Nemət Əliyev: «Azərbaycan hökuməti özünün korrupsioner mahiyyətindən əl çəkə bilmir»
Dövlət büdcəsində əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş 5 mlrd.774 mln. manat bir neçə gün əvvəl Nazirlər Kabinetinin sərəncamı ilə aidiyyatı istiqamtlər üzrə yönəldildi. Dövlət investisiya xərclərinə görə, yenə birinci yerdə Nəqliyyat Nazirliyi gəlir. Bu il Ziya Məmmədovun sərəncamına 851,1 milyon manat veriləcək. Rabitə və Informasiya Texnologiyaları Nazirliyi isə ümumi vəsaitdən 10,7 milyon manat alacaq. Xarici Işlər Nazirliyi 133,8, Iqtisadi Inkişaf Nazirliyi 125,5, Fövqəladə Hallar Nazirliyinə 141,5, Dənizkənarı Bulvar Idarəsinə 180, “AZAL”a 232,6, “Azərenerji” ASC-yə 141,7, Bakı Metropoliten Idarəsinə 240, AzTV-yə 3 milyon manat pul ayrılıb. Məcburi Köçkünlərin Sosial Inkişaf Fonduna isə bu bölgüdən yalnız 412 min manat düşüb. Maraqlı ayrımlalardan biri Azad Olunmuş Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyə ayrılan vəsaitdir. Bu təşkilat 121 milyon manat pul alıb.
Büdcədən ayrılan vəsaitləri şərh edən AXCP Iqtisadi Komissiyasının sədri Nemət Əliyev bildirdi ki, hökumətin növbəti dəfə ənənəsinə sadiq şəkildə büdcə vəsaitlərini xərcləməsi təəccüblü deyil. N.Əliyevin sözlərinə görə, hakimiyyət yenə öz xarakterinə uyğun formada hərəkət edib: “Bu büdcədə əvvəlki illərin büdcəsi kimi korrupsiya yönümlüdür. Xərclər elə formada tərtib olunub ki, büdcədən pulu yayındırmaq asan olsun. Nəqliyyat Nazirliyinə növbəti dəfə bu qədər vəsaitin ayrılması yanlış addımdır. Çünki neçə illərdir ki, ölkə üzrə büdcədən ayrılan vəsaitlərdən təxminən hər il 20 faizə qədəri nəqliyyat sisteminə ayrılıb. Amma təxminən 2004-cü ildən bu yana invesitsiya xərclərinin böyük hissəsinin nəqliyyat sisteminə ayrılmasına baxmayaraq bu sektorda problemlər günü-gündən dərinləşir”.
Problemlərin dərinləşməsinin səbəbini Nəqliyyat Nazirliyinin ona ayrılan vəsaitlərdən səmərəli istifadə etməməsində görən N.Əliyev vurğuladı ki, ölkənin hava, dəmiryol və avtomobil nəqliyyatı ildən-ilə pisləşir. N.Əliyevin sözlərinə görə, belədə ortaya sual çıxır ki, bu qədər maliyyə vəsaitləri hara xərclənir: “Əgər bu vasitlər təyinatı üzrə xərclənirsə, nəyə görə bu sahədə köklü dəyişikliklərə nail olmaq olmur. Vəsaitlərin təyinatından yayındırılıb, ona görə biz vəsaitlərin nəticələrini görə bilmirik. Azərbaycan dövləti məsələnin bu tərəfinə diqqət ayırmalı idi”.
N.Əliyev eyni zamanda cəbhə bölgəsinə yaxın zonalara investisiya yatırılmasına da münasibət bildirdi. O, vurğuladı ki, bu anlaşılan addım deyil. Çünki hər an cəbhə bölgəsində vəziyyət dəyişə bilər. Bu zaman Azad Olunmuş Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyə ayrılan vəsaitin səmərəsiz olduğu görünər. N.Əliyev hesab edir ki, bu vəsaitləri Azərbaycan cəmiyyətinin daha çox əzab çəkdiyi hissəsinə ayırmaq lazımdır: “Bu bir daha göstərir ki, Azərbaycan hökuməti özünün korrupsioner mahiyyətindən əl çəkə bilmir. Büdcə vəsaitlərini bu dərəcədə sağa-sola xərcləyənlər əhalinin haqq elədiyini sovet dövründən qalma əmanətləri qaytarmağa xəsislik edirlər. Hakimiyyət heç zaman Azərbaycan vətəndaşlarının maliyyə durumunu düşünməyib. Iqtidarı düşündürən yalnız öz maddi maraqlarıdır. Hakimiyyət heç olmasa dünyada baş verənlərdən ibrət götürməlidir”.
Xəyal