Ayəndə Mürsəliyeva
“Eurovision” musiqi yarışması Azərbaycanda insanların əzilməsinin intensivliyini artıraraq yaxınlaşmaqdadır. Neftlə zəngin olan ölkəmizdə “Eurovision” mahnılarının sədalarından əvvəl ölkə insanının ah-naləsi göylərə ucalmaqdadır. Bayraq Meydanındakı, Füzuli küçəsindəki, Sulutəpədəki, neçə-neçə “susuz” ünvanlardakı rəzalətləri görməyən və duymayan olmadı.
Avropa Yayım Şurası “Eurovision”un keçirilməsi üçün nəzərdə tutulan ərazidə – Aqil Quliyev 4 ünvanında yaşayan insanların evlərindən zorla bayıra atılmalarını ya görmədi, ya da görməzlikdən gəldi. Müharibənin saxta təbliğat predmetinə çevrildiyi bir ölkədə zabitinin qolundan yapışıb bayıra tullayarlar, əlbəttə. Insan haqlarını yenidən yalançı dış siyasət prioritetinə döndərən ölkədə hüquq müdafiəçilərini həbsxanalara doldurmalıdırlar. Bunlar da həmin “Eurovision” ritmlərini daha ürəyə yatan bir qəlibin içinə yerləşdirmək üçün əvəzsiz kompozisiya materialıdır.
Və bu möhtəşəm tədbirdən gələcəyi ehtimal olunan milyonlar… Əlbəttə, Əliyevlər bu gəlir-çıxar məsələlərində ustadırlar. “Eurovision”dan gözlənilən gəlirlər ayrı bir söhbətin mövzusudur və “milli gəlir”dir. Bizim ölkəmizin milli gəlirləri üzərində nəzarət etibarlı və sərt şəkildə tətbiq edilib. Bu, Əliyevlərə məxsusdur – nəzarət! Elə həmin milli gəlirlərin özü də!
Azərbaycandan islahat qoxusu gəlir. Bu, Azərbaycandakı sülalənin ölkə xaricində apardığı təbliğat ərazilərini bürüyən kəsif bir qoxudur. Amma ölkənin içində heç bir islahat qoxusu yoxdur. Qan və diktatura qoxusundan başqa heç nə…
Bəlkə də çoxları ürəyində fikirləşir ki, “Eurovision” bitsəydi, bəlkə bizim də dərdlərimiz azalardı. Amma hakimiyyət yetkililəri bildirdilər ki, söküntülərin “Eurovision”la heç bir əlaqəsi yoxdur və bu, şəhərin görünüşüylə bağlı aparılan islahatlardır. Yəni ki, gözünüzü çəkin, hələ söküntülər davam edəcək. Hələ neçə-neçə ailənin gözü yaşlı qalacaq. Hüquq müdafiəçilərinin apardığı monitorinqlərin nəticəsinə görə, son zamanlar ölkədə 60 min insanın mülkiyyət hüququ pozulub. Nə yaxşı ki, beynəlxalq təşkilatlar ölkədə baş verən hüquq pozuntularına biganə qalmırlar. Yaxşı ki, Əliyevlərin “islahat qoxusu” adı ilə dünyaya təqdim etmək istədikləri kəsafətin kənarında da fərqli düşünənlər var.
Dünya mətbuatı və beynəlxalq təşkilatlar Azərbaycanda keçiriləcək yarışma öncəsi bütün diqqəti ölkədə siyasi problemlərin işıqlandırılmasına yönəldir. Biz də bu fürsəti dəyərləndirməliyik. Belə vəziyyətdə Andres Herkelin “Bu ölkədə vicdan məhbusları var, bu isə Avropa mədəniyyətinə tamamilə ziddir” fikrilə də razılaşmamaq mümkünsüzdür.
Siyasi məhbuslar məsələsi kimi, siyasi məhbuslar üzrə məruzəçinin Bakıya gəlməsi də sanki düyünə düşüb. Bir ölkənin ki, müxalifət liderinə xarici pasport verilmir, əlbəttə, bu ölkəyə siyasi məhbuslar üzrə xüsusi məruzəçinin girişinə də imkan verilməyəcək kimi görünür. Bugünlərdə alman məruzəçi Kristofer Ştrasserin Azərbaycana gələcəyi haqda məlumatlar yayıldi. Bu xəbər dəfələrlə yayılıb və yalandısa, kaş gerçək olaydı…
Bugünlərdə Böyük Britaniyanın Xarici Işlər Nazirliyinin saytının Azərbaycan bölməsində “Eurovision” yarışması ilə bağlı təlimat və xəbərdarlıqlar yer aldı. Britaniya vətəndaşlarına Azərbaycanda terror hadisələrinin başvermə ehtimalına dair xəbərdarlıq edilib. Biz illərdir ki, Azərbaycanda Əliyevlər hakimiyyətinin mənəvi terroruna dözürük. Bir azca da mahnı dinləməyə gələnlər dözsələr, nə baş vərər ki?!
Biz isə özümüzün Azadlıq şərqilərimizi oxumağa başlayaq ki, Avropadan gələnlər də bu şərqiləri dinləsinlər…