Azərbaycandan bu ölkəyə gedən kənd təsərrfatı mallarına qadağa qoyulur
Rusiya Azərbaycan, Tacikistan və Özbəkistandan sərnişin nəqliyyatı vasitələrinin yük yerində və əllə ölkəyə bitkiçilik məhsullarının gətirilməsinə qadağa qoyur. Rusiya mətbuatının məlumatına görə, Rusiya Kənd Təsərrüfatı Nəzarəti Xidməti bu ölkələrdən əllə daşınan bitkiçilik məhsullarında keyfiyyətlə bağlı problem olduğunu açıqlayıb. Aprelin 16-da qüvvəyə minəcək qadağa fitosanitar sertifikatları olan, Rusiyada və beynəlxalq aləmdə mövcud qaydalara uyğun daşınmaqla Azərbaycan, Tacikistan və Özbəkistandan gətirilən bitkiçilik məhsullarına şamil edilmir.
Azərbaycanın mayın 1-dən Rusiya istehsalı olan maşınların ölkəyə gətirilməsinə qoyduğu qadağadan sonra belə qərarın ortaya çıxması təsadüfi sayılmır. Belə ki, bu, Rusiyanın Azərbaycana cavabı ola bilər.
Iqtisadçı-ekspert Məhəmməd Talıblı da bu iki qərarın bir-biri ilə əlaqəli olduğunu deyir. Rusiyanın bu qərarı önləyici addım kimi də qiymətləndirilə bilər. Kənd təsərrüfatı məhsullarının idxalı ilə bağlı Rusiyanın tətbiq edilən qərarı Azərbaycanın mayın 1-də tətbiq edəcəyi qərara reaksiyadır. Əslində bu, Azərbaycana mesacdır ki, Rusiyanın heç bir müasir standartlara cavab verməyən avtomobillərini idxal etmək məcburiyyətində qalsın.
Ekspertin sözlərinə görə, Rusiya bazarının itirilməsi çox ciddi təhlükədir. Azərbaycanda məşğul əhalinin 38-40 faizinin cəmləşdiyi aqrar sektor yeni bazar axtarmaq məcburiyyətində qalacaq. Nəticə etibarı ilə Azərbaycanla Rusiya arasında iqtisadi münasibətlər xoşa gəlməyən bir səviyyəyə çatacaq. Bu, hətta enerji məsələlərinə də təsir edə bilər.
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov Dünya Ticarət Təşkilatına (DTT) üzv olan Rusiyanın bundan sonra idxal olunan malların keyfiyyəti ilə bağlı bu təşkilatın standartlarını tətbiq edəcəyini deyir.
Ekspertin sözlərinə görə, Azərbaycandan xaricə kənd təsərrüfatı məhsullarının xüsusən dəmir yolu ilə ötürülməsi bəzi qüvvələrlə bağlıdır. Bu da onlara istənilən malı ixrac etməyə imkan verir. Bəzi hallarda keyfiyyətsiz məhsulların da ölkədən çıxarılmasına maneə yaradılmır.
Ekspert Rusiya bazarının Azərbaycandan gedən məhsulların üzünə bağlanmasını o qədər də təhlükəli saymır. Çünki bəzi məhsulları Azərbaycan xaricdən idxal edir. Baxmayaraq ki, yerli məhsullar hesabına bu tələbatı ödəmək olar. Bu məsələlər həllini tapandan sonra digər bazarlara çıxmaq lazımdır: “Dünya bazarına çıxmaq üçün biz keyfiyyətli məhsul istehsal etməli və daşınmanı keyfiyyətli həyata keçirməliyik ki, irad tutmasınlar. Rusiya hökumətinin bu qərarına bəraət qazandırmıram. Ancaq onlar artıq seçimini edib. Dünya Ticarət Təşkilatına üzv olub və idxal olunan malların keyfiyyətinə xüsusi diqqət yetirir. Mən bunu öz hökumətimizə də arzu edərdim”.
Fizzə