Ictimai Palata aprelin 8-də keçirdiyi aksiyada növbəti mitinqinin keçiriləcəyi tarixi elan etdi. Aprelin 22-də keçiriləcək aksiyaya artıq hazırlıq işləri başlayıb. Son aksiyaya IP-nin son 3 gündə hazırlaşdığını nəzərə alsaq, hazırlıq prosesinin uzun müddətli olması heç şübhəsiz aksiyanın izdihamlılığına öz təsirini göstərəcək.
“AXCP aksiyaya hazırlıqla bağlı konkret fəaliyyət planı qəbul edib”
AXCP Ali Məclisinin sədri Həsən Kərimov bildirdi ki, bu məsələ partiyanın Rəyasət Heyətində müzakirə olunub və təşkilatın qarşıdakı həftələr üçün ən önəmli işi elan olunub. Bu baxımdan partiyanın bütün strukturlarının aksiyaya hazırlığa səfərbər olunduğunu deyən H.Kərimov vurğuladı ki, rayon şöbələrinə də müvafiq tövsiyələr verilib: “Müxtəlif sosial təbəqələrlə görüşlərin keçirilməsi, partiyanın rayon şöbələrinin genişləndirilmiş məclislərinin reallaşdırılması nəzərdə tutulub. AXCP aksiyaya hazırlıqla bağlı konkret fəaliyyət planı qəbul edib və ona uyğun olaraq aprelin 22-dək hazırlıqlar davam edəcək”.
“Çalışacağıq ki, KXCP-nin aksiyada iştirakı sonuncudan üç dəfə artıq olsun”
Müsavat başqanının müavini Tofiq Yaqublu isə bildirdi ki, hazırlıq işləri son aksiya başa çatdıqdan sonra bir müddət sonra yenidən başladı. IP tərəfindən aksiyaya rəsmi müraciət olunduqdan sonra aksiyaya hazırlıq işlərinin daha da sürətlənəcəyini deyən T.Yaqublu vurğuladı ki, son aksiyadakı bəzi çatışmamazlıqlar növbəti mitinqdə nəzərə alınacaq. “Bu dəfə aksiya üçün müraciət olunacaq yerlərin sayı üç olacaq. Bakı Şəhər Icra Hakimiyyətindən alınan cavab da öz növbəsində aksiyanın hazırlıq işlərinə öz təsirini göstərəcək”, – deyə T.Yaqublu vurğuladı.
KXCP sədrinin müavini Ədalət Yusibov vurğuladı ki, təmsil etdiyi partiya aksiyaya hazırlıq prosesinə başlayıb və bütün strukturlar mitinqə hazırlığı prioritet edib: “Çalışacağıq ki, KXCP-nin aksiyada iştirakı sonuncu dəfədən üç dəfə artıq olsun. Aksiyaya hazırlıq müddətinin uzun olması buna imkan verəcək. Düşünürəm ki, KXCP-nin əksər hissəsi də bu aksiyada iştirak edəcək”.
Xəyal