Bizim ölkələrin bir əcaib xüsusiyyəti var. Illərlə insanları düşündürən, onları narahat edən problemləri bəsitləşdirərək az qala lətifə halına gətirirlər. Mən D.Medvedevin 112 min, V.Putinin 120 min dollar qazandığını eşidəndə məhz bunu düşündüm. Bir də bizim ötən prezident seçkilərimiz yadıma düşdü. O vaxt bəzi namizədlər aylıq gəlirlərinin 50 dollar olduğunu bəyan etmişdi. Bir belə korrupsiya və sərvət içində ayda 50 dollar! D.Medvedevin biznesilə bağlı elə bir bilgim yoxdur. Amma Putin haqqında oxumuşdum ki, o, əsasən qazın ixracından qazanır. Indi nə vaxtsa oxuduqlarımın detalına varmaq istəmirəm. Çox güman ki, bu, heç sizə də lazım deyil, çünki bilirəm ki, bizim millət başqalarının pullarını saymağı sevmir. Amma bizim millət öz pullarını saymağı (heç olmasa!) öyrənsəydi bu, pis olmazdı. Bilin ki, məmur deyilən qrupun cibindəki hər bir dollar sizinkidir! Nə qədər ki, belə düşüncə tərzinə müraciət etməyəcəksiniz, həmişə problemləriniz olacaq, sizi aldadıb gündə bir söz deyəcəklər. O.Henrinin novellalarının qəhrəmanlarından biri o məsələyə özünün özəl münasibətilə seçilirdi: başqasının cibində olan dollar onun üçün dərd olurdu, bu adam üzülürdü ki, nədən bu dollar onun cibində deyil! Təbii ki, bu da ifratçılıqdır və bu səviyyəyə enməyə dəyməz. Amma bu məmur tayfasının pullarını saymağa dəyər, çünki o, bizim pulumuzdur! Mən elə bir məmur tanımıram ki, dövlətdən əli üzüləcəyi təqdirdə pul qazanmaq və özünün əvvəlki “forması”nı saxlamaq iqtidarında olsun. Bunlar dövlətin özünü özəlləşdiriblər. Bu haqda o qədər danışmışıq ki, adam bir daha təkrar etmək istəmir. Təkrar-təkrar eyni şeyi deməyin faydası varmı? Xüsusən də nəzərə alanda ki, hələ cəmiyyətin böyük kəsimi özünü korrupsiya adlanan dənizin içində çox rahat hiss edir. Qoy, hiss etsinlər. Görək, nə vaxta qədər belə davam edəcək!
May ayını evdə keçirəcəyik?
Bunu irəlicədən hiss etmişdim. Bir neçə həftə bundan əvvəl bu haqda bir yazı da yazmışdım. Söhbət böyük mahnı festivalından və bir də elə bizim özümüzdən gedirdi. O gün gördüm ki, maşını olanlara deyilir ki, may ayında bir neçə gün maşınsız keçinmək olarmı? Səbəbini də bununla izah edirdilər ki, elə edək ki, mahnı festivalı zamanı şəhərdə tıxaclar olmasın! Maraqlıdır, o qədər insanın hamısı bir ağızdan dedi ki, lap bu gündən buna hazırıq! Hətta biri qayıtdı ki, mən bir həftəliyə rayona da gedə bilərəm! Hə, bir həftəliyə lap evdən bayıra çıxmamaq da olar! Bir həftə çöl-bayır görməsək dünya qopar, yoxsa ildırım çaxar! Mənim burada nədənsə M.Cəlilin “Qurbanəli bəy” əsəri yadıma düşdü. Heç özüm də bilmirəm ki, nədən onu xatırladım? Həm də elə həyatda eşitdiyim bir hadisəni də xatırladım. Bir kişi varmış. Yeyib-içməyi, pul xərcləməyi, böyük adamlarla oturub – durmağı sevirmiş. Amma ailəsini yazıq bir halda saxlayırmış, evinə, uşaqlarına baxmırmış. Bir gün dostlar da qayıdır ki, bəs, sabah sənin qonağın olacağıq! Kişi dərhal evə qaçır, ailəsini, uşaqlarını qonşulara göndərir ki, qonaqlar onları görməsin… Indi elə bizim də halımız buna bənzəmirmi? Az qalıb desinlər ki, bir neçə günlüyə evdən bayıra çıxmayın, ya da şəhəri tərk edin, rayona, qohumlarınızın yanını gedin və imkan verin, biz ölkə haqqında “müsbət rəy” formalaşdıraq. A.Raddişev “Peterburqdan Moskvaya səyahət” əsərilə çarı möhkəmcə əsəbiləşdirmişdi, çünki o, çara onun görmədiyi Rusiyanı göstərmişdi. Indi bizim məmurların da görmədiyi Bakı var. Onlar onu gizlətmək, göstərməmək istəyirlər. Amma əminsinizmi ki, xarici jurnalistlər adətən görünməyən Bakını da tapıb dünya ictimaiyyətinə göstərməyəcəklər?..
Həftə sonu üçün daha bir neçə söz…
Istirahət günü elə istirahət üçündür. Ona görə də sizi qəliz siyasi suallarla o qədər də yormaq istəmədim. Belə daha yaxşıdır. Onsuz da bu suallar bitib-tükənən deyil. Elə bilirsiniz bu hakimiyyətdən sonra yazmağa söz tapmaq olmayacaq? Təbii ki, o vaxt üslub indiki kimi olmayacaq, çox şey dəyişəcək və siyasi mərsiyyələr gündəmdən çıxacaq. Lakin problemlər yenə də olacaq və insanlar yenə də yazacaqlar…

Bakıdan Bakıya səyahət…
•