«Elə məqam yetişər ki, yığdığınız sərvət sizi, övladlarınızı xilas etməz»
Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, publisist Mehriban Vəzir müxalifətin aksiyaları və gündəmin əsas mövzularıyla bağlı “Azadlıq”ın suallarını cavablandırıb.
– Ictimai Palatanın 8 aprel aksiyası ilə bağlı təəssüratlarınız necədir? 22 apreldə keçiriləcək növbəti aksiyadan gözləntiləriniz nədən ibarətdir?
– 8 aprel çox uğurlu bir hadisə oldu. Həm iqtidar, həm müxalifət, həm də cəmiyyətin özü üçün bu bir siyasi mədəniyyət göstəricisidir. Dünyanın bütün demokratik ölkələrində cəmiyətlər öz sözlərini hakimiyyətə bu yolla çatdırırlar. Bu ənənəvi bir işdir. Amma uzun illərdir ki, hakimiyyət bir zorakılıq nümayiş etdirir və buna icazə vermirdi. Icazə verəndə də çox ucqar yerləri ayırırdı.
Ancaq müxalifət, Ictimai Palata isbat etdi ki, ən uğursuz, namünasib yerlərdə biz mitinq, kütləvi tədbir keçirə bilərik. O mitinqin qarşısını almaq üçün çox təzyiqlər etdi hakimiyyət. Mitinqə icazə verdi. Ancaq eyni zamanda riyakar bir oyun oynadı. Bayıla, 20-ci sahəyə gedən yollar kəsildi, avtobuslar marşrutdan çıxarıldı. Taksi sürücüləri o tərəfə sərnişin aparmağa ehtiyat etdi. Bunların hamısı faktdı. Bütün bunlar müvəqqətidir. Hakimiyyət nəhayət başa düşəcək ki, bu çirkin oyunlar lazım deyil. Insanlara imkan verin çıxsınlar meydanlara sözünü desinlər. Əks halda, bu xalqın itirəcəyi heç nə yoxdur, çanaq sizin başınızda çatlayacaq. Ayın 8-də aydın oldu ki, insanların bir yerə toplaşmaq və sözünü deməyə böyük ehtiyac var.
Biz o ehtiyacı gördük, qiymətləndirdik, qabaqcadan da bütün bu məsələlər Ictimai Palatanın Koordinasiya Şurasında müzakirə olunmuşdu. Qərar verdik ki, əgər meydanda olan insanlar istəyərlərsə, onlar vaxtını təyin edərsə, biz toplumdan gələn istənilən təklifi dəyərləndirəcəyik. Belə də oldu. Meydan 22 aprelin üzərində dayandı. Əslində 22 aprel Ictimai Palatanın yox, meydanın qərarıdır.
“Ziyalı dava çəkməkdənsə, dəvət gözləyir”
– Ictimai Palata Sizə digər siyasi qüvvələrlə danışıqlar aparmaq üçün səlahiyyət verib. Kimlərlə danışıqlar olub və növbəti aksiyaya daha hansı qüvvələr qatıla bilər?
– Biz bütün tərəfləri çağırırıq mitinqə gəlsin. Ümumiyyətlə özünə müxalifət deyən, demokratiya uğrunda mübarizə aparan partiyaların mitinqə qoşulmadığını deməsi bir az qəribə səslənir. Bəs sən nə istəyirsən? Özün mitinq etmirsən, Ictimai Palatanın da çağırdığı mitinqə qatılmırsan, xüsusi dəvət gözləyirsən. Bu xüsusi dəvət məsələsini başa düşmürəm. Bunu fərd olaraq öz adımdan deyirəm. Bəzən tanınmış ziyalılardan kiminsə dəvət edilməsi barədə danışırlar.
