Ziya Məmmədovun qudası Tağı Əhmədovu “vurdu”

Heydər Əsədov metropoliten rəisinin adını «qara hesabata» saldı

Hesablama Palatasının apardığı tədqiqatlar zamanı Bakı Metropoliteninin “Azadlıq prospekti” metrostansiyasının tikintisi zamanı da cinayət faktları aşkar edilib. “Bizim Yol” qəzetinin məlumatına görə, araşdırmalar zamanı aydın olub ki, Bakı Metropolitenin III növbə Şimal sahəsinin tikintisi məqsədilə 2006-2009-cu illər üzrə təqdim edilən büdcə sifarişləri tam əsaslandırılmayıb.
“Azadlıq prospekti” metrostansiyası obyekti üzrə nəzərdə tutulan tikinti-quraşdırma işlərinin müqavilə qiyməti hesablanmayıb. Layihədə stansiyasının tikitintisi sütun tipli nəzərdə tutularaq ekspertizadan keçirildiyi halda sonradan dəyişdirilib. Sərnişin platformasının sütunsuz inşa edilməsi ilə bağlı dəyişiklik isə ekspertizadan keçirilməyib. Tikinti-quraşdırma işlərinin müqavilə dəyərinin hesablanmasının düzgünlüyü Tikintidə Qiymətqoyma Mərkəzi tərəfindən yoxlanılmadan podratçı təşkilat tərəfindən hər ay tərtib edilərək sifarişçi təşkilatla razılaşdırılıb.
Eyni zamanda stansiyanın yerüstü sahəsində abadlıq işləri üzrə layihə sənədlərinin hazırlanması və istirahət parkının salınması zamanı satınalma keçirilmədən birbaşa müqavilə bağlanıb. Məbləğ məhdudiyyətini aradan qaldırmaq üçün ayrı-ayrı müqavilələrə bölünməsi hallarına yol verilib. Istirahət pakrının salınması zamanı işlər keyfiyyətsiz yerinə yetirilib, Tikilən Metropoliten Müdriyyyəti Idarəsinin saxlanmasına nəzərdə tutulduğundan çox vəsait ödənilib. HP-nın hesabataına görə, sözügedən idarənin saxlanılması üçün çəkilən əlavə 20 min manat vəsait büdcəyə qaytarılıb.
Sözügedən istirahət parkının salınmasına dövlət büdcəsindən 2.5 milyon manat sərf edilib. Prezident Ilham Əliyev də parkın açılışına qatılıb. Amma hazırda həmin parkdan əsər- əlamət yoxdur. Ərazi “Şərurlu Isfəndiyar” kimi tanınan iş adamı Isfəndiyar Axundova hədiyyə verilib. O isə parkın ərazisində müxtəlif ticarət obyektləri tikir.
Hesablama Palatasının sədri Heydər Əsədovun Bakı metropoliteninin sədri Tağı Əhmədovun adını hesabata daxil etməsi təsadüfi olmaya da bilər. Heydər Əsədov nəqliyyat naziri Ziya Məmmədovun qudasıdır. Ziya Məmmədovla Tağı Əhmədov arasında isə uzun müddətdir ki, konflikt var. Bu konfliktin kökündə nəqliyyat nazirinin Bakı Metropolitenini də nəzarətinə keçirmək cəhdləri dayanır. Görünür, Ziya Məmmədov qudasının vasitəsilə Tağı Əhmədovun maxinasiyalarını ictimailəşdirməklə ona sarsıdıcı zərbə vurmaq istəyir.