Mətbuat Şurasının müraciəti etirazla qarşılandı

Mehman Əliyev: «Əflatun Amaşov Avropaya yox, öz hökumətinə müraciət etsin ki, əməllərindən əl çək»

Azər Ayxan: «Qərbdən gələn tənqidlərin qarşısını almaq üçün ölkədəki problemləri həll etmək lazımdır»

Mətbuat Şurasının təşəbbüsü ilə “Eurovision-2012″də iştirak edəcək ölkələrin mətbuat qurumlarına müraciət ünvanlanıb. Bununla bağlı keçirilən tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, bir sıra xarici media qurumları Azərbaycanda görülən müsbət işləri bir kənara qoyaraq, ölkədəki kiçik neqativ halları şişirtməyə çalışır və belə yazıların kampaniya xarakteri alması narahatlıq yaradır.
“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov isə dünyanın media qurumlarını musiqi yarışmasını siyasiləşdirməməyə, jurnalist obyektivliyini qorumağa çağırıb.
Sonra Ə.Amaşov beynəlxalq mediada Azərbaycanın “Eurovision-2012″ müsabiqəsinə hazırlıqları ilə bağlı yayılan neqativ məlumatlarla əlaqədar hazırlanan müraciətin mətnini oxuyub.
Müraciətdə bildirilir ki, bəzi qurumlar “Eurovision” kimi mədəni tədbiri öz məqsədləri üçün siyasiləşdirməyə çalışır: “Biz Azərbaycan həqiqətlərinin obyektiv şəkildə dünya ictimaiyyətinə çatdırılmasının tərəfdarıyıq”.
Müsabiqə ərəfəsində Azərbaycana qarşı bəzi ölkələrin media qurumları tərəfindən kampaniya aparıldığını bildirən müraciət müəllifləri bunun media peşəkarlıq prinsiplərinə uyğun olmadığını, birtərəfli və qərəzli yazılar verildiyini qeyd edib, təəssüflərini vurğulayıblar. Azərbaycan jurnalistləri müraciətlərində həmkarlarını “Eurovision” ərəfəsində və müsabiqə günlərində Azərbaycana dəvət ediblər: “Hesab edirik ki, Azərbaycanı görmək və ölkəmizin reallıqları ilə əyani şəkildə tanış olmaq sizin məlumatınızı genişləndirəcək və yanlış təsəvvürün dəyişməsinə səbəb olacaq. Azərbaycan jurnalistlərinin səsini doğmalıqla qarşılayacağınıza, hadisə və proseslərə yanaşmada obyektivliyinizi, tərəfsizliyinizi qoruyacağınıza əminik”.ÿ Müraciətin Avropa Yayım Birliyinə də göndəriləcəyi bildirilib.

“Amerika da, Avropa da onu deyir ki, ay hökumət, yazdığın qanunlara əməl elə”

“Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev deyir ki, Əflatun Amaşov Avropa mətbuatına yox, öz hökumətinə müraciət etməlidir ki, əməllərindən əl çəksin: “Qərb KIV-lərinin nə siyasi marağı ola bilər? Amerika da, Avropa da deyir ki, ay Azərbaycan hökuməti götürdüyün öhdəliklərə, yazdığın qanunlara, Konstitusiyana hörmət elə. Insan haqlarını təmin elə, evləri sökmə, jurnalistləri türməyə atma, camaatı döydürmə, şərləmə. Yəni tələb budur ki, normal cəmiyyət qur. Təbii ki, ”Eurovision”dan istifadə edib Azərbaycan hakimiyyətinə təzyiq edirlər ki, öz xalqının qarşısında götürdüyü öhdəlikləri yerinə yetirsin. Mən də istəməzdim ki, “Eurovision” ərəfəsi siyasi məsələlər olsun, amma mən daha çox onu istəmirəm ki, Azərbaycanda bu cür insan haqları pozuntuları, bu cür korrupsiya və özbaşınalıqlar olsun. Gərək Mətbuat Şurası öz hökumətinə müraciət etsin ki, bu əməllərindən əl çək ki, dünyada bizə qarşı bu cür mənfi rəy yaranmasın”.

“Mətbuat Şurasının bu müraciəti tənqidə tuş gələcək”

“Yeni Müsavat” qəzetinin baş redaktor müavini Azər Ayxan hesab edir ki, Mətbuat Şurasının bu müraciəti qarşı  tərəfdən normal qarşılanmayacaq və tənqidə tuş gələcək. Çünki həmin KIV-lər dünya miqyasında tanınan nüfuzlu media qurumlarıdır: “Bu müraciətin özü Azərbaycanda söz və mətbuat azadlığının da hansı durumda olduğunu göstərəcək. O KIV-lərin Azərbaycana qarşı qərəzli materiallar hazırlamağı kifayət qədər mübahisəli məsələdir. Mən Azərbaycan hakimiyyətinin yerinə olsaydım, o KIV-lərə tənqid üçün əsas verməzdim. Hakimiyyət uşaq tərsliyi ilə siyasi məhbusları azad etmir, sonra da xarici KIV-lərdən gələn tənqidlərə dözmək istəmir. Bu, düzgün yanaşma deyil. Tənqidi mətbuata aqressiv münasibət, alternativ fikrə dözümsüzlük istər-istəməz vəziyyəti bu həddə gətirib çatdıracaqdı”.
A.Ayxan deyir ki, hakimiyyət “Eurovision” ərəfəsi ölkədə hər şeyin qaydasında olduğu qənaətini yaratmaq istəyir. Bu missiyanı da Mətbuat Şurasına həvalə edib: “Inanmıram ki, bu müraciətin xarici KIV-lərə təsiri olacaq. Onları bu müraciətin arxasında duran məqamlardan da, Azərbaycandakı vəziyyətdən də xəbərdardılar. Onlar məlumatlarını bir neçə mənbədən alırlar və fəaliyyətlərini bunun əsasında qururlar. Azərbaycan hakimiyyətinin Qərb mətbuatının tənqidindən yaxa qurtarmasının bir yolu var, o da problemləri həll etmək. Siyasi məhbusları azad etmək, mülkiyyət hüquqlarının pozulmasının qarşısını almaq, söz və mətbuat azadlığını, sərbəst toplaşmaq azadlığını təmin etmək və s. Yoxsa müraciət metodu ilə Qərbdən gələn tənqidlərin qarşısını almaq mümkün olmayacaq”.