Oh, yes, yes! Cenifer Lopes!

Günlərdir qəzetlər, saytlar, sosial şəbəkələr bas-bas bağırır, Nərimanov rayonunda dörd uşağın hər an aclıqdan ölə biləcəyini.
O uşaqların valideynləri günlərdir qəzet səhifələrindən, internet sitələrindən imdad diləyir. Kömək istəyir. Regionun lider dövlətini onlara sahiblənməyə çağırır.
Nəhayət, dünən dövlət onların, onların da timsalında bu ölkənin bütün ac, səfil insanlarının fəryadını eşitdi. Cenifer Lopesi Azərbaycana gətirməyə qərar verdi. “Nə əlaqəsi var?” deməyin, çox əlaqəsi var.
Cenifer Lopesi Azərbaycana gətirmək aclığa, səfalətə qarşı çox müdrik, ağıllı, düşünülmüş mübarizə üsuludur. Qarşıda onu yaxından görmək, ona toxunmaq, onunla şəkil çəkdirmək, ondan avtoqraf almaq, hətta onun yanaqlarına öpücük qondurmaq şansı varsa, hansı ağlı başında olan adam acından ölər, ölməyi ağlının ucundan keçirər?
Bəli, hökumət Cenifer Lopesi bizə yaşamaq ümidi vermək üçün gətirir. Bizim ac-susuz da həyata davam edə bilməyimiz üçün gətirir.
Buyurun, bu da sizə təklif olunan Cenifer Lopes menyusu! Xəyal edin, Cenifer Lopes menyusundan qurduğunuz xəyala uyğun, dadı bir ömür damağınızdan getməyəcək yeməklər o anda qarnınıza gəlsin:
Cenifer Lopesin səhnədən sizə gülümsündüyünü xəyal etmək – yalançı dolma yemək;
Cenifer Lopesin həm səhnədən sizə gülümsündüyünü, həm də əl salladığını xəyal etmək – yarpaq dolması;
Cenifer Lopesdən avtoqraf aldığınızı xəyal etmək – toyuq sousu;
Cenifer Lopeslə şəkil çəkdirdiyinizi xəyal etmək – mal sousu;
Cenifer Lopesə barmağınızın ucu ilə toxunduğunuzu xəyal etmək – dana basdırması yemək;
Cenifer Lopesin qolunuza girdiyini xəyal etmək – püre (qulyaşla);
Cenifer Lopesin başını köksünüzə qoyduğunu xəyal etmək – püre (kotletlə);
Cenifer Lopesin yanağına öpücük qondurduğunuzu xəyal etmək – lülə kabab;
Cenifer Lopesin sizə havadan öpücük göndərdiyini xəyal etmək – tikə kabab;
Cenifer Lopeslə eyni oteldə qaldığınızı xəyal etmək – NZS pivəsi;
Cenifer Lopeslə eyni otel nömrəsində qaldığınızı xəyal etmək – “Xırdalan” pivəsi;
Cenifer Lopeslə videonuzun çıxdığını xəyal etmək – “Efes” pivəsi;
Cenifer Lopeslə tıxacda qaldığınızı xəyal etmək – cücə çığırtması;
Cenifer Lopesin sizi Şakiraya qısqandığını xəyal etmək – cücəplov;
Cenifer Lopeslə mesaclaşdığınızı xəyal etmək –  düşbərə;
Cenifer Lopeslə evləndiyinizi xəyal etmək – yayma xəngəl;
Hadisədən boşanıb, Cenifer Lopeslə evləndiyinizi xəyal etmək – gürcü xəngəli.
***
Nuş olsun!
Allah Ilham Əliyevdən razı olsun!
Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun!
Evinizdə daim Cenifer Lopes bişsin.
Ermənilər baxsın, şişsin.