Hesablama Palatasının apardığı yoxlamalar zamanı bir neçə rayonun icra hakimiyyətində mənimsələr aşkarlanıb
Hesablama Palatası 2011-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı hesabatında bəzi icra hakimiyyətinlərində aparılan yoxlamalar zamanı aşkar edilən nöqsanlar da əksini tapıb. Hesabatda əsasən Suraxanı, Abşeron, Sabunçu və Imişli rayon icra hakimiyyətilərinin, həmçinin meriyanın adı var.
“Bizim Yol” qəzetinin yaydığı məlumata görə, Hesablama Palatasının apardığı tədqiqatlara görə, Suraxanı rayon Mənzil-Kommunal Təsərüfatı Birliyinə dövlət büdcəsindən ayrılan vəsaitlərdə mənimsəmə halları aşkar edilib. Birlik tərəfindən mənzil fondu üzrə gəlirlər az hesablanıb. Fond üzrə zərər məbləği artıq proqnozlaşdırılıb.
Abşeron rayon Icra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsindən “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitdə də korrupsiya halları aşkar edilib.
Icra hakimiyyətinin tabeliyində olan Xırdalan şəhəri üzrə nümayəndəliyi tərəfindən abadlıq işlərinin aparılması üçün müqavilə öhdəliyi və tender şərtlərinə riayət edilməyib.
Abşeron rayon Mənzil-kommunal Təsərrüfat Istehsalat Birliyi tərəfindən vergi uçotuna durmayan fiziki şəxslərlə müqavilə bağlanıb, müqavilə üzrə ödənilmiş icarə haqqı vergiyə cəlb edilib. Bununla dövlət idarəsi dövlət vergisindən yayınıb.
Aşkar olunan nöqsanlara görə Icra Hakimiyyətinə 170 min manatdan çox cərimə kəsilib.
Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində isə əməkhaqqı üzrə uçotda saxtakarlıq edərək 24 nəfər işçinin adına təkrar məvaciblər yazıblar.
Hesablama Palatası hesabatında idarənin tender fırıldağına da də yer ayırılıb. Hesabata görə, “Dövlət satınlamaları haqqında” qanunun tələbləri kobud şəkildə pozulub. Bir sıra hallarda satınalmanın ehtimal olunan qiyməti müəyyənləşdirilməyib. Satınalma prosesində materialın baha qiymətə alınması səbəbindən artıq büdcə vəsaiti ödənilib.
Imişli rayon Icra Hakimiyyətinin tabeliyində olan təşkilat və müəssisələrdə də korrupsiya faktları açıqlanıb. Məlum olub ki, rayondakı abadlıq işləri keyfiyyətsiz aparılıb. Yolların əsaslı təmir olunması, abadlıq işləri 2 halda tender təklifindən baha qiymətə yerinə yetirilib.
Bakı Şəhər Icra Hakimiyyəti aparatının saxlanılması üçün ayrılan büdcə vəsaitlərində də kifayət qədər mənimsəmə faktları aşkarlanıb. Belə ki, işçilərin adına yazılan saxta məzuniyyət haqları, dövlət sosial sığorta haqlarının ödənilməsindən yayınma halları aşkar edilib. Təqdim olunan hesabatlarda DSMF-nin hesabına artıq ödəmə göstərilsə də, illik maliyyə hesabatlarında həmin məbləğ debitor borc kimi əksini tapıb.
Eyni zamanda dövlət əsaslı vəsait qoyuluşundan istifadə zamanı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti ciddi qanun pozuntularına yol verib. Tender keçirilmədən satınalma müqaviləsi bağlanıb.
Aşkar olunan faktlar əsasında Bakı meriyasına 90 min manatdan çox cərimə tətbiq edilib.