Ictimai Palatadan hakimiyyətə növbəti «Eurovision» xəbərdarlığı…
Əli Kərimli: “Razılaşdırılmış mitinqlərə maneələr davam etsə, hakimiyyət bir mitinqin əvəzinə onu ilə qarşılaşacaq”
Isa Qəmbər: “Eurovision” iştirakçıları vicdan məhbusları məsələsini dilə gətirsə, hakimiyyət Avropada nə dərəcədə ifşa olunacağını düşünsün”
Ictimai Palatanın Koordinasiya Şurası (IP KŞ) dünən mətbuat konfransı keçirdi. Jurnalistlər qarşısına IP KŞ üzvlərindən AXCP sədri Əli Kərimli, Müsavat başqanı Isa Qəmbər, publisist Mehriban Vəzir, Rafiq Manaflı və Aqil Səmədbəyli çıxdı. Konfransın aparıcısı Rafiq Manaflı bildirdi ki, medianı toplamaqda məqsəd 8 aprel mitinqinin nəticələri və 22 aprel mitinqinə hazırlıqlarla bağlı məlumat verməkdir.
“20-ci sahə”yə niyə razılıq verildi?
Əvvəlcə Əli Kərimli “8 aprel” mitinqilə bağlı qənaətini bölüşdü. AXCP sədrinin sözlərinə görə, hakimiyyətin törətdiyi süni əngəllərə baxmayaraq, aksiya uğurlu alındı:
– Böyük bir fasilədən sonra Azərbaycan müxalifəti 8 apreldə uğurlu bir aksiya keçirdi. Azərbaycan cəmiyyəti, siyasi partiyalar, gənclər, ziyalılar, fəal ictimaiyyət bu tədbiri yüksək qiymətləndirdi. Biz mitinqin keçirilməsi üçün başqa meydanlar təklif eləmişdik və o meydanlarda mitinqin keçirilməsinin qarşısını almaq üçün heç bir obyektiv səbəb yox idi. Amma Bakı şəhər Icra Hakimiyyəti ənənəvi olaraq, həmin meydanlardan imtina elədi. Hakimiyyət növbəti dəfə sərbəst toplaşmaq azadlığı haqqında qanunu pozdu. Yenə “20-ci sahə” təklif olundu. Biz daha çox insanın iştirak eləyə bilməsi, mitinq iştirakçılarına qarşı təzyiqlərin olmaması üçün bu təkliflə razılaşdıq. Mitinq günü məlum oldu ki, hakimiyyət formal olaraq aksiyanın keçirilməsinə razılıq versə də, hətta bu ucqar yerdə keçirilən mitinqin də qarşısını almaqdan ötrü bütün vasitələrdən istifadə etdi. “Azadlıq” radiosunun reportajında da tam sübut olundu ki, həmin gün “20-ci sahə”yə gedən avtobuslar xətdən çıxarıldı. O avtobusların bir çoxuna açıq göstəriş verildi ki, mitinq qurtarana qədər xətdə olmasınlar. Insanların mitinq yerinə gəlişinin qarşısı kobud şəkildə alındı. Hətta bu hadisədən əvvəl də mitinqə hazırlığın qarşısını almağa çalışırdılar. Insanları razılaşdırılmış mitinqə çağırış vərəqələri yaydıqları üçün həbs etdilər.
Mitinqlər yüksələn xətlə davam edəcək
Əli Kərimli mitinqlərə qoyulan qadağanı, hətta razılaşdırılmış aksiyalara da törədilən maneələri şərh edərək bildirdi ki, hakimiyyət xalqdan qorxur, xalqın nə dərəcədə narazı olduğunu yaxşı başa düşür. Hakimiyyət bunun fərqindədir ki, razılaşdırılmış aksiyalar şəhərin mərkəzində keçiriləcəyi təqdirdə daha da kütləvi olacaq:
– Hakimiyyət, hətta ucqarda olan mitinqlərə də on minlərlə insanın getməyə hazır olduğunu bildiyi üçün onun qarşısını almaqdan ötrü ən müxtəlif qanunsuzluqlara əl atır. Bəs deyirdilər ki, müxalifət mitinqlərə adam gətirə, xalqı toplaya bilmir… O zaman hakimiyyət niyə məlum maneələri yaradır? Niyə mərkəzdə mitinqlərə şərait yaratmır?
