AXCP fəalına qarşı 15 sutkalıq həbs hökmü dəyişmədi

Bakı Apellyasiya Məhkəməsi İctimai Palatanın aprelin 8-də keçirilən mitinqinə çağırış vərəqələri yaydığına görə 15 sutka həbs cəzası alan gəncin hökmünü qüvvədə saxlayıb. Məlumatı “Media forum” saytına vəkil Əsabəli Mustafayev verib.

Vəkil bildirib ki, aprelin 13-də hakim Mirpaşa Hüseynovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Nihad Hüseynovun şikayətinə baxılıb. Prosesə Nihad Hüseynovu da gətiriblər: “Biz Zülfüqar Qubadov və Elnur Əsgərovun da işindən eyni vaxtda apellyasiya şikayəti vermişdik. Çünki bu gənclərin hamısı eyni məsələdə ittiham olunurlar. Amma məhkəməyə gedəndə məlum oldu ki, yalnız Nihad Hüseynovun şikayətinə baxılacaq. Nihad Hüseynov Səbail Rayon Məhkəməsinin qərarı ilə azadlıqdan məhrum edilib, Zülfüqar Qubadov və Elnur Əsgərov isə Binəqədi Rayon Məhkəməsinin. Görünür, Binəqədi məhkəməsi bizim şikayətləri Bakı Apellyasiya Məhkəməsinə göndərməyib.

Biz şikayətdə qeyd etmişdik ki, Nihad Hüseynov heç bir inzibati xəta törətməyib. Çünki icazəli mitinqə çağırış vərəqələri yaymaq inzibati xəta deyil. Mitinqə çağırış vərəqələri yaymaq qanunla qadağan deyil. Polis də bunu bildiyindən vərəqələr yayan gəncləri başqa ittihamla həbs edib. Tutulma protokolunda yazılıb ki, Nihad Hüseynov şəhərin mərkəzi küçəsində qışqıra-qışqıra danışırmış, söyüş söyürmüş. Polis əməkdaşları ona yaxınlaşıb söyüş söyməməyi tələb edib, amma Nihad Hüseynov buna tabe olmayıb, polisə müqavimət göstərib. Ona görə də Nihadı həbs ediblər”.

Vəkilin sözlərinə görə, həbs olunan gənci bir gecə qanunsuz olaraq polis idarəsində, dəhlizdə saxlayıblar, vəkillə təmin etməyiblər, ailəsi ilə əlaqə saxlamasına imkan verməyiblər: “Hətta inzibati xəta olubsa belə, məhkəmə ən sərt cəza verib. Belə inzibati xətaya görə 15 sutka ən ağır cəzadır. Nihad gəncdir, tələbədir, əvvəllər məhkum olunmayıb. Üstəlik, aprelin 6-da həbs olunsa da, məhkəmə onun cəzasını ayın 7-dən hesablayıb. Bu da qanunsuzdur. Biz bunların hamısını dedik, amma hakim heç birini nəzərə almadı”.

Hakim Mirpaşa Hüseynov Nihad Hüseynovdan peşman olub-olmadığını soruşub. Gənc isə hakimə cavab verib ki, heç bir cinayət, inzibati xəta törətməyib: “Nədən peşman olmalıyam? Axı mən heç bir cinayət törətməmişəm”.