Haramzadənin aqibəti

Metronun “Nərimanov” stansiyasının yanındakı parkda əlində “Azadlıq” qəzeti, yaşı təxminən 75 civarında olan bir kişi yaxınlaşıb “səninlə söhbətim var” dedi. Parkdakı “Istanbul” çayxanasına getdik. Əlindəki qəzeti stolun üstünə qoyub siqaret yandırdı.
– Qəzetinizin daimi oxucusuyam, daha dürüstü, yeganə oxuduğum qəzet bu qəzetdir. Xahiş edirəm, mənə diqqətlə qulaq as. 30 il Azərbaycanın müxtəlif rayonlarında prokuror və məhkəmə sədri vəzifələrində işləmişəm. Sovet dövründə də, müstəqil olduqdan sonra da haramla yaşamışam, rüşvətlə yaşamışam. O qədər ədalətsiz qərarlar çəxarmışam ki. O qədər evlər dağıtmışam, o qədər haqqı tapdalamışam ki. Etdiyim haqsızlıqları qələmə alsam, bir kitab alınar. Pula olan hərislik məni ləyaqətdən və şərəfdən məhrum etdi. Cinayət Prossesual Məcəlləsini elə yazıblar ki, onun hər maddəsi hakimə yaxşı qazanmaq üçün şərait yaradır. Misal üçün, 3 ildən 7 ilədək cəza nəzərdə tutulanda minimum cəzanı vermək üçün bazarlıq edirdik. Yuxarıların tapşırığı ilə hakimiyyətə müxalif olan nə qədər adama cəza kəsdim. Birinin evinə silah qoyub, birinin cibinə narkotik atıb məhkəməyə gətirdilər. Bilirdim ki, onların cinayətləri yoxdur, ancaq həbsxanaya göndərirdim. Sifarişlə nə qədər günahsızı içəri qoydum. Bu 30 ildə milyonlar qazandım. Bakıda 3 ev, Mərdəkanda iki bağ aldım. Özümə, oğluma və qızıma bahalı maşın aldım. Az qala hər gün kef məclislərindəydim. Sonda Allah mənim cəzamı verdi. Özü də çox ağır cəzalandırdı. Ağır şəkər xəstəsiyəm. Insulinsiz yaşaya bilmirəm, pəhrizi bir gün pozsam, komaya düşərəm. Kaş ki, Allah mənə verdiyi bu cəza ilə kifayətlənəydi. Arvadım məndən betər vəziyyətdədir, yenə mən birtəhər parka gəlirəm, ürəyimi boşaltmağa bir-iki nəfər tapıram. Onun gözləri tutulub. Evdən bayıra çıxa bilmir. Allah uşaqlarımıza da cəza verdi. Oğlum universiteti bitirdi. O da hüquqşünas idi. Bir müddət sistemdə işlədi. Sonra narkotikə qurşandı. Iki dəfə Maştağada yatdı, xeyri olmadı. Zığ şossesində qəzaya düşüb öldü. Özü cəhənnəmə, qonşuları olan iki cavan oğlanı da bədbəxt etdi. Qızımın isə cəzası lap ağır oldu. Iki dəfə boşandı, beş ildir üzünü də görmürəm, bilmirəm haradadır, bir dəfə Istanbuldan zəng etmişdi, üç il əvvəl. Bax, Allah məni belə cəzalandırdı. Bəlkə də sənə qəribə gəlir, eşitdiklərin. Qəribə gəlməsin, oğul, mən öz həyatımı qısaca danışdım sənə.
Əlini cibinə salıb insulin şprisini çıxardı. Elə köynəyinin üstündən iynəni qarın əzələsinə vurub, cib yaylığı ilə göz yaşlarını sildi.
– Mən Allaha bəndəlik etmədim, insan kimi yaşamadım, insanlıq nə olduğunu anlamadım, uşaqlarıma düzgün yol göstərə bilmədim. Pul mənim gözlərimi kor etdi, oğul. Indi hər gecə Allaha dua edirəm ki, məni bağışlasın. Və dualardan sonra da özüm-özümə sual verirəm ki, axı Allah məni necə bağışlaya bilər. Səni parkda bir nəfər nişan verdi mənə. Bütün bunları ürəyimi boşaltmaq üçün danışmadım, bir xahişim var səndən, mənim ailə faciəmi yaz, başlığını da belə qoyarsan: “Haramzadənin aqibəti”.
Heç olmasa, mənim aqibətim bəzi harınlara, xalqın faciəsi üzərində səltənət quranlara, şərəf və ləyaqətini pula satanlara, mənliyini qumara qoyanlara haqqa qayıtmaq üçün dərs olar.
Qəzeti götürüb ayağa qalxdı, qapıdan çıxarkən, adını soruşdum. Xırıltılı səslə “Haramzadə” dedi…