Bia.az-ın təsisçisi 3 ay müddətinə həbs edildi

“Azadlıq.info“-ya verilən məlumata görə Bakı Informasiya Agentliyinin (Bia.az) təsisçisi Südeyf Məcidli 3 ay müddətinə həbs edilib.Məlumata görə Südeyf Məcidlini sabah Kürdəxanı təcridxanasına göndəriləcək.

***

Südeyf Məcidli xuliqanlıqda ittiham olunur

Bakı Informasiya Agentliyinin (Bia.az) təsisçisi Südeyf Məcidli Nəsimi rayon Polis Idarəsinin əməkdaşları tərəfindən həbs olunub. Həbs gecə saatlarında həyata keçirilib. Nəsimi rayon polis idarəsindən heç bir məlumat verilmir.

Agentliyin əməkdaşı Ilham Rəsulzadə “Azadlıq”a bildirib ki, Südeyf Məcidlinin həbsi sifariş əsasında həyata keçirilib. “Hələ noyabr ayında 7gun.az saytının təsisçisi və baş redaktoru Cavid Şirəliyevlə Südeyf Məcidlinin arasında mübahisə olmuşdu. Bundan sonra Cavid Şirəliyev polisə şikayət etmişdi. Lakin o zaman polis hər iki şəxsi barışdırmışdı. Iş bağlanmışdı. Aprelin 12-də isə Südeyf Məcidli bizə bildirdi ki, 21.00-da Nəsimi polisində olmayılam. Lakin o polis idarəsinə hansı səbəbdən çağırıldığını bilmirdi. 2 saat sonra isə bizə zəng edirək bildirdi ki, məni həbs etdilər. Bundan sonra onunla danışa bilməmişik. Sonradan öyrəndik ki, Südeyf Məcidlinin həbsi Cavid Şirəliyevlə aralarında olan həmin mübahisə ilə bağlıdır. Noyabr ayında bağlanmış işin indi yenidən gündəmə gətirilməsi bu məsələnin arxasında hansısa sifarişin dayandığını deməyə əsas verir. Onsuz da ”Bia.az” saytında yayımlanan materiallar bəzi qüvvələrin narahatlığına səbəb olmuşdu”.
Bakı informasiya agentliyinin (bia.az) təsisçisi Südeyif Məcidliyə qarşı Nəsimi rayon polis idarəsində 221.2.1-ci (xuliqanlıq; bir qrup şəxs tərəfindən törədildikdə) maddə ilə cinayət işi açılıb. Bu barədə DIN mətbuat xidmətinin nümayəndəsi Orxan Mənsurzadə Turanın Məcidlinin aprelin 12-də saxlanılması haqqında sorğusuna cavabda bildirib.
DIN nümayəndəsinin sözlərinə görə, Məcidli 7gun.az saytının rəhbəri Cavid Şirəliyevin şikayəti əsasında saxlanılıb. Cinayət işi aprelin 11-də başlanıb.
Məsələ ilə bağlı Baki Informasiya Agentliyinin (Bia.az) redaksiyanın əməkdaşları bu gün saat 12-də RATI-nin ofisində mətbuat konfransı keçirəcəklər. Bütün KIV nümayəndələri və maraqlanan şəxslər dəvətlidir.