Hakimiyyətə xəbərdarlıq
Əli Kərimli 22 apreldə razılaşdırılmış mitinq keçiriləcəyi və yenə də aksiya yerinə gedəcək marşrutlar xətdən çıxarılacağı təqdirdə atılacaq addımlardan da danışdı:
– Eyni hal təkrarlansa, bu dəfə biz tərəfdarlarımıza çağırış edəcəyik ki, Bakının harasındadırlarsa, oradan mitinq yerinə yürüşlə gəlsinlər. Hakimiyyət bundan heç də məmnun olmayacaq. Bir mitinq əvəzinə 10 mitinqlə qarşılaşacaq. Ona görə də bu barədə çox ciddi fikirləşsinlər.
Ikincisi, biz beynəlxalq təşkilatlara müraciət etmək istəyirik ki, heç də Azərbaycanda sərbəst toplaşmaq azadlığı təmin olunmayıb. Biz başa düşürük ki, bir neçə yerdə aksiyaların keçirilməsi qadağan oluna bilər, amma bütövlükdə Bakının və respublikanın hər yerində sərbəst toplaşma azadlığı təmin olunmalıdır. Biz bu istiqamətdə mübarizəmizi davam etdirəcəyik.
Üçüncüsü, Azərbaycan mətbuatının təmsilçilərinə, hüquq müdafiəçilərinə və beynəlxalq təşkilatlara müraciət edirik ki, 22 apreldə hakimiyyətin mitinqə əngəl törətməkdən ötrü planlaşdırdığı əməllərin qarşısının alınması üçün monitorinqlər təşkil eləsinlər. Bütün mühüm dayanacaqlarda onların nümayəndələri olsun. Bizim nümayəndələrimiz olacaq. Hakimiyyət bilməlidir ki, mitinqlər yüksələn xətlə gedəcək. 22 apreldə bütün vətəndaşlarımızı heç bir maneəyə fikir vermədən, hakimiyyətin təxribatlarına uymadan kütləvi şəkildə mitinqdə iştirak etməyə çağırıram.
Riyakarlıq
Mehriban Vəzir razılaşdırılmış aksiyaya avtobusları xətdən çıxarmaq və başqa üsullarla maneələr yaradılmasını siyasi mədəniyyətin aşağı olmasının göstəricisi və riyakarlıq kimi dəyərləndirdi: “Təəssüf ki, hakimiyyət bunu da özünə yaraşdırır. Cəmiyyət də qəbul eləməlidir ki, avtobusda, küçədə, iş yerində, marşrutda deyinməklə iş keçməz. Bir araya gəlib öz etirazlarını kütləvi şəkildə bildirməlidirlər. Bu baxımdan, 8 aprel mitinqini mühüm addım kimi qiymətləndirirəm. 22 apreldə biz bir az da irəli gedəcəyik. Hakimiyyəti də məcbur edəcəyik ki, bəzi qaydalara əməl etsin”.
Hakimiyyətin dəyirmanına su tökənlər
Koordinasiya Şurasının üzvü Aqil Səmədbəyli 8 aprel mitinqinin uğurlu alınması üçün zəhməti keçənlərə, həmçinin aksiya iştirakçılarına təşəkkür etdi və bildirdi ki, bu mitinq siyasi partiyaların siyasi mənafeyi üçün təşkil olunan mitinq deyildi. Bu, Azərbaycan xalqının azadlığı və ölkədə demokratik cəmiyyət qurulması istiqamətində atılan addım idi: “Mitinq cəmiyyətdə stimul yaradıb. 8 aprel mitinqində iştirak etməyən çoxlu sayda insanlar növbəti mitinqə qatılacaqlarını deyirlər. Hesab edirəm ki, növbəti mitinqə 8 aprel mitinqindən 50 faiz çox adam gələcək”.