Bu mənə qəribə gəlir. Bəzən ziyalar iqtidarla müxalifət arasında alver predmetinə dönür. Ya özləri edir, ya vəziyyət belə gətirir. Buna yaxşı baxmıram. Bu ölkə od tutub yanır, vətəndaş nə vəziyyətdədir, Azərbaycan insanı məhv olur, işsizlik, rüşvətxorluq, təhsildə müsibətlər, gələcəyimiz təhlükə altındadır. Belə bir vəziyyətdə biz ziyalını mitinqə dəvət etməliyik? Ziyalı mitinqin önündə olmalıdır. Tələb etməlidir müxalifət partiyalarından ki, siz nə iş görürsünüz. Durun etiraz edin, çıxın meydana, biz də sözümüzü deyək. Azərbaycanda hər şey kəllə-mayallaq olub. Ziyalı dava çəkməkdənsə, dəvət gözləyir. Düşünürəm ki, bu günkü vəziyyətlə, Azərbaycanda bu cür haqsızlıqlarla, xalqın sərvətini yeyib-dağıdan bu hakimiyyətin bu hərəkətləri ilə, o boyda korrupsiya ilə, təhsildəki müsibətlərlə barışmayan insanlar, ziyalılar mütləq meydanda olmalıdır, mütləq gəlməlidir. Sən ziyalısansa, müxalifətsənsə meydanda olmalısan. Necə ki, Rüstəm Ibrahimbəyov, Eldar Namazov gəldi mitinqə. Onlara da xüsusi dəvət göndərilməmişdi. Sadəcə bu insanların ürəyi hazırkı məqamda cəmiyyətin nəbzi ilə bir vurur. Digər insanlar, təşkilatlar da bunu etməlidir.
“Hakimiyyət özünün bir nömrəli vəzifəsini anlamır?
– Dünyanın tanınmış nəşrlərində Azərbaycanla bağlı tənqidi yazılar artıb. Bir ziyalı kimi belə məqalələri oxuyanda Sizdə hansı təəssüratlar yaranır? Belə yazıların dərc edilməsinə rəvac verənlər barədə nə düşünürsünüz?
– Bu, bütün dünyada gedən bir prosesdir. Azərbaycan da göydən düşməyib. Ona görə də müəyyən bir dönəmdə Azərbaycandan istənilənlər başqa şəkildə idisə, təhlükəsizlik və neft amili öndə dayanırdısa, indi artıq dünya dəyişib. Əslində dünyanın dəyişməsi 2010-cu ildə baş verdi. O vaxt Obama üzünü diktatorlara tutub sözünü dedi.
Bu bir proqram çıxışı idi. Artıq dünyada demokratiya ön plana keçməkdədir. Ərəb ölkələrində nələrin baş verdiyini gördük. Bu Irana da, Azərbaycana da, Rusiyaya da, Belarusa da gələcək. Köhnə qaydalarla idarə etmək artıq mümkün deyil. Artıq idarə edənlər siyasi mədəniyyət öyrənməlidirlər. Suriyada gördük ki, bu ölkə rəhbərliyində siyasi mədəniyyət və insanlıq anlayışı yoxdur. Dünya onun haqqında öz qərarını verdi. Iran, Rusiya, Belarus hakimiyyətləri də artıq başa düşməlidir ki, bu cür zorakılıqla idarə etmək olmaz. Xalqın səsi eşidilməlidir. Məhz xalqın səsini, sözünü eşitmək bir nömrəli vəzifənizdir. Azərbaycan hakimiyyəti özünün bir nömrəmli vəzifəsini anlamır. Fəlakət də elə bundadır. Cəmiyyəti eşitmək, onunla dil tapmaq, bu talançılığından bir addım geri çəkilmək istəmir. Vətəndaşı əzməkdən, evini insafsızcasına, vicdansızcasına başına uçurmaqdan çəkinmir. 15 min insanın həyatı təhlükə altındadır. Evlər söküləcək, insanların mülkiyət hüquqları tapdalanır. Bu insan uzun illər çalışıb-əlləşib özünə ev tikib. Bu evləri hakimiyyət insanların başına uçurur. Qarşı tərəf deyə bilər ki, həmin ərazilərdə ev tikilməməli idi. Ancaq bu hakimiyyətin məmurları o adamlardan pul alıb, tikməyə icazə verib. Bundan ötrü vətəndaşı cəzalandırmamalıdır. Bu günah vətəndaşın deyil. Azərbaycanda bütün bu baş verənlər dünyanın diqqətinə çatır. Ona görə də bir-birinin ardınca məqalələr yazır. Avropada mətbuat azaddır. Hakimiyyət buna alqı-satqı predmeti kimi baxır, jurnalistləri ələ alır, lobbi təşkilatı yaradır. Ancaq dünyada vicdanlı, həqiqəti görən insanlar yox deyil. Avropada baxıb görürlər ki, bu yerdə fəlakət törədilir. Bunun qarşısı alınmasa, tənqiddən nəticə çıxarılmasa növbəti Liviya, Suriya burda baş verəcək. Dünya mətbuatı Azərbaycanda baş verənlərin hələ hamısını yazmır. Bütün oğurluqlar, talançılıqlar, insan düşmənçiliyi, mülkiyyət ovu yazılsa, dünya heyrətə gələr. Bir gün bütün dünya Azərbaycanda baş verənlərdən heyrətə gələcək.
