Yürüş-mitinqə icazə verilməsə, meriyanın qarşısında piket və şəhərin mərkəzində «flaşmoblar» keçiriləcək
Ictimai Palata 22 apreldə keçirməyi planlaşdırdığı yürüş-mitinqlə bağlı dünən Bakı Şəhər Icra Hakimiyyətinə müraciət edib.
Müsavat başqanının müavini Gülağa Aslanlının sözlərinə görə, saat 16.00-dan 18.00-dək keçirilməsi nəzərdə tutulan aksiya üçün üç ünvan istənilib. Bunlardan biri Binəqədi rayonu, 7-ci mikrorayondakı keçmiş “Inqilab” kinoteatrının qarşısından başlayaraq S.S.Axundov küçəsindən keçməklə metronun “Dərnəgül” stansiyasının dəmiryoluna tərəf çıxışı, ikincisi, Nizami rayonu 8-ci kilometr qəsəbəsində Azər Manafov küçəsinin əvvəlindən başlayaraq “Təbriz” kinoteatrının qarşısındakı meydan, üçüncüsü, Nərimanov rayonu Təbriz prospekti ilə kəsişməsindən başlayaraq Əliyar Əliyev küçəsi ilə keçməklə “Nərimanov” parkı: “Hər üç variantda yürüş, ardınca da mitinq nəzərdə tutulur”.
G.Aslanlının sözlərinə görə, aksiyada “Yeni parlament seçkiləri keçirilsin!” “Qarabağa azadlıq!”, “Siyasi məhbuslara azadlıq!”, “Sərbəst toplaşmaq azadlığı təmin edilsin!”, “Əmanətlər birə-bir qaytarılsın!”, “Əmlakımıza toxunmayın!”, “Korrupsiya və rüşvətxorluğa son!” şüarları səsləndiriləcək: “Müraciətimizin sonunda meriyadan xahiş etmişik ki, qanuna uyğun olaraq yürüş-mitinqin keçirilməsinə ən geci üç iş gün qalmış cavab versinlər”.
G.Aslanlı meriyanın yürüş-mitinq üçün başqa ünvan təklif edəcəyi təqdirdə, məsələnin Ictimai Palatanın Koordinasiya Şurasında müzakirə ediləcəyini bildirib: “Aksiyaya ümumiyyətlə razılıq verməslər, Bakı Şəhər Icra Hakimiyyətinin qarşısında piket keçiriləcək, həmçinin gənclərə şəhərin istənilən yerində ”flaşmoblar” keçirməsi üçün sərbəstlik veriləcək”.