A.Səmədbəyli özünü müxalifət düşərgəsinin təmsilçisi sayan bir sıra siyasətçilərin 8 aprel mitinqinə tənqidi münasibətinə də toxundu: “Onlar o insanlardır ki, özlərinin mitinq eləməyə gücləri yoxdur, amma böyük iddiaları var. 8 aprel mitinqi hakimiyyətin qarşısında yeganə alternativin Ictimai Palata olduğunu tam sübut eləmiş oldu. Bundan sonra Ictimai Palataya, onun rəhbərliyinə, aksiyasına qarşı hər hansı hücum hakimiyyətin dəyirmanına su tökmək kimi qiymətləndirilməlidir”.
Ictimai Palata tilsimi qırdı
Müsavat başqanı Isa Qəmbər 8 apreli “tilsim qırılan gün” adlandırdı. Başqan mitinqdə gənclərin, xanımlar yüksək coşqu və sevinclə iştirakına diqqət çəkərək, Gözəl Bayramlı, Nərgiz Yaqublunun enerjili çıxışlarıyla mitinq iştirakçılarına müsbət təsirindən danışdı: “Bunların hamısı tarixə düşən hadisələrdir. Sevinc içində olan gənclərimiz, xanımlarımız və yasa batmış YAP-çılar..”
Daha sonra Isa Qəmbər YAP və onun funksionerləri haqda tənqidi fikirlərini bölüşdü, “YAP adlı partiya yoxdur, sadəcə, adı var” söylədi.
Müxalifətə yaratdığı əngəllərə baxmayaraq, hakimiyyətin siyasətinin iflasa uğradığını vurğulayan Müsavat başqanı 22 aprel mitinqinə hazırlıqlar barədə də danışdı:
– Indi biz 22 apreldə ikinci mitinqə hazırlaşırıq. Həmin mitinq daha böyük siyasi hadisə kimi tarixə yazılacaq. Eyni zamanda, biz bu məkana razılaşmışıqsa, bu, o demək deyil ki, sona qədər bunu davam etdirəcəyik. Bu, iki amildən asılı olacaq: Xalqımızdan, Ictimai Palatanın üzvlərindən, tərəfdarlarından və bir də hakimiyyətdən asılı olacaq. Hakimiyyət mitinqlərdən zəruri dərslər alacaqmı? Biz mitinq naminə mitinq keçirmirik. Biz mitinqi ölkədəki vəziyyəti dəyişmək, xalqın iradəsini ifadə etmək üçün keçiririk. Bizim konkret hədəflərimiz var, biz ölkədə vəziyyəti dəyişmək istəyirik. Hakimiyyətdən heç bir reaksiya olmayacaqsa, Ictimai Palata da özünün mitinq taktikasına, siyasətinə yenidən baxmalı olacaq.
“Eurovision” demokratiya üçün bir fürsətdir…
Isa Qəmbər “Eurovision” musiqi yarışmasını Azərbaycanda demokratik dəyişikliklər üçün bir fürsət kimi qiymətləndirdiklərini də qeyd etdi:
– Ölkəmizdə artıq vətəndaş cəmiyyəti tərəfindən kifayət qədər ciddi kampaniya başlayıb – “Demokratiya üçün oxuyaq” adlı kampaniya. Eyni zamanda, beynəlxalq birlik də bu işə start verib. Bütün dünya mətbuatı bu musiqi yarışması barədə yazır və yazılarda Azərbaycandakı vəziyyətlə bağlı gerçəkləri dilə gətirir, çağırışlar edirlər. Müsavat Partiyasının avropalı müttəfiqləri – Avropa Liberal Demokratik Islahatlar Ittifaqı konkret mövqe bildirib, konkret kampaniya başladıb. Proses davam edir. Təxminən bir ay qalıb. Biz bu kampaniyanın həlledici mərhələsinə daxil olmalıyıq, konkretləşdirməliyik. “Eurovision” musiqi yarışmasının iştirakçılarının əksəriyyəti Azərbaycandakı vicdan məhbuslarının bir çoxuyla yaşıddır. Biz onlara, o cümlədən Türkiyə təmsilçisi Can Bonomaya çağırış edəcəyik ki, gəncliyin və azad musiqinin təmsilçisi kimi, Azərbaycanda insan haqlarının pozulmasına, yaşıdlarının siyasi mövqeyinə görə həbsdə saxlanmasına münasibət bildirsin. Azərbaycan hakimiyyəti ciddi düşünməlidir. Hesab edirəm ki, biz Ictimai Palata olaraq, “Eurovision” ərəfəsi və günlərində bir mətbuat mərkəzi formalaşdırmalıyıq.