Hakimiyyət bunu qərəzlə əlaqələndirməməlidir. Onun öz idarəetməsi özünə qarşı qərəzdir. Hakimiyyətin xalqı əzməsi, hörmətsizliyi onun birbaşa özünə qarşı olan düşmənçiliyidir.
“Hakimiyyət neynirsə, özünə edir”
– Amma hakimiyyət bütün xarici qınaq və təzyiqləri ya erməni lobbisinin əməli sayır, ya da Ictimai Palatanı Azərbaycanın maraqlarına ziyan vurmaqda günahlandırır.
– Axmaq fikirdir, sarsaqlamadır. Bunun başqa adı yoxdur. Bunu cavablandırmağa da dəyməz. Kor-kor, gör-gördür. Bəlkə 15 il əvvəl maarifsiz, təcrübəsiz, siyasi şüuru az olan bir çevrə bu sözlərə inana bilərdi. Ancaq indi çıxın küçələrdə insanları dinləyin. Bu insanlar bilir ki, ona təhlükə hökumətdən gəlir. Bu hakimiyyət neynirsə, eyni zamanda özünə edir. Özünü dünyada rüsvay edir. Artıq heç bir maliyyəsi bu tənqidlərin qarşısını ala bilmir. O qədər pul töküb “Avroviziya”nı Azərbaycana gətirməsinə baxmayaraq, bu mədəni tədbir də onun əleyhinə işləyir. Çünki hakimiyyət yalançı imic formalaşdırmaq əvəzinə yeni dövrün siyasi mədəniyyətini öyrənməli idi. Bundan sonra nəsə bir müsiqi bayrağı götürüb dünyaya çıxmalı idin. Ona görə də dedikləri son dərəcədə cəfəng və cavab verməyə layiq olmayan fikirlərdir.
“YAP rəhbərliyinin başında puldan başqa heç nə yoxdur”
– YAP rəhbərliyi aksiyaya qatılanları muzdlu şəxslər adlandırıb. Telekanallardan biri isə bu insanları sayına görə yox, çəkisinə görə qiymətləndirib.
– Bu məntiq, bu düşüncə, bu sözlər onlara o qədər yaraşır ki, insan heyrət edir. Doğrudan da özlərinə yaraşan, ağıllarına və ağızlarına yaraşan sözləri çox gözəl şəkildə tapıb ifadə edirlər. YAP rəhbərliyinin başında puldan başqa heç nə yoxdur. Onların anlayışında ümumiyyətlə yoxdur ki, insanların qəlbi, ruhu, müqavimət gücü, ədalət istəyi var. Onlar öz bizneslərini qurub bir araya yığılan adamlardır. Onların çəkisi, ölçüsü, dinləri, imanları ancaq puldur.
