40 milyon neft pulu da gürcü futbolu üçün getdi
Ölkədə çempionat keçirməyə normal stadion yoxdur, ARDNŞ qonşuya yatırım qoyur
ARDNŞ prezidenti Rövnəq Abdullayev Gürcüstanın qərbindəki Qori və bu ölkənin Telavi şəhərlərində iki böyük futbol stadionu tikdirir. Dövlət Neft Şirkətinin Gürcüstandakı törəmə şirkəti “Socar Energy Georgia” şirkəti həm də Gürcüstan Futbol Federasiyasının sponsorudur. Bu barədə Gürcüstan KIV-i xəbər yayıb. Xəbərdə deyilir ki, hələ ötən il bu barədə sazişi şirkət rəhbəri Mahir Məmmədov və Gürcüstan Futbol Federasiyasının prezidenti Zviad Siçinava imzalayıb.
Maraqlıdır ki, Məmmədov bu yatırımı “həmişə öz orijinallığı ilə seçilən və keçmişdə beynəlxalq arenada da böyük uğurlar qazanan gürcü futbolunun inkişafına töhfə” kimi xarakterizə edib.
Məlumatda o da deyilir ki, iki stadionun ərsəyə gəlməsinə ARDNŞ 40 milyondan çox vəsait xərcləyəcək.
Burda bir maraqlı məqamı xüsusi vurğulamalıyıq. Zviad Siçinava Gürcüstanda çoxlu azərbaycanlının yaşadığını bildirir və bu, onların da bunda maraqlı olduqlarını qeyd edir. Amma söhbət ondan gedir ki, “SOCAR” sözügedən müqaviləyə imza atarkən ya yeni tərəfdaşını məcbur etməli, ya da öz üzərinə məsələn, Marneuli və ya Qardabanidə futbol məktəbi açmaq vəzifəsini götürməli idi. Bu ideya Almaniyada akademiya açmaqdan daha məntiqli və perspektivli addım olardı. Amma, görünür, SOCAR-ın məqsədi neftimizin pulunu elə sağa-sola xərcləməkdir.
Elə “Sport favorit” də bu məqama toxnur: “Gürcüstanın müxtəlif bölgələrində – Borçalı (Kvemo Kartli), Kaxeti və Msxeta-Mtianeti bölgələrində, Acarıstan MR-də, həmçinin Tiflis, Rustavi və Aqara şəhərlərində tarixən kompakt şəkildə yaşayan soydaşlarımızın sayı 360 min nəfərdir (2007-ci il göstəricilərinə əsasən). Bu isə ümumi əhalisi təxminən 4,5 milyon olan ölkə üçün heç də kiçik rəqəm deyil. Yeri gəlmişkən, 2007-ci ildə Gürcüstan Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktları Idarəsinin yaydığı məlumatına əsasən, ölkədə əhalinin istifadə etdiyi ikinci ən geniş yayılmış soyad Məmmədovdur. Amma nədənsə bu ölkənin futbol klublarında bir futbolçumuz belə yoxdur”.
Bu arada mövzuya uyğun bir məsələni xüsusi vurğulamalıyıq. Azərbaycanda futbol mövsümünün başa çatmasına bir aydan az vaxt qalıb. Avrokuboklarda çıxış edəcək 4 klubumuzun isə… respublikada vur-tut bir yararlı stadionu var. Bu da “Xəzər Lənkəran”ın Lənkəran şəhər stadionudur. Bəs birdən püşkə görə, tutaq ki, üç klubumuzu eyni vaxtda ev oyunlarını keçirməli oldu. Bəs onda nə olacaq?
AFFA-nın Infrastruktur və Informasiya Texnologiyaları şöbəsinin direktoru Elnur Məmmədov özü etiraf edir: “Klublarımız avrokubok oyunlarını, adətən, Tofiq Bəhramov adına Respublika stadionunda keçirirdilər. Amma hazırda sözügedən arenada təmir və yenidənqurma işləri aparılır. Bundan əlavə, 8-ci km qəsəbəsində yeni arena inşa olunur. Bu işlər tamamlandıqdan sonra UEFA-ya müraciət edəcəyik ki, həmin arenalarda beynəlxalq oyunların keçirilməsinə icazə verilməsi üçün Bakıya xüsusi komissiya göndərilsin. Həmin komissiya baxdıqdan sonra müvafiq qərarı verəcək. Lakin avrokuboklara qədər bu işlərin tamamlanmaması da mümkündü. Bu üzdən də Premyer Liqanın beş klubu artıq ev oyunlarını ”Dalğa Arena”da keçirmək istəyi ilə bağlı bizə müraciət edib. Yalnız “Xəzər Lənkəran”ın avrokuboklardakı ev oyunlarını da doğma meydanında keçirmək hüququ var”.
Təsəvvür edin, 5 klub, özü də arxasında oliqarxların durduğu klublar bir stadiona göz dikiblər. Məsələ burasındadı ki, klublarımızın mərkəzi arenada baş tutan ev oyunlarını, adətən, ən azı 10-15 min azarkeş izləyirdi. “Qarabağ”ın ev oyunlarında Respublika stadionu nəinki tam dolurdu, hətta arenaya tutumundan da artıq fanat ordusu girməyə imkan tapırdı. Belədə, 6-7 minlik “Dalğa Arena”nın klublarımıza dəstək vermək istəyən azarkeşlər üçün münasib olmayacağını indidən təxmin etmək mümkündü.
Həm ARDNŞ, həm də AFFA prezidenti olan Rövnəq müəllimin rəhbərlik etdiyi futbol təsərrüfatından xəbəri yoxdurmu? Stadion tikməkdirsə, niyə bunu elə Azərbaycanda etməyəsən?
Mürsəl Kərimli