Bu gün çiçək inqilabları dünyadakı dinc dəyişikliklərin simvoluna çevrilib. Bu köklü dəyişikliklər zamanı xalq arasında simvollaşan başqa bir atribut da var – musiqi. Biz bu örnəyi Ukraynanın, Gürcüstanın və Tunisin təcrübəsində gördük. Amma bilmədiyimiz bir örnək də var. Dünyada ilk “qərənfil inqilabı” 1974-cü ilin 25 aprelində Portuqaliyada “Eurovision” musiqi yarışmasının mahnısıyla başlanıb. Həmin gün heç bir zor işlədilmədən çevriliş baş verib və bu, diktatorluqdan demokratiyaya keçidin başlanğıcı olub.
Bu inqilab 24 aprel günü həmin tarixdə keçirilən “Eurovision” musiqi yarışmasında Portuqaliyanı təmsil edən Paulo de Carvalhonun “Və sonra vida” adlı mahnısınının səslənməsilə başlanıb. Sabahkı gün ümumxalq radiosunda Zeja Alfonsonun səsləndirdiyi başqa bir mahnı gizli siqnal olub və silahlı güclər hərəkətə keçərək bütün strateji məntəqələri tutub. Radioda küçəyə çıxmamaq barədə xəbərdarlıq verilsə də, xalq inqilabı dəstəkləmək üçün küçələrə axışıb. Bu zaman ələ keçirilən Lissabon çiçək bazarındakı qərənfillərin tankların lülələrinə taxılması bu inqilabın adını müəyyənləşdirib. Ölkənin tarixində yeni mərhələ açan 25 aprel indi Portuqaliyada Müstəqillik Günü kimi qeyd olunur.
Amma dinc inqilablar dünyada bir yenilik simvoluna çevrildiyi zamanda da bir çox xalqlar avtoritar rejimlərdən əzab çəkir. Suriyada qan su yerinə axır. Xalq qəddar rejimə qarşı nə qədər müqavimət göstərsə belə, onun zoru qarşısında gücsüzdür. Dünya bu vəhşəti dayandırmaq üçün yetərli səy göstərirmi? Əlbəttə ki, yox. Bugünlərdə suriyalı yazar Halit Halifenin dünyadakı dostlarına ünvanlanan məktubunu oxudum: “Mən bu sətirləri aralarında çoxlu sayda körpənin də olduğu 1000-dən çox insanımızın şəhid düşdüyü və yüzlərcə evin sakinlərinin başına yıxıldığı bir anda qələmə alıram. Dünyanın bu yaşananlar qarşısında korluğu qatil rejimə dinc inqilaba misli-bərabəri olmayan bir güc tətbiq etmək cəsarəti verib. Rusiya, Iran və Çinin bu rejimi açıqca dəstəkləməsi və dünyanın açıq-aşkar işlənən cinayətlər qarşısındakı səssizliyi 11 aydır xalqımın hər gün daha çox itki verməsinə səbəb olur…”
Halit Həlifənin bu təsirli məktubu insanın qəlbini qanadır. Gerçəkdən də, körpələrin güllələrə tuş gəldiyi yerdə sözün, qələmin gücü yetərsiz və aciz qalır. Onun bəhs etdiyi 1000 rəqəminin indi 10 mindən yuxarı çıxdığı söylənilir. Həlifə öz xalqının səsi olaraq dünyanı bu vəhşətə son qoymağa çağırır: “Mənim xalqım barış, qəhvə və musiqi xalqıdır. Ümid edirəm, bir gün bunları dadarsınız. Gülləri və nəfis rayihələrini bir gün qoxlarsınız. Ancaq bilməlisiniz ki, tam bu anlarda bir soyqırımdan söhbət gedir və bütün dünya tökülən qanımıza ortaqdır… Bilirəm, rus silahları, güllələri, şəhərlərimizi və insanlarımızı bombalayan tankları qarşısında mənim yazmağım çarəsizlik və əliyalınlıqdır. Amma yenə də könlüm sizin susqunluğunuzla xalqımın qətl edilməsinə suç ortaqlığı etməyinizə razı olmur…”
Bu məktub öz ölkəsində normal və dinc dəyişikliklər görmək istəyən hər kəs kimi məni də düşündürür. Hazırda “Eurovision”a ev sahibliyi edən Azərbaycan öz müstəqilliyini 20 il bundan əvvəl qazanıb. Amma onun da tam yeni bir idarəçiliyə ehtiyac duyduğu gün kimi aydındır. Azərbaycanı da barış və musiqi xalqı adlandırmaq olar. Dünya bu ölkədə 1992-ci ildə heç bir zorakılığa yol verilmədən dinc dəyişiklik edildiyini yaxşı xatırlayır. Əgər musiqi də bugünkü dünyanın yeni simasını müəyyən edən dinc dəyişikliklərin simvoluna çevrilibsə, belə bir şans öz ayağıyla qapımıza gəlib. Hökumət o şansı görməzliyə vurursa, onda xalq “Eurovision” musiqisindən öz haqq səsini dünyaya duyurmaq fürsətini qaçırmamalıdır. Mən nə zamansa Halit Həlifənin dünyaya ünvanladığına bənzər bir məktubun müəllifi olmaq istəmirəm…

Dinc dəyişikliklər musiqi və çiçəklə başlanır…
•