“Azərbaycanlıların əlindən, Ceniferlə baş-başa qala bilmirdim, son dəfə ”Azərbaycan futbolu üçün oxumağa gedirəm” deməsindən sonra başa düşdüm ki, ayrılmalıyıq, allah xatirinə mənə deyin, Azərbaycanda futbol var?”
(C.Lopesin həyat yoldaşı Mark Antoninin boşanma ərizəsindən)
Dincəldinizmi, ay görməmişlər? Gül kimi ailə idi, yeddi ildir bu sevgi dillərdə dastan idi, birgə övladlarını böyüdürdülər, həftə səkkiz mən doqquz, gah Moskvaya, gah Antalyaya, gah da Bakıya çağırmaqla ortaya şübhə toxumları səpdiniz. Mark Antoni artıq boşanmaq üçün ərizə verib, dəqiq açıqlamasa da, boşanmanın qısqanclıq zəminində olduğu gün kimi aydındır.
Sizcə, Google-də “Azərbaycan” və “futbol” sözlərini yazıb axtarış edən Mark Antoni necə etməli idi? Iki yol var idi, ya Azərbaycan futbolunun varlığına inanaraq bu səfərə razılıq verməliydi, ya da da boşanmalıydı.
Mark ikinci yolu seçdi, nə qədər ağır olsa da. Fələstin məğlubiyyətindən sonra Ceniferin Azərbaycan futbolu üçün oxuduğunu eşidən qonşuları Banderas, yaxud da Bred Pittin istehzasına dayana bilməzdi.
Əminəm ki, Markın bu addımında Rövnəq Abdullayevin kimliyi də az rol oynamayıb. Ceniferi çağıran şəxsin ayda 1875 manat maaş aldığını öyrənən Mark, çılğına dönməyib də, neyləməlidir? Deməz ki, ay Lopesin qızı, sən məni nə hesab edirsən, bu adam yeməyib, içməyib, 55 il işləsə belə, bu pulu ödəyə bilməz, axı bu nə Telmandı, nə də Arazdır, yazıqlar olsun sənə!
Mark Antoni hardan bilsin ki…
Boşanmağa tələsmə, Antoni, bilmədiyin bəzi şeylər var…
Bəli, Azərbaycanda futbol yoxdur, amma neft var, qaz var, xalqın malını talayan, milyonları bir göz qırpımında göyə sovuran tayfa hakimiyyəti var. Rövnəq müəllim istəsə, Şakiranı da da gətirər, Devid Bekhemlə birlikdə “Spice Girls”i də..
Buna əmin olmaq üçün sadəcə evinə qaz xətti çəkdirməniz kifayətdir. Milyardlarla ölçülən neft gəlirləri belə xırda işlər üçün xərclənmir.
Rövnəq müəllim Ceniferi bizim “şotumuza” gətirir. Qulaq as, Antoni!
…Mən bu yaxınlarda qaz sayğacı quraşdırmaq üçün Binəqədi Qaz Idarəsinə (o da Rövnəq müəllimin tabeçiliyindədir) müraciət etdim. Həyətdə təklif olundu ki, qaz sayğacı pulsuzdur, amma başının ağrımasını istəmirsənsə, 130 manat gətir, həll edək. Dedim ki, yox, “başımın ağrımasını” istəyirəm. Idarədə mənə bir hesab verdilər, dedilər apar bu hesaba 63 manat köçür, iki aydan sonra gəl. Elədim, düşündüm ki, 120 manat hara, 63 manat hara, bizim millət bürokratiyaya dözmür, rüşvət verir, məmurlar da məcbur olub alırlar. Nə isə, iki aydan sonra gəldim, layihəni mənə göstərib dedilər ki, burada smeta tutulub, 33 manat da köçür, gəl. “99 manat hara, 130 manat hara?” deyərək, banka qaçdım.
Mühəndis soyuqqanlıqla məni süzərək dedi ki, “indi isə get, 3-cü mikrorayon bazarına, bir ədəd reduktor, bir ədəd də ona bağlanacaq alarm aparatı al gəl, bu iş tamamdır”. 35 manat da belə getdi, doğrudan da başım ağrımağa başladı. Nəhayət, qaz çəkməyə gəldilər – “müəllim, boruları və rezbaları gətir, biz gəlmişik” dedilər. Dedim “əzizlərim, smetada nəzərdə tutulub ki, mətbəxə qədər idarə çəkməlidir”.
– Müəllim, bizi ələ salmısan, al müdirlə danış!
Mühəndis dedi ki, “o pulu sən bizim boruda kipliyi yoxlamaq üçün(!) ödəmisən, uşaqları orda çox saxlama, Sulutəpədə qəza var, nə deyirlər, onu da elə, başın ağrımasın”.
Mənim məlum reaksiyama isə “get əlindən gələni beş qaba çək” dedi.
Başağrısı ilə müşayiət olunan bu proses mənə təxminən 150 manata oturdu.
Azərbaycanda bütün evlər “pulsuz” qazlaşdırılıb, 9 milyon da əhalimiz var, Antoni, başa düşdünmü, futbol olmasa da, Ceniferə ödəniləcək pul var. Yapma bu yanlışı, Mark!
Get “ZAQS”a, ərizəni geri götür, özün də Bakıya gəl, səni Sulutəpəyə aparacam.
P.S.Eşitdiyimə görə, Tağı Əhmədov “Burc FM” radiosunu alıb, C.Lopesin gəlişi münasibəti ilə. Xeyirli olsun!

Cenifer Lopesin “Otello”su Mark Antoniyə
•