YAP rəhbərliyinin, hansısa telekanalın prosesi anlamaq gücü yoxdur. Anlaya bilmirlər ki, insanlar ədalət istəyir. Çünki özlərində ədalət anlayışı yoxdur, bunun nə demək olduğunu bilmirlər. Bunlar ədalətin, ədalətli idarəetmənin nə demək olduğunu bilmirlər. Idarəetmənin Allah, bəndə, vətən qarşısında məsuliyyət olduğunu bilmirlər. Bütün bunlar böyük mərifət, qanacaqdır. Bu barədə anlayışları yoxdur. Ona görə onlardan fərqli düşüncə tələb etsək, qəribə gələr. Onlar özlərinə yaraşan tərzdə danışırlar, belə də davam edəcəklər.
“Özlərini çox güclü bilməsinlər”
– Bir çox xarici media Ilham Əliyev idarəçiliyini Bəşər Əsəd idarəçiliyi ilə eyniləşdirir. Ancaq bunlar hələ də belə mesajları ciddiyə almırlar. Sizcə, bu nə ilə bağlıdır?
– Bu sualı mən də özümə verirəm. Hələ ki, onun cavabını tapmamışam. Amma təcrübədə və idarəetmə ilə bağlı elmdə bir hakimiyyət korluğu məsələsi barədə deyilir. Düşünürlər ki, bütün hakimiyyətlər gerçəkliyi görə bilmir. Amma həqiqətən bu barədə çox düşünürəm, hətta fikir çəkirəm ki, axı bunlar bu ölkəni hara aparır. Fəlakət gələndə hamıya gələcək.
Böyük çevrəni fəlakət, müsibət altında qoymağın adı nədir? Görünür belə suallar Misir, Suriya kimi fəlakətə doğru gedən ölkələrin cəmiyyətlərində də çox dolaşıb. Təəssüf ki, müsbət həllini tapmayıb. Bu suallar hakimiyyətləri ağıllandırmayıb. Çox narahatam. Arzu edirəm ki, hakimiyyətdə müdrik insanlar olsun və onlar qarşıdan gələn fəlakətləri bir-birinə izah etsin. Özlərini çox güclü bilməsinlər. Güclülər də gözümüzün qarşısında məhv olub.
“Lokal qarşıdurmalar ölkə boyu etirazlara çevrilə bilər”
– Qubadan sonra Sabirabadda, Salyanda, Sulutəpədə etirazlar oldu. Artıq görünür ki, həbslər, hədə-qorxular insanları qorxutmur. Bu lokal etirazlar nəyin siqnalıdır?
– Vəziyyəti o həddə çatdırıblar ki, artıq insanlar həbsdən, ölümdən qorxmur, qılınca çapmaq mərhələsi başlanmaqdadır.
Elə məqam yetişə bilər ki, yığdığınız sərvət sizi, övladlarınızı xilas etməyə bilər. Bu lokal qarşıdurmalar ölkə boyu etirazlara çevrilə bilər.
“Hakimiyyət özünü tam anlaqsız vəziyyətə salıb”
– Hakimiyyətin bütün addımları imitasiya xarakterli olur. Ancaq bununla belə Ictimai Palata yeni tələblər irəli sürür. Siz bu hakimiyyətin nə vaxsta dəyişib bu tələbləri yerinə yetirməsinə inanırsınız?
– Gözləmirik, tələb edirik. Islahatlar olmalıdır. Ən böyük tələbimiz Milli Məclisin təkrar seçilməsi, digər siyasi islahatların olmasıdır. Biz bunlardan ummuruq, küsmürük. Biz onların mahiyyətini bilirik. Bilirik ki, böyük islahatları həyata keçirə bilməzlər. Uzağı oyunbazlıq edə bilərlər. Amma biz tələblərimizi ortaya qoyuruq, hakimiyyətə xalqın sözünü çatdırırıq. Hakimiyyət özünü tam anlaqsız vəziyyətə salıb. Amma bu da bizi narahat edir. Biz bunun sabahını görürük. Ona görə də tələblərimizin yerinə yetirilməsini tələb edirik. Bu, şəxsi tələblərimiz deyil, xalqın sözüdür.
Fizzə Heydərli