Həmin mətbuat mərkəzində Azərbaycanda insan haqlarıyla bağlı məlumatlar hazır vəziyyətdə ortada olmalıdır. Iki minə yaxın jurnalistin iştirakı gözlənilir. Bizim mətbuat mərkəzimiz yaxşı işləsə, yarışma günlərində Bakıdakı ən böyük informasiya mərkəzlərindən birinə çevriləcək. Hakimiyyət bu barədə düşünsün. Hələ demirəm ki, bir neçə müğənni Arif Hacılı və ya başqa vicdan məhbuslarının şəkli olan köynəkdə səhnəyə çıxsın və ya mətbuat konfransına gəlsin… Belə olanda yüz milyonlarla insan Azərbaycanda vicdan məhbusları məsələsilə tanış olacaq. Hansısa ölkənin təmsilçisi səhnədə və ya mətbuat konfransında Azərbaycanda vicdan məhbusları məsələsini dilə gətirsə, hakimiyyət nə vəziyyətə düşəcəyini, Avropada nə dərəcədə ifşa olunacağını düşünsün.
Isa Qəmbər kütləvi tədbirlərə, o cümlədən 22 aprel mitinqinə çox ciddi hazırlıq aparılacağını bildirdi və hər kəsi bu prosesdə aktiv olmağa çağırdı.
Mətbuat konfransında həmçinin məlumat verildi ki, 22 aprel mitinqinə razılıq verilməsə, Ictimai Palata Bakı Şəhər Icra Hakimiyyəti qarşısında aksiya keçirəcək və yaranmış vəziyyətə uyğun digər addımlar da atılacaq.
Bəyanat
Sonda IP KŞ-nin 8 aprel 2012-ci il mitinqinin nəticələri ilə bağlı bəyanatı səsləndirildi. Bəyanatda hakimiyyətin razılaşmanı pozaraq dinc mitinq iştirakçılarına qarşı törətdiyi əməllər xatırladılır və pislənilir.
Daha sonra 8 aprel mitinqini Ictimai Palatanın və bütün demokratik qüvvələrin uğuru kimi dəyərləndirən IP KŞ kütləvi aksiyaların keçirilməsində hazırda qəbul olunmuş taktikanın davam etdirilməsini məqsədəuyğun sayır: “Ictimai Palata bəyan edir ki, hakimiyyətin ”mitinq üçün 20 sahə” taktikası Azərbaycanda sərbəst toplaşmaq azadlığı problemini nəinki həll etməyib, əksinə, daha da kəskinləşdirib. Hakimiyyət bu yanaşmasında inadını davam etdirəcəksə, Ictimai Palata da kütləvi aksiyalar siyasətində dəyişiklik etmək hüququnu özündə saxlayır”.
Natiq Güləhmədoğlu
Konfransda “Eurovision” ərəfəsində İP-in aksiyalar təşkil edəcəyindən də bəhs olunub. Bildirilib ki, “Eurovision”a qədər vicdan məhbusları azad edilməsə müxtəlif səpkili etiraz aksiyaları keçiriləcək.
Müsavat başqanı İsa Qəmbər qeyd edib ki, aksiyalardan biri “Eurovision” iştirakçılarını öz çıxışlarında vicdan məhbuslarından danışmağa çağırmaq olacaq.
İP KŞ üzvü Aqil Səmədbəyli 8 aprel mitinqi barədə danışaraq deyib ki, aksiya hakimiyyətə yeganə alternativin İP olduğunu növbəti dəfə sübut etdi və bundan sonra İP əleyhinə istənilən çıxış “hakimiyyətin dəyirmanına su tökmək kimi” qiymətləndirilməlidir.
KŞ üzvü Mehriban Vəzir deyib ki, hakimiyyət artıq cəmiyyəti boğa bilməyəcəyini anlamalı, ölkə vətəndaşları isə gizlində deyinməklə kifayətlənməyib birlikdə öz etirazını ifadə etməlidir.
Mətbuat konfransında o da məlumat verilib ki, 22 aprel mitinqinə razılıq verilməsə İP Bakı Şəhər İcra Hakimiyyəti qarşısında aksiya keçirəcək.