Sabiq səfir siyasi fəaliyyətlə də məşğul olmaq istəmir
“Hazırda elmi-pedoqoji fəaliyyətlə məşğulam”. Bunu Qaynar.info-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının qurucularından olan, sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, Azərbaycanın Belarusdakı keçmiş səfiri Əli Nağıyev bildirib. Siyasi fəaliyyətlə məşğul olub-olmadığına dair suala cavabında sabiq YAP funksioneri söyləyib ki, evdə oturmaqla siyasi fəaliyyətlə məşğul olmaq olmaz: “Hazırda yalnız elmi-pedoqoji fəaliyyətlə məşğulam. Günümün əksər hissəsi də elmi araşdırmalara gedir. Bu baxımdan siyasi fəaliyyətlə məşğul olmuram”.
“Diplomatik fəaliyyəti yenicə başa vurmusunuz. Yenidən hansısa ölkəyə səfir təyinatı gözləniləndirmi?” sualına cavab olaraq isə sabiq səfir deyib ki, o, fala baxmaqla məşğul deyil. “Səfir təyinatı birbaşa Prezidentin səlahiyyətinə aid olan məsələdir. Hazırda mənə diplomatik fəaliyyəti davam etdirmək təklif olunmayıb. Bu baş vermədiyinə görə, bu barədə danışmağa dəyməz”,- deyə Əli Nağıyev bildirib.
Oxucuların diqqətinə çatdıraq ki, Əli Nağıyev diplomatik fəaliyyətlə əlaqədar YAP sıralarından çıxarılmışdı. Diplomatik fəaliyyətini başa vurduqdan sonra o, partiyaya müraciət etmişdi. Əli Nağıyev düşünürdü ki, yenidən YAP-dakı statusunu ona qaytaracaqlar. Yəni, partiyanın idarəedilməsində rol alacaq. Onun gözləntiləri özünü doğultmadı. YAP rəhbərliyi Əli Nağıyev partiyaya sıravi üzv kimi qəbul etdi. Daha sonra isə Əli Nağıyevin partiya yaradacağı barədə xəbərlər yayıldı. Lakin bu məlumatlar təsdiqini tapmadı. Əli Nağıyevin “siyasi fəaliyyətlə məşğul olmuram” deməsi də göstərir ki, bu xəbərlər yanlışdır. Sabiq səfirin bu fikri həm də onun göstərir ki, Əli Nağıyev YAP-ın tədbirlərinə qatılmır. O, hətta artıq əlini bu hakimiyyətdən üzmüş kimi görünür. Hər halda yeni vəzifə gözləmir.