından savayı kimin qapısını döymək gərəkdir? Başçıdan başqa rayonun bir vəzifə sahibi kiminsə ərizəsini oxuya bilməz. Rayondakı bazarın bazarkomu yalnız və yalnız başçıdır.
Onun müavinləri, digər vəzifə sahibləri, tutaq ki, polis rəisi, MTN-in rayon şöbəsinin şefi, prokuror bazarkoma gözünün üstündə qaşın var deyə bilməz. Qubanın əski bazarkomunun əməllərindən prokuror və polis rəisi xəbərsiz idi? Bəlkə Bakıdakı iri vəzifə sahibləri bilmirdilər ki, Qubanın bazarkomu özünə, qayınanasına 3-4 mərtəbəli villalar tikdirir?
Azərbaycanda guya ki, korrupsiyaya və rüşvətə qarşı mübarizəyə start veriblər. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Idarəsi də yaradıldı ki, daha səmərəli fəaliyyət olsun. Oldumu?
Adı çəkilən komissiya və idarənin əməkdaşları rayonlardakı bazarkom icra başçılarının milyonlara necə sahib olduqlarını məgər bilmirlər?
Dedik axı, əl boyda Azərbaycandır. Mümkün deyil ki, sıravi vətəndaşın gördüklərindən, bildiklərindən onlar xəbərsiz olsun…
Quba hadisələrindən sonra rayonlardakı bazarkomlar təbii ki, təlaş içindədir. Ya DÖVLƏT, ya da XALQ özü bazarkomların bazarını bağlamalıdır. Nədən ki, bu bazarların fəaliyyəti həm dövlətə, həm də millətə çox ağır zərbə vurur.
Güman ki, 70-80 bazarkomun və onların Bakıdakı 5-10 himayədarının cinayət yolu ilə əldə etdikləri sərvətin dəyəri Azərbaycanın illik büdcəsindən qat-qat artıq olar.
Səhv etmirəm ki?