“İslahatlar olmasa Azərbaycanda partlayış olacaq”

Yusif Bağırzadə: «Ictimai Palatanın mitinqlərini dəstəkləyirəm və davamlı olmasını istərdim»

“Biz Ictimai Palatanın təsisçilərindən biriyik və Ictimai Palatanın bütün siyasi addımlarını diqqətlə izləyirik. Mən, AMIP-in sədri Koordinasiya Şurasında təmsil olunmasam da, partiyamızın 2010-cu ildə parlament seçkilərində namizəd olmuş üzvləri orada təmsil olunur. Ictimai Palatanın sessiyasında bizim üzvlərimiz aktiv iştirak edirlər və siyasi həyatında öz sözlərini deyirlər.
Ictimai Palataya qayıtmaq məsələsi gündəmdədir. Bu haqda partiyanın siyasi qərarı olmalıdır”. Bu sözləri AMIP sədri Yusif Bağırzadə “Qafqazinfo”ya müsahibəsində bildirib. O, müsahibədə Ictimai Palatanın 8 aprel mitinqinə də münasibət bildirib: “8 aprel mitinqini yüksək qiymətləndirirəm. Mitinqlər, aksiyalar, piketlər partiyaların siyasi fəaliyyətinin bir istiqamətidir. Partiyamızın ”AMIP qoşulmur” qərarı olmasına baxmayaraq, mitinqdə AMIP-çilər iştirak ediblər”.
AMIP sədri rəhbərlik etdiyi partiyanın 8 aprelə qoşulmamaq barədə qərarına da aydanlıq gətirib.”Bizim başqa təşkilatın tədbirinə qoşulmağımız düzgün çıxmır. Qərarı onlar veriblər, Baksovetlə onlar razılaşıblar, gününü və saatını müəyyən ediblər. Sonradan hər hansı bir partiyanın bu mitinqə qoşulması düzgün olmazdı”, – deyə Yusif Bağırzadə bildirib.
AMIP sədri əlavə edib ki, Ictimai Palatanın 22 aprel mitinqilə bağlı onlara rəsmi müraciət olunarsa, bu məsələ müzakirə oluna bilər. “Mən Ictimai Palatanın mitinqlərini dəstəkləyirəm və davamlı olmasını istərdim”, – deyə o, əlavə edib.
Siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi gəlincə, AMIP sədri deyib ki, maliyyələşmənin parlamentdəki seçkilərlə uyğunlaşdırılması düzgün deyil: “Söhbət fiziki şəxsdən deyil, partiyadan gedirsə, o partiyanın ənənəsi, tarixi nəzərə alınmalıdır. Azərbaycan siyasətinə verdiyi töhfələr, parlament və prezident seçkilərində necə iştirak etməsi əsas götürülməlidir. Bir seçkinin nəticələrini ATƏT neqativ dəyərləndirirsə, xarici təşkilatlar qəbul etmirsə, biz bu qanunu parlament seçkilərinin nəticəsi kriteyasından qiymətləndirə bilmərik. Azərbaycanda həm iqtisadi, həm də siyasi reform olmalıdır. Bu reformlar olmasa Azərbaycanda siyasi partlayış olacaq. Mən bunu görürəm, hiss edirəm”.