AXCP sədrinin müavini ATƏT rəsmisi ilə nədən danışıb?

AXCP sədrinin xarici əlaqələr üzrə müavini Razi Nurullayev ATƏT-in Demokratikləşmə Şöbəsinin rəhbəri Nikolas Deçlə (Nicholas Detsch) görüşüb.
AXCP-dən verilən məluma görə, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub. Sədr müavini 8 aprel mitinqinə toxunaraq qeyd edib ki, İP-in 20-ci Sahəyə getməsi ölkədə sərbəst toplaşmaq hüququnun təsbit olunması anlamına gəlməməlidir. Sərbəst toplaşma azadlığı bütün dünyada müxalifətin yerli icra orqanlarına xəbərdarlıq göndərməsi ilə təsbit edilir və icazə almağa heç bir ehtiyac yoxdur.
ATƏT nümayəndəsi sərbəst toplaşma azadlığı haqqında beynəlxalq qanunlar və nümunələrin olduğunu vurğulayıb və hakimiyyətlə bu yöndə danışıqlar getdiyini deyib.
Görüşdə vicdan məhbusları və AXCP sədri Əli Kərimlinin qohumu Elnur Seyidovun həbsi məsələləri də müzakirə edilib.
E.Seyidovun həbsi ilə bağlı qeyd olunub ki, onun həbsində qaranlıq məqamlar var. Bundan başqa, səhhətində ciddi problemin olması faktı da ortadadır. Lakin, buna baxmayaraq, hakimiyyət onun zaminə buraxılmasına belə əngəllər törədir.
Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər barədə də fikir mübadiləsi aparılıb.